Allah Elçisinin ﷺ öz tayfasını açıq şəkildə dəvət etməsi
Allah Elçisinə ﷺ peyğəmbərlik verildikdən və gizli dəvət getdikdən sonra artıq kişi və qadınlar İslamı dinini dəstə-dəstə qəbul etməyə başlamışdılar. İslam haqda söhbətlər bütün Məkkəni dolaşmışdı. İnsanlar hər yerdə yalnız bu dindən danışırdılar. Peyğəmbərliyin verilməsindən üç il sonra Uca Allah Öz Elçisinə ﷺ tayfasının qarşısına çıxmağı, Allah tərəfindən ona nazil edilən vəhylər və peyğəmbərlik barəsində açıq danışmağı buyurdu. (İbn Hişam, 2/97). Bundan sonra Allah bu əmri nazil oldu: “Sənə buyurulanı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər!” (əl-Hicr, 94). Allah Elçisi ﷺ də Bəni Haşim və Bəni Muttalibdən ibarət təxminən qırx beş nəfərə yaxın qohum və tanışını bir yerə yığaraq buyurdu: “Həmd Allaha maxsusdur. Ona həmd edir, Ondan kömək diləyirəm. Ona inanıram və Ona təvəkkül edirəm. Şəhadət verirəm ki, Ondan başqa ibadətə layiq mabud yoxdur, O, təkdir, şəriki yoxdur. Bundan sonra: Rəhbər olan öz camaatını aldatmaz. Ondan başqa ibadətə layiq məbud olmayan Allaha and olsun ki, mən xüsusi olaraq sizə, ümumən isə bütün insanlara Allah tərəfindən göndərilmiş elçiyəm. Allaha and olsun ki, yuxuya getdiyiniz kimi öləcək, oyandığınız kimi yenidən diriləcəksiniz və etdiyiniz əməllərə görə hesaba çəkiləcəksiniz. Nəticə, ya əbədiyyən Cənnət, ya sonsuza qədər Cəhənnəm olacaq”. Əbu Ləhəb istisna olmaqla Allah Elçisinin ﷺ bütün qohumları və tanışları onun bu çağırışını yumşaq qarşıladılar. Əbu Talib isə dedi: “Allaha and olsun! Biz sağ qaldıqca onu qoruyacağıq. Əmr olunduğun kimi et! Vallahi, daima gözüm üzərində olacaq. Ancaq Abdul-Muttalibin dinini tərk etmək mənim üçün çətindir”. (İbn əl-Asir “Kamil” 1/584-585; əl-Hakim, 1371). Əbu Ləhəb yenə qarşı çıxdı. Bu vaxt Allah Elçisinin ﷺ bibisi Safiyyə Əbu Ləhəbə dedi: “Bu sənin qardaşın oğludur. Sənə onu tək qoymaq yaraşarmı? Əvvəlki alimlər xəbər veriblər ki, bizim qövmümüzdən peyğəmbər çıxacaq”. Əbu Ləhəb dedi: “Vallahi, bu batil sözlərdir. Qadınların sözünəmi inanacaqsınız? Əgər biz bunu qəbul etsək ərəblər bizə qarşı çıxıb bizi məhv edərlər. Bizim vuruşmağa gücümüz yoxdur”. Əbu Talib dedi: “Vallahi, nə qədər ki sağıq onu qoruyacağıq!” (əl-Kamil “ət-Tarix” 1/660).
Bundan sonra Peyğəmbər ﷺ Səfa dağının zirvəsinə çıxıb “Ya Sabahah” deyərək nida etməyə başladı. Bu kəlmə düşmən hücumunu və ya çox mühüm hadisəni bildirmək üçün istifadə edilirdi. Bu haqda İbn Abbas (Allah ondan razı olsun) bunları demişdir: “Bu: “Ən yaxın qohumlarını – içərilərindən ən səmimi olanlarını, – qorxut!” (əş-Şuəra, 214) ayəsi nazil olduqda Allah Elçisi ﷺ evindən çıxdı. Gəlib Səfa dağına qalxdı və: “Haydı, canınızı qurtarın!”– deyə qureyşliləri səsləməyə başladı. Bəziləri: “Bu qışqıran kimdir?”– deyə soruşdular. Digərləri: “Muhəmməddir”– dedilər və onun yanına toplanmağa başladılar. Peyğəmbər ﷺ gah ümumiləşdirərək, gah da xüsusiləşdirərək belə buyurdu: “Ey Kəb ibn Luey oğulları! Canınızı oddan qurtarın! Ey Murra ibn Kəb oğulları! Canınızı oddan qurtarın! Ey Abduşəms oğulları! Canınızı oddan qurtarın! Ey Abdumənaf oğulları! Canınızı oddan qurtarın! Ey Haşim oğulları! Canınızı oddan qurtarın! Ey Abdul-Muttalib oğulları! Canınızı oddan qurtarın...!” (Muslim, 522). Ey Abdul-Muttalibin oğlu Abbas, mən səni Allahın əzabından qurtara bilməyəcəyəm. Ey Peyğəmbərin bibisi Safiyyə, mən səni Allahın əzabından qurtara bilməyəcəyəm. Ey Allah Elçisinin ﷺ qızı Fatimə, məndən nə istəyirsənsə, istə. Mən səni Allahın əzabından qurtara bilməyəcəyəm!” Hamısı onun yanına toplandıqda Allah Elçisi ﷺ buyurdu: “Deyin görək, əgər mən sizə bu dağın ətəyindən bir dəstə atlı çıxıb üstünüzə hücum edəcəyini xəbər versəm, mənə inanarsınızmı?” Onlar: “Biz səndən yalan eşitməmişik”– deyə cavab verdilər. Allah Elçisi ﷺ buyurdu: “Mən sizi gələcək şiddətli əzabla qorxudan bir peyğəmbərəm”. Əbu Ləhəb dedi: “Ölüm olsun sənə! Bizi buna görəmi yığmısan?” Elə bu səbəbdən də bu surə nazil oldu: “Əbu Ləhəbin əlləri qurusun, artıq qurudu da!” (əl-Məsəd, 1)”. (Burda bir neçə hədisi bitişik qeyd etmişik: Bax: Muslim, 529).
Camaat Allah Elçisini ﷺ dinlədikdən sonra çıxıb getdilər. Bu xütbə onlar üçün son dərəcə aydın xəbərdarlıq oldu. Allah Elçisi ﷺ öz qövmünə izah etdi ki, ərəblərin qoruduğu qəbilə təəssübkeşliyi Allah tərəfindən gələn xəbərdarlığın hərarətində əriyib yox olmağa məhkumdur. Açıq dəvət başladıqdan sonra Allah Elçisi ﷺ insanları, onların sıx toplaşdığı yerlərdə açıq şəkildə dəvət etməyə başladı. O, çəkinmədən camaatın gözü qarşısında ibadət edir, Kəbədə namaz qılır, insanlara Allahın Kitabını oxuyur və onlara keçmiş peyğəmbərlərin öz qövmlərinə dediyi sözləri deyirdi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur!” (əl-Əraf, 59). Onun dəvəti getdikcə genişlənirdi. İnsanlar bir-bir tək-Allahlılıq dininə daxil olurdular. Bütün bunlara görə iman edənlərlə müşriklər arasında soyuq münasibətlər yaranırdı. Belə ki onlar müsəlmanlara əziyyət verməyə başlamışdılar. (əl-Mubarakfuri “ər-Rahiqul-Məxtum” 1/60).