Kəbənin bərpa edilməsi

    04.03.2024

Yer üzərində ibadət üçün tikilən ilk ev Kəbə olmuşdur. Uca Allah buyurur: “Həqiqətən, aləmlərə bərəkət və hidayət qaynağı kimi insanlar üçün ilk qurulan ev Bəkkədədir” (Ali-İmran, 96). Allah Elçisinin ﷺ otuz beş yaşı olarkən Qureyş Kəbəni yenidən inşa etməyi qərara aldı. Belə ki, Kəbə daş suxurlarından hazırlanmış və çox cılız görünürdü. İsmayılın dövründən qalan Kəbə doqquz dirsək hündürlüyündə olmaqla bərabər, tavanı da yox idi. İçəridəki xəzinə də oğurlanmışdı. Üstəlik, Kəbə qədim məbəd olduğu üçün müxtəlif yadellilərin təcavüzünə məruz qalmış, zamanla divarları köhnəlmiş və uçmuşdu. Peyğəmbərlik verilməmişdən beş il əvvəl Məkkəni basan sel Kəbəyə qədər çatmışdı. Bu vaxt Kəbə tamamilə dağılma təhlükəsi qarşısında qalmışdı. Qureyş Kəbənin mövqeyini qorumaq üçün onu yenidən tikmək məcburiyyətində idi. Camaat Kəbənin yenidən inşasında yalnız müsbət insanların iştirakı mövqeyində idilər. Lakin insanlar köhnə tikilini sökməkdən qorxurdular. İlk olaraq Valid ibn əl-Muğirə əl-Məxzumi “Allahım, biz yalnız xeyir istəyirik” deyərək ilk sütunu dağıtdı. Camaat bir gün gözlədilər ki, Vəlidin başına bir iş gəlsə, Kəbəni sökməyəcəklər. Yox, gecədən sağ-salamat çıxsa, onda Kəbəni bərpa edəcəklər. Səhərisi gün ona heç nə olmadığını görən camaat bir yerdə işə başladılar. Onlar Kəbəni sökərək deyirdilər: “Allahım, biz ancaq xeyir istəyirik!” Onlar İbrahimin qoyduğu sütunlara kimi Kəbəni sökdülər. Kəbənin sütunlarına dəvənin hörgücünü xatırladan və sanki bir-birinə bitişdirilmiş yaşıl daşlığa çatanda dayandılar. Kəbəni sökənlər arasında olan bir qureyşli iti daşı bir-birindən ayırmaq üçün lingi onların arasına saldı. Daşın biri yerindən oynayan kimi bütün Məkkə silkələnməyə başladı. Bununla da Kəbənin təməlini sökməyi dayandırdılar. (İbn Hişam, 2/16-17). Bu işdə Peyğəmbər ﷺ də Qureyşlilərə kömək edirdi. Rəvayət edilir ki, Cabir ibn Abdullah demişdir: “Kəbə (bərpa edilib) tikildikdə Peyğəmbər ﷺ və Abbas gedib (kürəklərində) daş daşıyırdılar. Abbas Peyğəmbərə dedi: “İzarını boynunun üzərinə qoy ki səni daşların sürtməsindən qorusun”. O da belə etdi. (Bu hadisə peyğəmbərlikdən qabaq idi). Bu vaxt Allah Elçisi ﷺ yerə yıxılaraq huşunu itirdi və gözləri səmaya dikildi. Sonra ayılaraq: “İzarım, izarım” dedi və izarını götürüb əyninə bağladı. Artıq həmin gündən sonra o heç vaxt çılpaq görünməmişdir”. (əl-Ğazali “Fiqhus-Sira” 1/79; əl-Buxari, 364, 3829; Muslim, 797).
Sonra onu yenidən tikməyə başladılar. Rum tacirlərindən birinin gəmisi dənizin Ciddə şəhəri yaxınlığındakı sahilə çırpılmış, gəmi sıradan çıxmışdı. Qureyşlilər Kəbənin damının örtülməsi üçün həmin gəminin taxtalarını götürüb Məkkədə yaşayan bir qibti dülgərə verdilər. Qibti də Qureyş tayfasına lazım olan şeyləri düzəltdi. (Abdur-Razzəq “Musannəf” 9106).
Tikinti Bəqum adında bizanslı memara həvalə edildi. Bütün tayfalar onun tikintisində canla başla çalışırdı. Inşa işi başa çatdıqdan sonra növbə Qara daşın yerinə qoyulmasına çatdıqda bu şərəf kimi layiq görüləcəyi barəsində fikir ayrılığı düşdü. Dörd-beş gün mübahisə getdikdən sonra Əbu Umeyyə ibn əl-Muğira əl-Məxzumi təklif etdi ki, bu vəzifə məscidin qapısından ilk girən ilk şəxs həvalə olunsun. Hamı bu təkliflə razılaşdı. Allah da gələcək elçisini o qapıdan daxil etdi. Qapıdan onun daxil olduğunu görən camaat dedi: “Biz razıyıq. Bu əmanətə sadiq olan Muhəmməddir”. Onlar mübahisə etdikləri məsələ haqda Allah Elçisinə ﷺ məlumat verdilər. Allah Elçisi ﷺ də dedi: ”Mənə bir parça gətirin!” Parçanı gətirdilər. O, qara daşı götürüb öz əlləri ilə parçanın ortasına qoydu, sonra dedi: ”İndi də qoy hər bir tayfa başçısı parçanın bir ucundan tutsun, sonra hamı birlikdə parçanı qaldırsın”. Elə də etdilər. Daşı öz yerinə yaxınlaşdırdıqları zaman Allah Elçisi onu öz əlləri ilə divara yerləşdirdi və məhlulla bərkitdi. (Abdur-Razzəq “Musannəf” 910; əl-Beyhəqi “Dələil ən-Nubuvvə” 1/90; Əhməd, 15543, 15589).
Qureyş Kəbənin şimal hissəsini altı dirsək uzatdı. Giriş qapısını da yerdən qaldırdı. Bu yalnız Qureyşin istədikləri adamların Kəbəyə daxil olması üçün edilən bir hərəkət idi.
Bu haqda hədislərin birində deyilir:
Rəvayət edilir ki, Aişə demişdir: “Mən Peyğəmbərdən ﷺ: “Divar* Kəbədəndirmi?”– deyə soruşdum. O: “Bəli”– dedi. Mən soruşdum: “Bəs nə üçün onlar bunu Kəbəyə birləşdirməmişlər?” O buyurdu: “Sənin həmtayfalarının buna maddi imkanı çatmamışdır”. Mən soruşdum: “Bəs nə üçün Kəbənin qapısını yuxarı qaldırmışlar?” O dedi: “Onlar bunu ona görə belə etmişlər ki, dilədikləri kimsəni (Kəbənin) içinə buraxsınlar, dilədiklərini də buraxmasınlar. Əgər sənin qövmün cahiliyyət dövrünə yaxın bir zamanda yaşamasaydı və (müqəddəs Evin quruluşunun dəyişilməsinin) onlarda nifrət oyadacağından qorxmasaydım, mən divarı Kəbəyə birləşdirər, qapını da yerdən qoyardım”. (əl-Buxari, 1584).
Aişə rəvayət edir ki, Peyğəmbər ﷺ ona demişdir: “Ey Aişə, əgər sənin qövmün cahiliyyət dövrünə yaxın bir zamanda yaşamasaydı, mən (müqəddəs) Evin uçurdulmasını əmr edərdim; sonra da ondan ayrılanı ona birləşdirər, qapını yerdən qoyar və Evə iki qapı – şərq və qərb qapısı qoyardım. Beləliklə də, onu İbrahimin qoyduğu binövrə əsasında tikərdim”. (əl-Buxari, 1586).
Tikili on beş dirsək hündürlüyünə ucalanda, altı sütuna söykənən tavan qoyuldu. Kəbənin tikilişini sona çatdıqdan sonra təxminən kvadrat formasını almışdı. Hündürlüyü on beş metrə, qara daşın olduğu tərəfin uzunluğu isə on metrə bərabər idi. Qara daş yerdən bir metr yarım hündürlüyündə olan məkana qoyulmuşdu. Qapı olan tərəfin uzunluğu isə on iki metr idi. Giriş qapısı da yeni yerdən iki metr hündürlüyünə ucaldılmışdı. (ət-Tabəri “Tarix” 2/289; İbn Hişam, 13-14).
 
* Divar deyildikdə Kəbənin yanında yerləşən yarımdairəvi şəkilli, hündür olmayan divar nəzərdə tutulur.

Paylaş: