Söyüş söymək barəsində hədislər
Aleykum salam. Uca Allah buyurur: "Ey iman gətirənlər! Bir qövm digərini məsxərəyə qoymasın! Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın! İman gətirdikdən sonra fasiq adlanmaq necə də pisdir. Tövbə etməyənlər – məhz onlar zalımlardır". (əl-Hucurat, 11).
Sə'd ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Müsəlmanı söymək günahdır". (əl-Buxari).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) ədəbsizlik edən, lənət oxuyan və söyüş söyən adam deyildi. Hirslənəndə belə deyərdi: "Ona nə olub? Alını torpağa sürtülsün!" (əl-Buxari və Muslim).
Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari; Muslim; Əhməd).
Əbu Musa əl-Əşari deyir: "Dedim ki, ey Allahın Rəsulu! Ən fəzilətli (ən üstün) müsəlman hansıdır?" Dedi: "Onun əlindən və dilindən digər müsəlmanlar əziyyət çəkmir". (İmam Əhməd, 7086).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "İki nəfər söyüşərsə, ilk olaraq söyülən kəs həddi aşmadığı təqdirdə hər ikisinin günahı başlayan kəsə yazılar". (Əbu Davud, 4/274).
Aişə, Rəsulullahın gözəl əxlaqı haqqında belə demişdir: "Heç vaxt öz nəfsinə görə intiqam almazdı, çirkin söz söyləməzdi. Həya, tərbiyə və nəzakətə zidd bir davranış etməzdi. Bazarda yüksək səslə danışıb, səs-küy çıxarmazdı. Pisliyə pisliklə qarşılıq verməzdi. Əfv edər, bağışlayardı". (əl-Hakim, 2/ 614; İbn Asəkir, "əs-Sahihə" 2458).
Rəvayət olunur ki, bir gün Həsən əl-Bəsri gecələrin birində belə dua edirdi: "Allahım! Mənə zülm edəni əfv et!" O, o qədər bu duanı çoxaltdı ki, sonunda bir kişi ona belə dedi: "Ey Əbu Səid! Mən sənin gecələrin birində sənə zülm edən kəs üçün dua etdiyini eşitdim. (Bu duanı o qədər etdin ki,) hətta onun yerində özüm olmaq istədim. Buna səni vadar edən nədir?" Həsən əl-Bəsri isə cavabında ona Uca Allahın bu ayəsini oxudu: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40)". (İbn Bəttal "Şərhul-Buxari" 6/ 575).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə xəbər vermişdir ki: "Bağışlayan bəndənin Uca Allah yalnız izzətini artırar". (Muslim, 8/20).
Suleyman ibn Surad (Allah ondan razı olsun) deyir ki, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) səhabələrindən (Allah ondan razı olsun) biri belə rəvayət etdi: "İki kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında bir-birilə söyüşməyə başladı. Onlardan biri qəzəbləndi. Onun qəzəbi ta o qədər artdı ki, üzü şişdi, sifəti dəyişdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Mən elə bir kəlmə bilirəm ki, əgər o, həmin kəlməni desəydi, qəzəb hissi ondan gedərdi!" Bir nəfər gedib Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dediyini ona bildirdi və: De: "Əuzu billahi minəş-şeytanir-racim!" "Məlun şeytandan Allaha sığın!" - dedi. O isə cavabında: "Yoxsa mənim qəzəbləndiyimi güman edirsən? Məgər mən dəliyəm? Get burdan!" - dedi.
Abdullah (Allah ondan razı olsun) dedi: "Elə iki müsəlman yoxdur ki, bunlarla Uca Allah arasında pərdə olmasın. Onlardan biri öz dostuna yaramaz söz söyləsə, Uca Allahın pərdəsini yırtmış olar. Və əgər onlardan biri digərinə: "Ey kafir!" desə, ikisindən biri küfr etmiş olar".
Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "İki nəfər söyüşərsə, ilk olaraq söyülən kəs həddi aşmadığı təqdirdə hər ikisinin günahı başlayan kəsə yazılar". (Əbu Dəvud, 4/274).
İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) demişdir: "Rəsulullahın (Allahın ona və ailəsinə salavatı və salamı olsun) vaxtında iki kişi söyüşdü. (Əvvəlcə) onlardan biri (o birini) söydü, o isə susdu. Rəsulullah (salləllahu aleyhi və səlləm) (onların yanında) oturmuşdu. Elə ki, söyülən adam cavab verdi, Rəsulullah (salləllahu aleyhi və səlləm) durub getdi. Ondan (salləllahu aleyhi və səlləm): "(Niyə) durub getdin?" - deyə soruşulduqda, o (salləllahu aleyhi və səlləm), belə dedi: "Mələklər durub getdilər deyə, mən də onlarla birlikdə durub getdim. Nə qədər ki, o susurdu, mələklər söyən adamın cavabını verirdilər. Elə ki, o cavab verdi, mələklər də ondan uzaqlaşdılar". ("Ədəbul-Mufrad" kitabı, 419).
İslamda nəinki insanı, hətta, heyvanı belə söymək qadağan edilib. Zeyd ibn Xalid (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Xoruzu söyməyin! Həqiqətən, o, namaza çağırır". (Əbu Dəvud, 5103).
İnsanın söyüş söyməklə qazandığı böyük günahlardan biri də öz valideynlərini söyməsidir. Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini nəql edir: "Bir nəfərin öz valideynlərini söyməsi ən böyük günahlardandır". Səhabələr: "Kim öz valideynlərini söyər?" deyə soruşduqda, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bəli, bir nəfər o birinin atasını söyür, o da qayıdıb həmin şəxsin atasını söyür, anasını söyür o da qayıdıb həmin şəxsin anasını söyür". (əl-Buxari, 7/69; Muslim, 1/92).
Adi insanları söymək haramdırsa, sağlığında Cənnətlə müjdələnən, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) pis və yaxşı gündə dayaq olan, Uca Allahın razı qaldığı şəxsləri söymək daha şiddətlidir. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallalləhu aleyhi və səlləm) deyib: "Səhabələrimi söyməyin! Nəfsim əlində olana and olsun ki, sizlərdən biriniz Uhud dağı boyda qızılı Allah yolunda xərcləsə belə, onların verdiyi bir ovuca, yaxud yarısına belə çata bilməz". (əl-Buxari, 3673; Muslim, 6651).
İmam Nəvəvi (rahiməhullahu) deyib: "Bilin ki, səhabələri söymək haram olan ən böyük günahlardandır". (Şərhu-l-Muslim, 16/93).
Həmçinin ölmüş kimsəni də söymək olmaz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda buyurub: "Ölüləri söyməyin!". (ət-Tirmizi, 1982).
Hədisdəki "söyməyin" sözündə məqsəd, ölünün xoşa gəlməyən əməllərini sayıb tökərək xeyirsiz bir kimsə olduğunu ortaya qoymaqdır. Ölüləri bu cür anmaq, bu hədislə qadağan olunub.