əl-Buxarinin "Səhih" əsərində keçən 4458 saylı hədisin izahı nədir?
Və aleykum Salam. Qeyd etdiyiniz hədis həqiqətən əl-Buxarinin "Səhih" əsərində keçir və 4458 saylı hədisdir. Hədis sualda qeyd edildiyi kimidir:
Rəvayət edilir ki, Aişə (Allah ondan razı olsun) deyərdi: "Peyğəmbər ﷺ xəstələnərkən biz onun ağzına dərman qoyduq, lakin o, (başı ilə) bizə işarə edib dərman istəmədiyini bildirdi. Biz dedik: “Bu ona görədir ki, heç bir xəstə dərman xoşlamır.” Peyğəmbər ﷺ ayıldıqdan sonra dedi: “Məgər mən sizə işarə edib ağzıma dərman qoymağı qadağan etmədimmi?” Biz dedik: “Elə bildik ki, heç bir xəstə dərman xoşlamadığı kimi sən də xoşlamırsan”. Peyğəmbər ﷺ buyurdu: “Qoy evin içində olan hər kəsə gözümün qabağında dərman verilsin. Yalnız Abbasdan başqa. Çünki o burada yox idi".
Hədisin aşıqlaması belədir:
Peyğəmbər ﷺ vəfat etməzdən əvvəl xəstələnmişdi. Bu xəstələlik ağır olduğu üçün o tez-tez özündən gedərdi. Aişə (Allah ondan razı olsun) və evdə olan digərləri onun adi xəstəlik olduğunu zənn edirdilər və elə bilirdilər ki, dərman vasitəsilə bu xəstəliyi müalicə etmək mümkündür. lakin Peyğəmbər ﷺ bilirdi ki, bu əcəldir və bu xəstəlik sağalmayacaq. Peyğəmbərin ﷺ halı pisləşdikdə Aişə (Allah ondan razı olsun) onun ağzına dərman qoydu, lakin Peyğəmbər ﷺ işarə edərək bunu etməməyi buyurdu. Onlar isə elə zənn etdilər ki, Peyğəmbər ﷺ sadəcə dərmanı istəmədiyinə görə etiraz edir. Onun etirazına rəğmən onlar Peyğəmbərin ﷺ ağzına dərmanı qoydular. Peyğəmbər ﷺ özünə gəldikdən və yaxşılaşdıqdan sonra onun əmrindən çıxdıqları üçün bunu edənləri və onların yanında olanları cəzalandırmaq üçün: "Qoy evin içində olan hər kəsə gözümün qabağında dərman verilsin!" - dedi.