Həzrəti Əlinin (Allah ondan razı olsun) içki içdiyi barədə hədis doğrudurmu?
Və aleykum Salam. Bəli, hədislərdə Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) içki haram olmazdan əvvəl içki içməsi qeyd olunur. Lakin Möminlərin əmiri Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) içki içməsi heç də onun üçün qəbahət sayılmır və onun şənini aşağı salmır, çünki bu, içki haram olmazdan əvvəl idi. Səhabələr Allahın əmrlərinə ən çox tabe olan insanlar idi. İçki haram olduqdan sonra isə Əli (Allah ondan razı olsun) digər səhabələr kimi dərhal içkini tərk etdi.
Oxşar hədisi İbn Kəsir (Allah ona rəhmət etsin) özünün "Əzəmətli Quranın Təfsiri" kitabında "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, eləcə də cunub olduğunuz halda, – yolüstü keçən istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın" ən-Nisa surəsi 43-cü ayənin nazilolma səbəbi kimi rəvayət etmişdir. İbn Kəsir (Allah ona rəhmət etsin) demişdir:
"Bu ayənin (ən-Nisa, 43) başqa bir nazilolma səbəbi budur: İbn Əbu Hatim (Allah ona rəhmət etsin) rəvayət edir ki, Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Bir dəfə Abdur-Rahmən ibn Auf bizi yeməyə dəvət etdi. O bizə şərab süzdü və bu içki bizi sərxoş etdi. Namaz vaxtı çatdıqda filankəsi imam olaraq irəli çəkdilər və o, "əl-Kəfirun" surəsini səhv oxuyaraq "Qul yə: əyyuhəl-kə:firu:n. Mə: əbudu mə: təbudun. Və nəhnu nəbudu mə: təbudu:n" (De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, biz sizin ibadət etdiklərinizə ibadət edirik”) - dedi. Bundan sonra Uca Allah “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın” ayəsini nazil etdi”. (İbn Əbu Hatim, 5352; ət-Tirmizi, 3300). Hədisi ət-Tirmizi (Allah ona rəhmət etsin) də rəvayət etmiş və “həsən-səhih” olduğunu bildirmişdir.
İbn Cərir (Allah ona rəhmət etsin) eyni hədisi Əlidən (Allah ondan razı olsun) belə rəvayət etmişdir: “Əli, Abdur-Rahmən və başqa bir kişi şərab içmişdilər. Abdur-Rahmən onlara namaz qıldırdı və namazda “əl-Kəfirun” surəsini oxudu, lakin ayələri qarışdırdı. Bu səbəbdən “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər, ...namaza yaxınlaşmayın” ayəsi nazil oldu”. (ət-Tabəri, 9524, 9577). Hədisi Əbu Davud və ən-Nəsəi (Allah onlara rəhmət etsin) də rəvayət etmişlər. (Əbu Davud, 3673; ət-Tabəri, 9524)". Həmçinin oxuyun: