Qureyşlilərin Həccə gələnləri Peyğəmbərdən ﷺ çəkindirmələri

    21.07.2024

İkrimə S rə­vayət edir ki, Vəlid ibn əl-Muğira Peyğəm­bə­rin ﷺ yanına gəlib onun oxuduğu Quranı dinlədi və sanki ona olan sərt münasibəti yumşaldı. Bu xəbər gedib Əbu Cəhlə çatdıqda o, Vəlidin yanına gəlib dedi: “Ey əmi! Qövmün pul toplayıb sənə vermək istə­yir”. Vəlid: “Nə üçün?”- deyə soruşduqda o dedi: “Çünki sən Muhəmmədin də­və­tini qəbul edib dədə-babalarının dinindən dönmüsən”. O dedi: “Qureyş qə­bi­ləsi mənim var-dövlə­timin hamısından çox olduğunu yaxşı bilir”. Əbu Cəhl dedi: “Elə isə bir söz de, qövmün də bilsin ki, sən onun dəvətini inkar edir­sən!” O dedi: “Mən nə deyim! Allaha and olsun ki, şeir və onun vəznlərini, qə­si­dələri və cinlərə məxsus şeirləri məndən yaxşı bilə­niniz yoxdur! Allaha and olsun ki, onun dedikləri bunlardan heç birinə bənzəmir! Allaha and olsun ki, onun dediyi sözlər çox şi­rin, məlahətli, cazibədar və əvvəlindən axırına qədər səmərəli və bərəkətli olan sözlər­dir. Bu sözlər yaradılmışlar tərəfindən deyi­lən­lərin hamısını üstələyir və onları puç edir. Onu isə heç nə üstə­ləmir”. Əbu Cəhl dedi: “Onun dəvətini inkar etməyincə qövmün səndən razı qalmayacaq!” O dedi: “Dayan, bir az fikirləşim!” O, bir az fikirləşib dedi: “Həqiqətən, bu, bir sehrdir! O, bununla ha­mı­nı ovsunlayır!” Uca Allah da bu ayələri nazil etdi: “Məni yaratdı­ğım kimsə ilə tək burax; Mən ona çoxlu var-dövlət ba­ğış­ladım, qayğısına qalan oğullar verdim...” (əl-Muddəssir, 11-13)”. (Abdur-Razzəq “Təfsir” 3383; əl-Beyhəqi “Dələ­ilun-Nubuvvə” 1/556).
Bu ayələrin tamamı belədir: “Məni yaratdı­ğım kimsə ilə tək burax; Mən ona çoxlu var-dövlət ba­ğış­ladım, qayğısına qalan oğullar verdim və onu hər cür imkan­larla təmin etdim. Bunlara baxmayaraq, o, ye­nə də əlavə etməyimi arzu­layır. Xeyr! Çünki o, ayələri­mizi inadla inkar edir. Mən onu sərt bir yoxuşa sürük­lə­yəcəyəm. Çünki o, fikirləşərək qə­rara gəldi. Ona ölüm olsun! Necə qərara gəldi?! Sonra yenə ona ölüm ol­sun! Gör nə qərara gəldi?! Sonra o nəzər saldı. Üz-gözünü turşudub qaş­qabağını tökdü. Sonra da arxasını çevi­rib təkəb­bür göstərdi və dedi: “Bu, sehrbaz­lar­dan eşidi­lib təkrarlanan sehr­dən baş­qa bir şey de­yil! Bu, adi insan kəlamıdır!” (əl-Muddəssir, 11-25).
Qureyşilər arasında ən yaşlı olan Vəlid ibn əl-Muğira Həcc mövsümü başlananda bir dəstə qureyşlini ətrafına toplayaraq dedi: “Ey Qureyş! Artıq Həcc mövsümü yetişdi, yanınıza dəstə-dəstə ərəblər gələcək. Onlar sizin içinizdən olan bu adamın əməllərindən xəbərdardırlar. Gəlin, onun barəsində ziyarətə gələnlərə nə deyəcəyimiz haqqında düşünək. Birimiz bir şey, o birimiz isə başqa şey deyib bir-birimizin əleyhinə getməyək, bir-birimizin yalanını çıxarmayaq. Ey Əbu Abduşşəms! Bu barədə fikrin nədir, söylə!” Əbu Abduşşəms dedi: “Əvvəl hər kəs öz fikrini bildirsin, mən isə hələ ki dinləyəcəyəm”. Qureyşlilər dedilər: “Gəlin, deyək ki, o kahindir”. Vəlid ibn əl-Muğira dilləndi: “Yox, vallahi, o kahin deyil. Biz kahinləri görmüşük. Onun dedikləri nə kahin ovsunudur, nə də qafiyəli sözlər”. Qureyşlilər dedilər: “Gəlin, deyək ki, o dəlidir”. Vəlid ibn əl-Muğira yenə etiraz etdi: “Xeyr, onunku dəlilik də deyil. Biz dəliliyi də görmüşük və onun nə olduğunu bilirik, onda nə boğulma, nə öz-özünə danışma, nə də əsməcə vardır”. Qureyşlilər dedilər: “Onda gəlin deyək ki, o şairdir". Vəlid ibn al-Muğira dedi: “Yox, o şair də deyil. Biz şeirin rəcəzinə də, həzəcinə də, qərizinə də, məqbuzuna da, məbsutuna da bələdik. O şair deyil!” Qureyşilər dedilər: “Gəlin deyək ki, o sehrbazdır”. Vəlid dedi: “Xeyr, o sehrbaz da deyil. Biz sehrbazları da, onların ovsununu da görmüşük. O iplərə düyün vurub onlara tüpürmür. Qureyş soruşdu: “Bəs, onda biz nə deyək, ey Əbu Abduşşəms?” Əbu Abduşşəms dedi: “Allaha and olsun, onun dedikləri qollu-budaqlı xurma ağacının şipşirin salxımına bənzəyir. Siz onun barəsində bunlardan heç birini deyə bilməzsiniz, çünki bu yalan olar. Amma desəniz ki, “o, sehrbazdır, insanı atasından, qardaşından, arvadından, qohum-əqrabasından ayırandır” bu daha inandırıcı olar”. Bu fikirlə də qureyşlilər dağılışdılar. Onlar yol kənarlarında oturur, Həcc ziyarətinə gələn insanlara Muhəmməd və onun əməli barəsində danışmadan bir kimsəni buraxmırdılar. (İbn Hişam, 2/105-107).
Qureyşlilər müxtəlif tayfalardan olan və İslamı qəbul etmiş Allah Elçisinin ﷺ səhabələrinə qarşı çıxmağa başladılar. Bütün tayfa müsəlmanları sıxışdırmağa, onları öz dinlərindən üz çevirməyə məcbur etməyə çalışırdı. Allah Öz Elçisini əmisi Əbu Talib vasitəsilə qorudu. Əbu Talib qureyşlilərin Haşim ve Muttalib tayfasına qarşı düşmənçiliyini görüb öz adamlarını topladı, onları da özü kimi Peyğəmbəri ﷺ müdafiə etmaya çağırdı. İnsanlar Əbu Talibin bu çağırışına cavab olaraq onun ətrafında birləşdilər. Bu çağırışın əleyhinə yalnız Allahın lənətlənmiş düşməni olan Əbu Ləhəb çıxdı. (İbn Hişam, 2/104).
Beləcə, həmin bu adamlar rastlaşdıqları hər bir kəsə Allahın Elçisi haqqında yalan məlumatlar verməyə başladılar. Həcc ziyarətindən evlərinə qayıdan ərəblər Allahın Elçisinin əməlindən agah oldular və artıq onun haqqında xəbərlər bütün Ərəbistana yayıldı. (İbn Hişam, 2/107-108).
Rəvayət edilir ki, Tariq əl-Muharibi demişdir: “Bir dəfə mən Allah Elçisini ﷺ (Məkkənin) Zi-Məcəz bazarında gördüm. Üzərində qırmızı bir paltar var idi. O: “Ey insanlar! Lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq məbud yoxdur) deyin və xilas olun!” deyirdi. Bir kişi də onu arxadan izləyib ona daş atırdı. Allah Elçisinin ﷺ ayaqları baldırından topuqlarına qədər qan içində idi. Kişi deyirdi: “Ey insanlar! Ona itaət etməyin, o yalançıdır!” Mən: “Bu (Peyğəmbər) kimdir?” deyə soruşduqda, mənə: “Bu, Bəni Abdul-Muttalibin uşağıdır” dedilər. “Arxasında onu daşa basan kimdir?” dedikdə, “Bu, onun əmisi Abduluzaa Əbu Ləhəbdir” dedilər...”. (İbn Hibban, 6562; İbn Xuzeymə, 159).
 

Paylaş: