İslamın əvvəlində namaz necə qılınırdı?
İlk nazil olan hökmlər namaz qılmağı əmr edirdi. Rəvayət edilir ki, Allah Elçisinə ﷺ namaz ilk dəfə fərz olunanda onun yanına Cəbrail gəldi. Bu zaman Allah Elçisi ﷺ Məkkənin yuxarı hissəsində idi. Cəbrail vadi tərəfdə dayanıb dabanını yerə vurdu, həmin yerdən su çıxdı. Cəbrail dəstəmaz aldı, Allah Elçisi ﷺ isə ona baxırdı ki, görsün namaz üçün necə dəstəmaz almaq lazımdır. Sonra Allah Elçisi də Cəbrail kimi dəstəmaz aldı. Cəbrail onun yanında dayanıb namazı necə qılmağı göstərdi. Allah Elçisi onun göstərdiyi kimi namaz qıldı. Bundan sonra Cəbrail qeyb oldu. Bundan sonra Allah Elçisi evə gəlib Xədicənin yanında Cəbrailin göstərdiyi kimi dəstəmaz aldı. Xədicə da Allah Elçisinin göstərdiyi kimi dəstəmaz aldı, sonra Allah Elçisi Cəbrailin göstərdiyi kimi namaz qılmağı ona göstərdi. Xədicə də onun kimi namaz qılmağa başladı. (İbn Hişam, 2/82-83).
İbn Həcər qeyd edir ki, Allah Elçisi və onun səhabələri meracdan əvvəl az-az namaz qılırdılar. Deyilənə görə, ilk müsəlmanlar günəş çıxarkən və batarkən fərz namazlarını qılırdılar. İbn Abbas demişdir: “Bu, vacib olunan ilk ibadət idi”. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/57.
Rəvayət edilir ki, Allah Elçisinin ﷺ səhabələri namaz qılmaq istədikdə Məkkənin dağlarında xəlvəti yerlərə çəkilir, öz tayfalarının adamlarından gizli namazlarını qılardılar. Bir gün Səd ibn Əbu Vəqqas Allah Elçisinin ﷺ bir dəstə səhabəsi ilə birlikdə Məkkənin vadilərindən birində namaz qılırdı. Bir dəstə müşrik namaz qılanları görüb onları təhqir etməyə başladı. İnsanlar arasında çaxnaşma düşdü. Bu zaman Səd ibn Əbu Vəqqas müşriklərdən birini dəvə kəlləsi ilə vurub yaraladı. Bu, İslam yolunda axıdılan ilk qan oldu. (İbn Hişam, 2/98; əl-Hakim, 6169).