Qarunun əhvalatı

    27.05.2014

Uca Allah Qurani Kərimdə insanlara ibrət olsun deyə Qarunun əhvalatı haqda xəbər verir. Allah buyurur: “Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi: "(Var-dövlətinlə) öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir. Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də başqalarına yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevmir".

Qarun dedi: "Bu mənə ancaq məndə olan biliyə görə verilmişdir". Məgər o bilmirdi ki, Allah ondan əvvəlki nəsillərdən, ondan daha qüvvətli və daha çox var-dövlət yığan kəsləri məhv etmişdir? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmaz (üzlərindən tanınarlar).

(Bir gün) Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər: "Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir".

Elm verilmiş kəslər isə dedilər: "Vay halınıza! İman gətirib yaxşı əməl işlədən kimsə üçün Allahın mükafatı daha xeyirlidir. Buna isə yalnız səbir edənlər nail olarlar".

Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.

Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər: "Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!"

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.

Kim Qiyamət günü yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər” (əl-Qasas, 76-84).
 

Paylaş: