Şəriət elmi öyrədən müəllim tələbələrinə qarşı necə olmalıdır?
Və aleykum Salam. Sualın cavabı təfsilat tələb edir. Tələbənin halından və yaşından asılı olaraq müəllimin münasibəti onlara qarşı dəyişir. Bu məsələdə bizim ən gözəl nümunəmiz Peyğəmbərdir (ona və ailəsinə Allahın salavatı və salamı olsun). Çünki o, ümməti üçün ən gözəl müəllim olmuşdur. Bəzi tələbələrə qarşı mülayim olmaq onlar üçün daha faydalı, bəzilərinə qarşı isə sərt olmaq daha faydalı olur. Odur ki, müəllim vəziyyətə uyğun davranmalıdır. Həmçinin burada tələbələrin yaşı və dərsə olan münasibətləri rol oynayır. Ümumi olaraq şəriət elmini öyrədən müəllimdə aşağıdakı xüsusiyyətlər olmalıdır:
- İxlaslı olmalı, yəni elmi Allahın rizasını qazanmaq üçün öyrətməli;
- Elmli olmalı;
- Öyrətdiyi elmə özü əməl etməli;
- Hikmətli olmalı. Belə ki, tələbələrin halını və durumunu nəzərə almalı;
İmam əl-Buxari (Allah ona rəhmət etsin) rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) Uca Allahın "Öyrətdiyiniz Kitabın və ondan öyrəndiyiniz şeyin sayəsində rəbbani olun!" (Ali-İmran, 79) ayəsinin təfsirində belə demişdir: "Yəni hikmətli, elmli və həlim xasiyyətli olun".