Valideynlərim hicablı qız almağa icazə vermirlər. Belə halda mən nə etməliyəm?
Aleykum salam. Hər şeydən öncə onu deyək ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
Daha sonra siz çalışın ki, valideynlərinizi gözəl şəkildə tədricən başa salıb, onlarla əxlaqla rəftar edib, ədəblə və hikmətlə onları haqqa dəvət edəsiniz. Uca Allah buyurur: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yaxşı tanıyır". (ən-Nəhl, 125).
Onlara izah edin ki, hicab qadının isməti, namusu və zinətidir. Həmçinin, hicab Uca Allahın əmridir. Bundan əlavə onlara ayədə göstərilən şəkildə başa salın ki, onların ixtiyarı yoxdur ki, Uca Allahın əmrinə qarşı çıxmağa sizə nəsə deyib evlənməyinizə mane olsunlar. İnşallah siz onlara bu şəkildə izah etsəniz, Uca Allahın izni ilə valideynləriniz sizi başa düşər. Ola bilsin ki, bu bir müddət belə olsun, amma inşallah sonradan düzəlsin. Bütün bunlarla yanaşı Uca Allaha səmimi qəlbdən yalvararaq çoxlu dualar etməyi isə əsla unutmayın ki, bu işdə Allah Təala sizə yardımçı olsun. Həmçinin bunun üzərində səbr etmək lazımdır, çünki insanların qəlbləri Uca Allahın əlindədir.