Ələvilər kimlərdir?
Və aleykum Salam. "Ələvilər" hicri təqvimlə 3-cü əsrdə (miladi 9-cu əsrdə) peydə olan bir azmış firqədir. Bu firqənin mənsubları əvvəllər "Nuseyriyyə" adlanırdı sonradan öz əsl əqidələrini gizlətmək, insanları aldadıb gözlərinə pərdə asmaq üçün özlərini Əliyə (Allah ondan razı olsun) nisbət edərək "Ələvi" adlandırdılar. Nuseyrilər müsəlman sayılmır. Müasir Ələvilər (Nuseyrilər) əsasən Suriya ərazisində yaşayırlar. Qeyd etmək lazımdır ki, bir çox başqa ölkələrdə yaşayan ələvilər "nuseyrilər" kimi deyillər və İslamda olan batil firqələrdən biri sayılırlar. Bu firqə Əlinin (Allah ondan razı olsun) Allah olduğunu iddia edir. Bu firqənin banisi peyğəmbərlik iddia edən Muhəmməd ibn Nuseyr əl-Bəsri ən-Numeyri (hicri 270-də vəfat edib) olmuşdur. Ələvilərin əsas fikirləri və etiqadı aşağıdakılardan ibarətdir:
- Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) Allah olduğunu iddia edirlər.
- Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) öldürən Abdur-Rahmən ibn Mulcəmi sevirlər və onun adı çəkiləndə "Allah ondan razı olsun" deyirlər. İddialarına görə, o, Əlini öldürməklə ilahın insan bədənindən ayrılmasına səbəb olmuşdur. Ona lənət oxuyanın günah etdiyini iddia edirlər.
- Bəzilərinin iddasına görə Əli (Allah ondan razı olsun) onu həbs edən bədənindən azad olduqdan sonra buludlarda məskunlaşmışdır və hər dəfə bulud keçdikdə "Əssələmu aleykə, yə Əbəl-Həsən" (Sənə salam olsun, ey Əbul-Həsən) deyirlər. İddia edirlər ki, ildırım onun səsi, şimşək isə qamçısının səsidir.
- Sərxoşedici içkiləri halal görürlər, məhz buna görə də üzüm ağacını müqəddəs sayırlar.
- Namazları müsəlmanların namazlarından tam fərqlidir, belə ki, namazlarında səcdə etmirlər.
- Həcc etmirlər, əksinə həcc etməyi küfr və bütlərə ibadət görürlər.
- Zəkatın vacibliyini inkar edirlər. Zəkat əvəzinə öz başçılarına qazanclarının beşdə birini verirlər.
- Onlara görə, oruc yalnız Ramazan ayı boyunca qadınlarla yaxınlıq etməyi tərk etməkdir.
- Onlara görə İslamın ərkanlarının, habelə, dəstəmazın, qüslün və s. ibadətlərin müsəlmanların bilmədikləri batini mənası var.
- Əqidələrinə digər batil dinlərin əqidələri qarışmışdır. Onlar bütpərəstlikdən, ulduzlara ibadət edənlərdən, məcusilərdən, xaçpərəstlikdən, hinduslardan müxtəlif etiqadlar götürmüşlər.
- Bir çox batil bayramları qeyd edirlər: novruz bayramı, qədir-xum bayramı, xaçpərəstlərin milad bayramı.
- Ömər ibn əl-Xattabın (Allah ondan razı olsun) ölümünə sevinərək bu günü bayram qeyd edirlər.
- Onlar ruhların keçidinə (reinkarnasiya) - etiqad edirlər.