Hədisi rəvayət edən ravinin mötəbər və ya zəif olması barədə ixtilafın səbəbi nədir?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, hədisləri rəvayət edən ravilər barədə kitablar müxtəlifdir. Bəzi alimlər ravi barədə geniş məlumat verir, bəziləri isə qısa məlumat verir. Alimlərin hər hansı bir ravi barədə fikir ayrılığında olması başqa səbəblərdən qaynaqlanır. Alimlərin hər hansı bir ravi barədə rəyləri onların şəxsi ictihadlarından və ravi barədə onlara çatan məlumatlardan asılı olur. İmam əl-Munziri (Allah ona rəhmət etsin) alimlərin bu ixtilafı barədə belə deyir: "Hədis alimlərinin ravi barədə ixtilafı fiqh alimlərinin hər hansı bir fiqhi məsələdə ixtilafı kimi, onların ictihadına qayıdır. Məsələn, əgər hakimin yanında bir insan barədə mənfi fikir söylənərsə, hakim ictihad edərək bu şahidliyin həmin insan barədə hökm verməyə kifayət edib-etməməsinə qərar verəcək. Hədis alimləri də belədir. Bir hədis barədə hökm vermək istədikdə hədisi rəvayət edən ravi barədə ona nəql olunan məlumatın hədisin səhihliyinə təsir edib-etməyəcəyi barədə ictihad edir".