Üç il gizli dəvət

    11.05.2024

“əl-Muddəssir” surəsinin ilk ayələrinin nazil olmasından sonra Allah Elçisi  insanları Allahın dininə dəvət etməyə başladı. Onun qarşısında cahil va kobud bir qövmü dəvət etmək vəzifəsi dururdu. Cahil ərəblər bütlərə ibadət edir və özlərini haqlı çıxarmaq üçün atalarının da onlara tapındığını bəhanə gətirirdilər. Əxlaq anlayışı çərçivəsində quru bir şərəf anlayışından başqa heç bir şeyləri yox idi. Problemlərinin həlli yolunu ancaq qılıncda görürdülər. Bu hallar bütün Ərabistan yarımadasını bürümüşdü. Başlanğıcda dəvətin gizli olması da Allahın hikmətindən irəli gəlirdi. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/55).

İslamın ilk günlərində başqa heç bir ibadət, əmr və ya qadağa yox idi. Vəhy nazil olur və tövhidin müxtəlif yönləri izah olunurdu. Allah Elçisi ﷺ onları nəfslərini tərbiyələndirməyə və gözəl əxlaq sahibi olmağa sövq etdiyi kimi, Cənnət və Cəhənnəm haqqında da söhbət edirdi. İlk mübarək ayələr qəlbləri açıb ruhları bəsləyən gözəl mövzuları ehtiva edirdi. Bu din insanları bəşər cəmiyyətinin o vaxtkı bataqlığından yavaş-yavaş dartıb çıxardırdı. Beləcə, üç il keçdi. Dəvət gizli olaraq tək-tək aparılır, insanların sıx yığışdıqları yerlərdə açıqlanmırdı. Qureyşlilər yavaş-yavaş vəziyyətdən xəbərdar olmağa başladılar. Qureyşin bəziləri dəvəti inkar edib müsəlman olanlara əziyyətlər vermələrinə baxmayaraq, bu məsələyə o qədər də əhəmiyyət vermirdilər, çünki hələ Allah Elçisi ﷺ onların batil dinləri və saxta ilahları haqda heç bir şey danışmamışdı. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/57; ən-Nəcdi “Muxtəsərus-Sira” səh. 88).
Allah Elçisi İslama dəvətə ailəsindən və ən yaxın dostlarından başladı. Allah Elçisinin xeyirxah sifətlərlə və haqqın tərəfdarı kimi tanıdığı insanlar onun dedikərini heç bir şübhə və tərəddüd etmədən qəbul etdilər. Çünki, onlar da onu doğru və xeyirxah insan kimi tanıyırdılar və heç vaxt ondan yalan görməmişdilər. Bu çağınşa ilk cavab verənlər İslam tarixində “ilk müsəlmanlar” adlanırlar. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/56).
Onlar dörd nəfərdir:
Qadınlardan Xədicə bint Xuveylid;
Uşaqlardan Əli ibn Əbu Talib;
Kölələrdən Zeyd ibn Harisə;
Kişilərdən Əbu Bəkr əs-Siddiq.

Ardı var...
Paylaş: