Allahın ad və sifətləri arasında nə fərq vardır?

    05.06.2014
Sual: 
Salam. Allahın ad və sifətləri arasında nə fərq vardır?
Cavab: 

Aleykum salam. Uca Allahın ad və sifətlərinə and içmək və sığınmaq olar. Bu baxımından onlar müştərək sayılırlar. Lakin, bunlar arasında fərqlər var və ən önəmli fərqlər aşağıdakılardır. Birinci: Uca Allahın adları ilə dua etmək və bu adların əvvəlinə "Abd" sözünü əlavə edib, insana ad qoymaq icazəlidir. Amma sifətlər ilə bunu etmək olmaz. Məsələn, "əl-Kərim" adından "Əbdul-Kərim" adı qoymaq olar, amma "əl-Kərəm" sifətindən "Əbdul-Kərəm" adı düzəltmək olmaz. Həmçinin "əl-Kərim" adını "Ey Kərim olan Allah" deyərək, dua etmək olar. Amma "əl-Kərəm" sifətini "Ey Allahın kərəmi" deyib, dua etmək olmaz. İkinci: Uca Allahın adlarından sifət düzəltmək olar. Məsələn: "ər-Rahmən" adından rəhmət sifəti düzəltmək olar. Lakin, Allah Təalanın sifətlərindən şəriətin demədiyi adları düzəltmək olmaz. Məsələn, istiva (ucalmaq) sifətindən "əl-Mustəvi" (ucaldan) adı düzəltmək olmaz. Üçüncü: Uca Allahın fellərindən şəriətin demədiyi adları düzəltmək olmaz. Uca Allahın fellərindən biri qəzəblənmək felidir. Amma bu feldən "əl-Ğadib", yəni qəzəblənən adı düzəltmək olmaz. Allah Təalanın sifətlərini isə, fellərindən düzəltmək olar. Qəzəblənmək sifətini Uca Allaha nisbət edirik. Çünki qəzəblənmək Onun fellərindən biridir. 

Paylaş: