Allahın təkliyinə, varlığına və kamil olmasına əqli dəlillər

    09.10.2024

Abdur-Rahmən əs-Sədi
 
 
 
 
Rahmən və Rahim olan Allahın adı ilə!
 
Allaha həmd olsun və Muhəmmədin üzərinə Allahın salamı olsun! Bu kitab Abdur-Rahmən əs-Səədinin ateistlərin şübhələrinə qarşı yazdığı “əl-Bərahinul-Aqliyyətu alə Vahdəniyyətir-Rabbi va Vucuhi Kəməlihi” – “Ağıl sahiblərinə Rəbbin təkliyinə və  Sifətlərinin Ucalığına aid dəlillər” adlı kiçik bir risalənin ixtisar olunmuş formasıdır. Allah bu risaləni insanlar üçün faydalı etsin!
 
Bu məsələ ən əzəmətli, ən böyük, ən vacib, ən faydalı və ən aydın məsələdir. Allah tərəfindən bütün peyğəm­bərlərə nazil olan kitablar və bütün peyğəmbərlər bu məsələ üzərində ittifaq etmişlər. Ümmətlərini dəvət edən peyğəmbərlər camaatlarına belə demişlər: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur” (əl-Əraf, 59). Onlar öz ümmətlərinə Allahın vəsfini xatırladır, Allahın onların üzərində olan nemətlərini və lütfünü yada salırdılar. Onlar da bunun səbəbilə Rəblərinə ibadət edir və Ona boyun əyirdilər. Əzəmətli Quran və Sünnə əvvəlindən axırına kimi bu məsələni bəyan edir, bu məsələyə aid növbənöv dəlillər qeyd edir və ayələri bu şeyləri açıqlamaq üçün sərf edir.
Bu mühazirədə məqsəd ancaq Kitab və Sünnədən olan dəlilləri qeyd etmək deyil. Belə ki Kitab və Sünnədə sayıb qurtara bilməyəcəyimiz qədər çoxlu dəlillər var. Onlar açıq və aydın dəlillərdir. Bunları elm adamları və sıravilər də bilir. Bu, məqsədə çatmaq üçün kifayət edir. Lakin biz bu risalədə Allahı tanımağa kömək edən əqli dəlillərə işarə etmək istəyirik. Bu dəlillər bəşəriyyətdə olan ağıllı insanları Allaha boyun əyməyə kömək edir. Bu şeyləri təkəbbürlülərdən, dini və ağlı tərk edəndən başqa heç kim tərk etməz. Möminə yeni dəlillərə ehtiyac yoxdur, lakin hər dəfə mömin həmin dəlilləri biləndə imanı güclənir və onun yəqinliyi artır. Nəticədə bu ən əzəmətli və ən böyük nemətə görə Allaha həmd edir. Ona görə də, bütün peyğəmbərlər öz ümmətlərinə demişlər: “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar?” (İbrahim, 10). Onlar ümmətlərinə belə bir düşündürücü sual vermişlər, çünki hər bir ağıllı insanın qəlbində Allahın Rəbb olması qərar tutmuşdur.
 
Allahın müvəffəqiyəti ilə deyirik;
Hadisələrin baş verməsində üç qisim əqli məsələ var. Bil ki, Allah sənə rəhm etsin, əgər sən yerə və göyə, orda olan növbənöv yaradılanların çoxluğuna, hər an yenilənən hadisələrə baxıb düzgün düşünsən, bilərsən ki, bu şeyləri üç qismə bölmək olar:
1. Yaradılmışların (öz-özünə yaranması) və baş verən hadisələrin öz-özünə baş verməsi mümkün deyil. Ağıl bunun batil olmasını deyir. Yəqin olaraq deyə bilərik ki, kim bu cür deyərsə, ağıllı olmaqdan çox dəliliyə yaxındır. Çünki hər ağlı olan bilir ki, heç bir şey - icad edən, hadisəni icra edən olmadan mövcud ola bilməz.
2. Məxluqat və bu hadisələrin öz-özünü yaratması. Həmçinin bu da ağıl ilə inkar olunur. Ağıl bunun batil olmasını gərəkdirir. Hər bir ağlı azan qəti şəkildə bilir ki, heç bir hadisə öz-özünə baş verə bilməz. Bu iki qismin ağıl və fitrət ilə batil olması üzə çıxır.
3. Məxluqat və hadisələri edənin bir yaradanı var. O da əzəmətli olan Allahdır. O, hər bir şeyin Rəbbidir və bütün işləri idarə edəndir. Ona görə Uca Allah bunu hər bir ağlı olana bildirmiş və işarə etmişdir: “Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır? Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar” (ət-Tur, 35-36). Hər bir məxluqun yaradanının olması, hər bir hadisəni və hər bir əsəri edənin olması vacibdir. Bu, ağlın tələb etdiyidir. Bütün ağlı olanlar bunda ittifaq etmişlər. Kim bu dəlillərdə şübhə etsə, artıq öz ağlına müxalif olmuş və zəlalətə düşmüşdür.
Allah sənə rəhm etsin! Bir özün üçün fikirləş! Yaradılışının əvvəlinə bax! Sən nütfədən, sonra laxtalanmış qandan, sonra isə ət parçasından yarandın. Beləliklə, sənin yaradılışın, zahiri və daxili əzaların  kamilləşdi. Bunları görmək Rəbbin hər bir şeyə qadir olmasının, hər bir şeyi əhatə etməsinin və yaratdığı hər bir şeydə hikmətli olmasının əlaməti deyilmi?! Bütün yaradılmışlar həmin nütfəni növbənöv mərhələlərlə dəyişdirib, ana bətnində yerləşdirərək ona zahiri və daxili əzaları qoyub, onu belə bir tezliklə əzəmətli bir yaradılışda yetişdirə bilərlərmi? Onlar əzaları bü cür möhkəm quruluşla yaratmağa qadirdirlərmi? Buna görə də bu doğru baxış səni hər şeyə qadir olan Allahın əzəmətli olmasına, Ona əyilməyə, Onun kitablarını, elçilərini və Qiyamət gününü təsdiq etməyə gətirib çıxaracaq.
Allah səni qorusun! Allahdan başqa heç kəsin elm kamil sahibi olmadığını, yerin və göylərin yaradılışını, onların arasında olan aləmləri düşün! Yerin və göylərin necə gözəl və nizamlı şəkildə yaradıldığını düşün! Müxtəlifliyə fikir ver. Bunlar səni kamil olan Rəbbin yaradan olmasına və təkliyinə inanmağa gətirib çıxarmırmı?
Allah bu əqli dəlili bu sözü ilə çatdırmışdır: “Göyün və yerin Onun əmri ilə öz yerlərində sabit qalması da Onun dəlillərindəndir” (ər-Rum, 25); “Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz” (Fatir, 41).
Ey qardaşım, bu dövran edən dünyanı, onun üzərində bir-birini əvəz edən gecə və gündüzü, vaxtın fəsillərə bölünüb qulların xeyri üçün nizamlanmasını düşün! Bu faydaları sayıb qurtarmaq mümkün deyil. Bunlar təsadüfənmi, bir yaradıcı olmadanmı baş verib? Yoxsa bunları hər şeyi gözəl şəkildə idarə edənmi yaradıb?
Allah buyurur: “Bu hər şeyi kamil şəkildə edən Allahın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır” (ən-Nəml, 77).
Allah səni doğru yola yönəltsin! Bax gör, Uca Allah yaratdığı hər məxluqa layiqli yerini vermiş, sonra onun yaşaması və mənfəəti üçün lazım olan zəruri şeyləri öyrətmiş, hətta kiçik məxluqlara da bu şeyləri vermişdir. Onların ruzisini onlar üçün asanlaşdırmış və necə qəbul etməyi onlara öyrətmişdir. Kim bu ümumi məsələlərə baxsa və hər məxluqun mənfəət əldə etməsi üçün çalışmasını görsə, bilər ki, bunu Allah onlara ilham edib. Bu, Allahın böyük bir qayğısının işarəsidir. O, hər şeyin Rəbbi, Xaliqi və ruzi verənidir. O, yaratdıqlarını öyrətmiş və onlara zərəri özlərindən dəf etməsi qabiliyyətini vermişdir. Bu, açıq-aşkar şəkildə Allahın təkliyinə və kamil olmasına işarədir. Uca Allah bu sözü ilə bəyan edir ki: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!” (Taha, 50). Növbənöv heyvanların Allahın öyrətməsi ilə xeyri əldə etməyə, şəri dəf etməyə, müstəqil həyata qədər balalarının qayğısına qalmaları heyvanların özü-özünə yaradılma­larındandır, yoxsa bu Allahın rəhmətinin, elminin və hikmətinin geniş olmasındandır?!
 

Allahın ümumi rəhməti

 
Allah sənə rəhm etsin! Bax, Allahın geniş rəhməti dünyanın hər tərəfini bürümüşdür. Hər bir məxluqun həyatında bunu görmək olar. Məxluqları yaratması, onları qoruması, onların ehtiyaclarını verməsi, onlara zahiri və batini nemətləri əta etməsi Allahın rəhmətindəndir. Elə nemətlər var ki, yaradılmışlar bir göz qırpımı belə bu nemətlər olmadan qala bilməzlər. Bunu da Allah vermişdir. Dini və dünyanı öyrənmək neməti, sağlam olmaq neməti, ruzi, əzaların qüvvətli olması neməti, övlad və ailə neməti, tarlaların olması neməti, heyvanlar, evlər, sevinc, həzz və saysız-hesabsız nemətləri Allah vermişdir. Bu nemətləri saymaqla qurtarmaq mümkün deyil. Bu nemətlərlə xeyir qazanılır, şər dəf olunur. Bu nemətlər bu işləri idarə edən Allahın təkliyinə dəlildir. Bunlar hamısı Allaha şükür etməyin vacib olmasına, Onun qarşısında boyun əyməyə və əməli edəndə ixlasla etməyə gətirib çıxarır: “Heç yaradan da yarada bilməyən kimi ola bilərmi?” (ən-Nəhl, 17); “Sizə verilən nemətlərin hamısı Allahdandır” (ən-Nəhl, 53).
 

Ehtiyac içində olan insanların halına baxmaq

 
Ehtiyac içərisində olanların, təhlükəyə düşənlərin, kasıbların, xəstə insanların düşdüyü hallara baxdıqda, onların necə də Rəblərinə tərəf yönəlmələrini görmək olur. Onlar ehtiyac hiss edərək Allahdan güc istəyirlər. Allah da onların çağırışına cavab verir, onların pis hallarını düzəldir və ehtiyaclarını ödəyir. Bu, Allahın təkliyinə, Onun geniş elminə, rəhmətinə və dəqiq lütfünə dəlil deyilmi?! Bütün yaradılmışlar Ona tərəf yönəlir. Uca Allah bu barədə ayə ilə xəbərdarlıq edir: “Bütlər yaxşıdır, yoxsa darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? Bütlər yaxşıdır, yoxsa qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən Allah?! Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır” (ən-Nəml, 62-63).
Ehtiyac içində olanların xilas yolunu bütün məxluqlar görmüşlər. Bu ehtiyaclar onların Allaha möhtac olmalarına dəlilldir. Ehtiyac içərisində olanların halına bax, əgər onlar çətinlikdə olarlarsa, qəlbləri Allaha bağlı, dilləri Allaha yalvaran olar. Onlar Allahdan kənara yönəlməz, yalnız Allaha yalvararlar. Onlar çətinliyin yalnız Allahın apardığını bilərlər. Məxluqa dönüş yeri yalnız Allaha dönmək ilədir. Bütün işləri yalnız Allah düzəldə bilər. Bütün məxluqlar zərəri və xeyri verənin, hər şeyə qadir olanın Allahın olmasını etiraf edirlər. Bunu fitrəti pozulandan və batil yola düşəndən başqa kim inkar edə bilər?! Bütün məxluqlar Allahın ruzi və xeyir verməsində, zərəri dəf etməsində Allaha möhtacdır. Onlar istəsələr də, istəməsələr də Allaha tərəf yönəlirlər. Onların bütün ehtiyacları onları Allaha tərəf çəkir. Allah bir çox insanı çətinlikdən qurtarır, təhlükədən xilas edir. Bunu hayatda da görmək olur. Bunu ancaq təkəbbürlü və inadkarlıq edən inkar edə bilər.
 

Dəlillərdən: Allahın dualara cavab verməsi

 
Allahın dualara cavab verməsi Onun Rəbb olmasının dəlillərindəndir. Heç kəs Allaha dua edənləri və duaları saya bilməz. Allah yaxşının da, pisin də, müsəlmanın da, kafirin də duasına cavab verir. Bununla bəndələrin istəkləri həyata keçir və bəndələr bu istəklərin həyata keçməsi üçün Uca Allahın rəhmətindən başqa heç bir şeyə ümid bağlamırlar. Bu açıq-aşkardır. İnsanlar həm dini, həm də dünyavi istəklərinə görə dua edirlər, Allah da onlara cavab verir: “...İnsanlar ara­sın­da: “Ey Rəbbimiz! Bizə verə­cəyini elə bu dünya­da ver!”– de­yən­lər var­. Belə şəxs­lərin axi­rətdə heç bir payı yoxdur. Onlardan: “Ey Rəb­bi­miz! Bizə həm bu dünya­da, həm də axi­rət­də gözəl nemət­lər ver və bizi Cəhənnəm odunun əzabın­dan qoru!”– de­yən­lə­r də var. Onlar üçün qazan­dıq­la­rı əməl­lərə görə bir pay var­dır” (əl-Bəqərə, 200-202).
 

Dəlillərdən: Peyğəmbərlərin olması

 
Uca Allahın mövcudluğuna və tək olmasına dəlillərdən biri də peyğəm­bərlərin əli ilə həyata keçirdiyi nadir hadisələr və möcüzələrdir. Allahın onlara dünyada köməyi, gözəl sonluq verməsi, düşmənlərini alçaltması və düşmənlərinə müxtəlif növ əzab verməsidir. Bu şeylər istər xüsusi, istər də ümumi şəkildə bizə tarixdən nəql edilmişdir. Bunlar hamısı peyğəmbərləri göndərənin Rəbb olmasına, tək olmasına, qüdrətinin kamil olmasına, geniş elm sahibi olmasına dəlildir. Bunu təkəbbürlü və lovğa olandan başqa heç kim inkar etməz.
 

Dəlillərdən: Səmavi kitablar, peyğəmbərlik yolu və onların içində olan şəriət

 
Uca Allahın varlığına dəlillərdən biri də Allahın Öz peyğəmbərlərinə nazil etdiyi kitablar və şəriətlərdir. Xüsusən də, Muhəmmədə r nazil etdiyi əzəmətli Kitab və kamil şəriətdir. Quran və Sünnədə bir çox dəlillər var. Uca Allah müxtəlif millətlərə, bütün insanlara qarşı çox xeyirxahdır. Uca Allah məxluqların acizliyi haqda belə buyurur: “Quranın haqq olduğu on­lara ay­dın olana qədər, Biz də­lillə­ri­mizi on­la­ra həm kai­nat­da, həm də onların özlə­rində müt­ləq gös­tə­rəcəyik. Məgər Rəb­binin hər şeyə şahid olması ki­fayət de­yilmi?!” (Fussilət, 53); “Məgər onlar Allaha tabe olub ha­vada uçan quşları gör­mür­lər­mi? Onları havada sax­layan ancaq Allahdır. Həqi­qə­tən, bunda iman gətirən insan­lar üçün dəlil­lər var” (ən-Nəhl, 79).
Kim Quranın əhatə etdiyi doğru xəbərlərə, ədalətli hökmlərə, ümumi islaha, dünya və din xeyirlərinə, zərərləri dəf etməyə, əzəmətli hidayətə baxsa, bu elm onu bu şeylərin Hikmətli Rəbb tərəfindən endirildiyini başa düşməyə yönəldər. Kim Allah Elçisinin ﷺ sünnəsinə və Allahın kamil şəriətinə baxsa, hər bir halda, bu şeylər onu Allahın təkliyini başa düşməyə gətirib çıxarar.
 

Dəlillərdən: Düzgün fitrət Allahı tanımağa məcburdur

 
Yaradılmışların Yaradana olan ehtiyacları digər şeylərdən daha böyükdür. “Sən bir hənif kimi üzü­nü dinə tə­rəf çe­vir! Allahın in­san­lara – xəlq etdiyi şüurlu məx­luq kimi verdiyi fitrət bu­dur. Allahın ya­rat­dığını heç cür də­yişdir­mək olmaz. Doğru din bu­dur, lakin in­san­la­rın çoxu bu­nu bilmir” (ər-Rum, 30). Bu fitrətdən yalnız şeytanın toxunduğu insanlar kənara çıxıblar. Onların fitrəti dəyişib, əqidələri zay olub, xəyalları azğınlaşıb, fikirləri pis olub və baxışları pozulub. Əgər doğru fitrətə qayıtsaydılar, Rəblərindən başqasına meyl etməz, xeyri qazanıb şəri dəf edərdilər.
 

Dəlillərdən: Yaxşılıq edənlər üçün mükafatın, zalımlar üçün isə cəzanın tez gəlməsi

 
Allah qohumluq əlaqlərini saxlayanlara, ehtiyac içində olanlara kömək edənlərə etdiklərinin əvəzini verir. Allah belə insanlara gözəl əməl etdiklərinə görə ruzi qapılarını açır. Artıq yaradılmışlardan düşünənlər bunun səbəbinin saleh əməllər, qohumluq əlaqələrini yaxşılaşdırmaq və yaxşı əməllər etmək olduğunu anlamışlar. Allah hər kəslə etdiyi əməlin müqabilində davranır, etdiyi yaxşı əməlin mükafatını bu dünyada verir. Bu da Axirətdə olan mükafatın bir nümunəsidir. Uca Allahın nemətlərini və verdiyi mükafatlarını saya bilmərik. Uca Allah buyurur: “...Nə xərcləsəniz, Allah onun əvə­zini ve­rər...” (Səba, 39); “...Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram...”. (İbrahim, 7). Rəvayət edilir ki, Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: “Mən Peyğəmbərin ﷺ belə dedi­yini eşitmişəm: “Qoy ruzisinin art­ma­sını və ömrünün uzanmasını istəyən kəs, qohumları ilə əlaqə saxlasın”. (əl-Buxari, 1925, 2067; Muslim, 4638, 6687). Uca Allah yaxşılıq edənlərə yaxşılıq edir, mallarını qohum­luq əlaqələrini möhkəmləndirmək üçün xərcləyən­lərin qəlblərini islah edir. Həmçinin günahkarlara da cəzanı tez verir. Axirətdə veriləcək cəzaların əlaməti olaraq dünyada da cəzalar verir. Kim Uca Allahın yaratdıqlarına nələr etdiyinə baxsa və baş verənlərə baxıb düşünsə, bilər ki, bütün baş verənlərin hamısı ya yaxşı, ya da pis səbəblərə bağlıdır. Bu da Allahın ədalətidir. Bundan nəinki Allahın insanlara yaxşılıq etməsi, həmçinin Allahın təkliyinə dəlil çıxarda bilərik.
Bir şeyin feillərinə və xüsusiyyətlərinə dəlalət edən şey, o şeyin özünün də olmasına dəlalət edir. Əgər Allahın bu qədər saysız feilləri, əməlləri varsa, bu, Onun Özünün də mövcud olmasına birbaşa dəlilldir. Bütün aləmlər Allaha nisbət olunursa, onları yaratmaq da, icad etmək də, qorumaq da, ruzisini vermək də - hər bir şey Allaha nisbət olunur.
 

Uca Allahı tanımaq genişdir

 
Bil ki, Uca Allahı tanımaq olduqca genişdir. Bu, qulun Allaha olan ehtiyacı dərəcəsindədir. Hər kəs bunu ehtiyacı qədərində vəsf edə bilər. Bu məsələ bunun haqda danışanın ağlına gələn dərəcədə bildirilir. Onun başına gələn işlərin çoxluğu dərəcəsində danışa bilər. Münasib şəkildə başa düşmək üçün qədimdə və müasir dövrdə baş verən hadisələrdən danışacağıq.
 

Dəlillərdən: Allahın varlığına olan dəlillər üçün olan hekayələr

 
Bəzilərindən soruşmuşlar: “Rəbbini necə tanıdın? Cavab belə olub: “İzlər karvanın olmasına, ləpirlər gəzənin olmasına dəlildir. Səmalar ucadır, yer isə genişdir. Dənizlər dalğalıdır. Bu, hər şeydən xəbərdar olanın olmasına dəlil deyilmi
Bir dəstə insan toplanaraq bəzi elm əhli ilə Allahın olması barəsində söhbət ediblər. Zənn edirəm ki, bu Əbu Hənifə olmuşdur. Onlar soruşdular: “Sizin Allahı və ya bu şeyləri Yaradanın olmasına dəliliniz nədir?” Əbu Hənifə onlara dedi: “Məni danışdırmayın! Bu dəqiqə mənim fikrim qəribə bir işlə məşğuldur”. Ona dedilər: “O nədir elə?” O dedi: “Mənə bir xəbər çatıb ki, Dəclə çayında böyük bir gəmi var və içərisində qəribə zinət əşyaları ilə müxtəlif faydalı şeylər var. Bu gəmi gəlib-gedir, lakin onu idarə edən bir şey yoxdur, öz-özünə hərəkət edir”. Dedilər: “Sənin başın xarabdır”. Əbu Hənifə dedi: “Nə üçün?” Dedilər: “Buna heç bir ağıllı insan inana bilməz”. Əbu Hənifə dedi: “Bəs sizin ağlınız bu növbənöv qəribə hadisələr olan aləmin  öz-özünə yaranmasına necə inanıb? Halbuki, bu gəminin öz-özünə hərəkət etməsinin mümkün olmadığını deyirsiz”. Sonda onlar özlərini qınadılar.
Bəzi ağıllı adamlara demişlər: “Rəbbini necə tanıdın?” Onlar demişlər: “İnsan nütfədən, sonra ət parçasından, sonra ana bətnindən heç nə bilməyən insan olaraq dünyaya gəlir. Onun şahid olan gözləri olur. İşlərini görmək üçün iki əli olur. Üzərində gəzdiyi iki ayağı olur. Müxtəlif xeyirləri əldə etmək üçün bir çox əzaları olur. Bir dəlikdən qida qəbul edir. Həmin dəlikdən deyil, başqa dəliklərdən o qidanın qalıqlarını ifraz edir. Bu əzəmətli quruluş elə bir yaradılışdır ki, bütün insanlar cəm olsa belə, bunu yarada bilməzlər. Bu yaradılış əzəmətli Xaliqin varlığına və tək olmasına açıq-aşkar dəlil deyilmi?! Uca Allah bu yaradılışı Öz Kitabında müxtəlif yerlərdə qeyd etmişdir”.
Bəzilərinə dedilər: “Rəbbini necə tanıdın?” Onlar dedilər: “Rəbbimi istək və əzm etməklərlə tanıdım. Bəndə bir şeyi etmək istəyir və bunu etməyə əzmli olur. Sonra isə əzmi kəsilir və bu əməli tərk etmək istəyir. O, görür ki, başqa işlər bundan daha xeyirlidir. (İnsan fikirlərini dəyişə bilir. Bu da Allahın onu idarə etməsinə dəlildir). Bu şeylər hər şeyə qadir olan Allahın işidir. Bəzən bəndəni qorumaq üçün ona lütf edərək istədiyi şeydən döndərir. Bəndə bunu hiss etmir. Biz hər bir işimizdə Allahdan lütf istəyirik və əməllərimiz asanlaşdırmasını istəyirik!” 
Bəzilərindən soruşmuşlar: “Rəbbini necə tanıdın?” Onlar demişlər: “Mən sıxıntıda olanda Allah məni bu sıxıntıdan xilas etdi. Xəstə olanda Allaha dua etdim, Allah da mənə şəfa verdi. Kasıb olanda məni varlandırdı. Azğın idim, Allah isə Öz lütfü və hidayəti ilə məni doğru yola yönəltdi. Bu şeylərin heç birini mən özüm-özümə etmədim. Uca Allahın mənim kimi çoxlu qulları var. Allah onlara bu cür və bundan başqa çoxlu nemətlər verir ki, onları sayıb qurtarmaq olmaz. Bu şeylər Uca Allahın qüdrətli, tək və rəhimli olmasını sübut edir”.
Bəzilərinə dedilər: “Rəbbini necə tanıdın?” Onlar dedilər: “Biz dünyada olan həddi aşaraq günahkar olanların necə pis aqibət sahibi olduğunu gördük. Həmçinin gözəl əməl sahiblərinin də gözəl sonluqlarını gördük. Uca Allah bəndələrə Allahı tanıyıb tək Ona ibadət etmələri üçün yaxşı əməl sahiblərinin gözəl sonluğuna aid bəzi nümunələr vermişdir”.
Belə dedilər: “Rəbbini necə tanıdın?” O dedi: “Bəndənin ehtiyacı olduğu zaman ona yardımın, nemətin tez çatmasında gördüm. Çətin vəziyyətdə olan o qədər insan var ki, Allah onlara yardım edir”. Bu şeylər hamısı təsadüf ola bilərmi?!
Bu fəsildən sonra biz Allahı tanımaq haqda danışa­cağıq. Həqiqətən, bəndənin Allahı tanımağa olan ehtiyacı bütün ehtiyaclardan üstündür. Uca Allah ehtiyacları bəndələri üçün asanlaşdırmış, onlara yol göstərmiş, onlara xeyir qapılarını açmışdır. Bunlar hamısı Allahın ehsan sahibi olmasından və bəndələrin ehtiyacları səbəbindən­dir.
Bəzilərinə dedilər: “Rəbbini necə tanıdın?” Onlar dedilər: “Allah insana bilmədiklərini öyrətdi. İnsan ana bətnindən heç nə bilmədiyi halda çıxdı. Uca Allah ona elmi öyrənməyin alətlərini (danışmaq, oxumaq, öyrənmək və s.) verdi. İnsan öyrənərək dinində alim və ya ixtiraçı bir alim oldu. Allah bu müvəffəqiyyəti qazanmaq üçün ona bu kimi şeyləri asanlaşdırdı. Təəccüblü olan odur ki, bir lövhədə bir şey yazılarsa, başqa şeyin o lövhədə yazılması orada yazılan şeyin silinməsindən sonra ola bilər. İnsanın qəlbi və ağlı isə məsələləri, bilgiləri hifz edib saxlayır. İnsanın Allaha olan elmi genişlənib böyüyərsə, hafizəsi də bir o qədər böyüyər, fikirləri genişlənər. Bu şeylər hamısı bəşərin gücü ilədirmi?! Bunlar Allahın əzəmətinə, təkliyinə, kamil olmasına və geniş rəhmətinə dəlildir”.
Bəzilərinə dedilər: “Rəbbini necə tanıdın?” Onlar dedilər: “İnsanların yerə basdırdıqları toxumlarla. Onlardan xurma və başqa ağaclar, onların da faydaları çıxır. Ondan insanı və heyvanı gücləndirən maddələr çıxır. Bəndə hər il bunları əkir və ehtiyaclarını ödəyir. Bu, Uca Allahın təkliyinə, qullarına olan rəhmətinə və diqqətinə dəlil deyilmi? Uca Allah bu haqda buyurur: “Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölü­dən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də haqdan döndərilir­siniz!” (əl-Ənam, 95); “Əkdiyinizi gördünüzmü?! Onu siz bitirirsiniz, yox­sa Biz?!” (əl-Vaqiə, 63-64).
Allah Elçisinə ﷺ iman edənə dedilər: “Bunu etməyə səni nə vadar etdi?” O dedi: “Mən Allahın bir şeyi əmr etdiyini, ağlın isə “kaş bunu əmr etməyəydi”, bir şeydən çəkindirəndə, ağlın “kaş bunu əmr edəydi” dediyini gördüm. Allah Elçisinin ﷺ gətirdiyi (din) insanların islah olması və salamat ağıl sahibi olması üçün dəlildir”.
Bəzi ağıllı adamlara dedilər: “Sən Rəbbini necə tanıdın?” O dedi: “Mən Rəbbimi itaətin zövqünü dadmaq və müxalif olmaqdan uzaq durmaqla tanıdım”.
Bunlar vicdanla əlaqəli dəlillərdir. Bəndə imanın kamil olması və yəqinliyinin artması üçün daim ehtiyac hissi içində olur. Kim imanın, itaətin və yəqinliyin şirinliyini dadsa, ona pisliyi əmr edən nəfs qalib gəldikdə, onun ağrısını hiss etsə və asiliklərin zərərini başa düşsə, Uca Allahın varlığına inanar, bu da Onun tək olmasını qəbul etməyə gətirib çıxarar.
Bəzi ağıllı adamlara dedilər: “Allah nə ilə bilinir?” O dedi: “Allah səbəb olaraq bir şeylər qoyub. Onlardan bəzilərini başqa şeylərə çevirib, bəzilərinin isə başqa şeyə çevrilməsinə izn verməyib. Həmçinin bəzi şeylər icad edib, lakin bu icad edilən şeyin səbəbi bizə bilinmir”.
Bu, doğrudur, Uca Allah hər bir işi öz axarında, bu şeyi gətirən səbəblərlə, onun əzəmətli hikməti bilinsin deyə icad etmişdir. Bu səbəblər bir işi edənin öz işini Allahın qoyduğu səbəblər üzərində etməsi üçündür. Bununla yanaşı Allah bəzi şeylərin baş verməsinə mane olmuşdur. (Məsələn, İbrahim peyğəmbərin ota atıldığı zaman odun onu yandırmaması kimi, halbuki adət olaraq od onu yandırmalı idi). Peyğəmbərlərin möcüzələri və övliyaların kəramətləri də bunun kimi bilinən fiziki proseslərə, izahlara zidd olmuşdur. Səbəblər olmadan bir şeyin baş verməsi bu qəbildəndir. Necə ki İsa peyğəmbərin u atası olmadan dünyaya gəlmişdir. Ata və anası olan Yəhya kimi, Allah heç kimə belə övlad verməmişdir. Əşyaların olmasını Allah həm səbəblə, həm də səbəbsiz edir. Bu növ möcüzələrin çoxu peyğəmbərlərdə və kəramətli övliyalarda olmuşdur. Həmçinin bu, bəzilərində də baş verir. Bu da Allahın təkliyinə, ilahiyyətinə və Rübubiyyətinə dəlalət edir.
Bəzilərinə dedilər: “Allah necə bilinir?” O dedi: “Allah onun yaradılmışlara ruzi verməsinə görə bilinir. Bax o kəsin halına ki, onların böyük imkanları var, böyük əraziləri, sahələri var. Görürsən ki, bəzən onlar həmin var-dövlətə arxalanırlar, amma içləri sıxılır. Borclar onları sıxır. Onların ümid etdiklərinin əksi olur. Sonra bir çox insanlara bax, onların böyük imkanları, sahələri yoxdur, lakin onlara yüngül şeylər asanlaşdırılıb. Heç kimin ağlına gəlmir ki, bunlar həmin insanlara kifayət edər, lakin Allah onların olan malına bərəkət vermişdir. Onlar səbəbləri götürüb səbəbi Yaradana təvəkkül ediblər. Qəlbləri isə davamlı şəkildə Allah qatında olanı istəmişdir. Onlar Allaha ümid edirlər ki, Allah onlara ruzi qazanmağı asanlaşdırsın. Birincilərin isə bunun əksi olaraq, qəlbləri öz mülklərinə bağlıdır. Görərsən ki, gecə-gündüz işləyən ağıllı və güclü nə qədər insan var ki, onların ruzisi müəyyən həddədir, artmır. Nə qədər insan var ki, Allah onlara yaşayış üçün ruzi qazanmağı asanlaşdırmışdır. Bu, ağıllı insanın Allahın təsərrüfat sahibi olmasını dərk etməsi üçün  düşündürməsini zəruri edir.
Başqa birisinə dedilər: “Allah nə ilə bilinir?” O dedi: “Mən Allahı günləri qulları arasında bölərək kimisini üstün, kimisini alçalma içərisində, kimisini varlı, kimisini kasıb etməsi ilə, nəyisə səbəblə, nəyisə səbəbsiz etməsi ilə tanıdım”.
Başqa birisinə dedilər: “Allah nə ilə bilinir?” O dedi: “Allahın bu kəlməsindən bilinir: “Yer üzündə elə bir canlı yox­dur ki, onun ruzisini Allah ver­mə­sin”. (Hud, 6). Onun necə yaratması bilinir. Allah insana yaşaması üçün ruzi qazanmasını asanlaşdırır. Bu, insanın ticarəti, çalışması, qəlbindən keçirdiyi şeylərlə, otların bitməsi, heyvanları bəsləməsi və s. ilə baş verir. Allah qulları üçün ruzini təqdir edib. Bəzilərinin ruzisi zərrədən də kiçikdir. Bəzilərinin ruzisi isə böyükdür. Bu, Allahın kamil olmasının göstəricisidir”.
Bəzilərinə dedilər: “Allahı nə ilə bilinir?” O dedi: “Allahı tanımaq üçün çoxlu yollar var. Allahın qullarını hidayət etməsi, çoxlu ixtiraların olması, işıq sistemi, səsin uzaq yerlərə çatması və s. İnsanların bu şeylərə qüdrətinin çatmasını Allah öyrətmişdir. Bütün bu səbəbləri yaradan da Allahdır, səbəbləri icra edəni yaradan da Allahdır. Bu, Allahın qüdrətinə böyük dəlillərdəndir. Allah zəif quluna belə şeylər etməyə qüdrət vermişdir. Əvvəllər belə şeyləri etmək çox çətin idi”.
Əgər sən bütün məxluqlara bir-bir nəzər yetirsən və diqqət etsən, onların üzərində olan əzəmətli və insanı heyrətə salan hikmətli şeylərə baxsan, sonra isə özünə baxsan, Allahın əzəmətli olduğunu görərsən: “Yəqinliklə inananlar üçün yer üzündə dəlillər var” (əz-Zariyat, 20).
Bütün yaradılanlar Allahın dəlillərindəndir. Kamillik cəhətdən fikirləşsən, Allahın bütün xəbərlərinin doğru olduğunu görərsən. Onun ədalətli hökmləri bütün zamanlarda işləyir. Uca Allah buyurur: “Bu, hər şeyi ka­mil şəkildə edən Allahın işidir”. (ən-Nəml, 88); Nəyin haqq olduğunu yəqin bilən bir camaat üçün Allahdan da­ha yaxşı hökm ve­rən kim­ ola bi­lər?” (əl-Maidə, 50).
 

Fəsil

 

Dəlillərdən: Allahın mövcudluğu hər şeydən aydındır

 
Allahın tək olmasına ən əzəmətli dəlil peyğəmbərlərin öz ümmətlərini nəyə dəvət etdikləridir. Ağılları bu dəlillər ayıltmışdır. Allahın olmasına heç bir şəkk ola bilməz. “Allaha şəkk etməkmi olar?” (İbrahim, 10).  Bu, Allaha şəkk edən üçün inkar edilən sualdır. Uca Allaha etiqad bütün fitrətlərdə var. Ən açıq olan – Allahın təkliyidir. Bu sözə şəkk edən Allaha iftira atan və təkkəbbürü olandır. O, ağıla və dinə zidd olmasını fikirləşmirmi? Bütün əşyaların mövcud olması, qalması, kamilliyi Allahdandır, onları Allah saxlayır. Hər şeyi icad edən Allahdır. “Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar?” (İbrahim, 10).
Göyləri və yeri, onların içindəki məxluqatı yaradan onları yoxluqdan gözəl şəkildə yaratmışdır. Bunu ağılları dəyişən, fitrəti korlanandan başqa heç kim inkar etməz. Allahın təkliyini inkar edən əsasən müşriklərdir. Onlar Allahın yaratmaqda tək olduğuna inanır, amma şərik qoşurlar. Onlardan Firon kimi ateistlər də var: “Firon dedi: “Aləmlərin Rəbbi nə­dir?” (əş-Şuəra, 23).  Həmçinin Allahı inkar etmək: “Firon dedi: “Ey əyanlar! Mən si­zin üçün özümdən baş­qa bir mə­bud tanı­mıram” (əl-Qasas, 38). Peyğəmbərlər öz ümmətlərinə yalançıların olmasını bəyan etmişlər. Peyğəmbərlər onlara aləmlərdə olan əvvəlkilərin və sonrakıların Rəbbi Allahın bütün məxluqatı yaratmasını dəlil gətirmiş və Allahın onlara verdiyi nemətləri xatırlatmışlar: Sizin Ondan başqa heç bir mə­bu­dunuz yox­dur” (əl-Muminun, 23). Bütün nemətləri onlara verən, idarə edən Allahdır. İbadətə layiq olan da məhz bütün bunları edəndir. Zikr olunmağa, həmd olunmağa layiq olan Odur. Ağılı tərk edəndən başqa heç kim Allahı inkar edə bilməz.
 

Dəlillərdən: Allahın həddi aşanların başlarına gətirdiyi bəlalar

 
Bu bəlalar və cəzalar küfrün və təkzibin həddi aşan ümmətlərə nəticəsidir. Bu da onlara Axirət əzablarından bir nümunədir. Bu hadisələri görməyənlərə hadislər nəqli şəkildə çatıb və hamı bunun olmasına şahiddir: “Siz özlərinə zülm edən­lə­rin yurd­larında sakin oldu­nuz. On­la­ra nələr et­diyimiz si­zə ay­dın oldu və sizə mi­sal­lar da çəkdik”. (İbrahim, 45); “Məgər onlar yer üzündə gəzib do­laşaraq özlərindən ön­cə­ki­lə­rin aqibətini görmədi­lər­mi?” (ər-Rum, 9); “Biz sizin ətrafınızda olan kəndlə­ri məhv etdik. Biz ayə­ləri on­lara müx­tə­lif cür izah et­dik ki, bəlkə küfrdən əl çə­kələr”. (əl-Əhqaf, 27).
 

Dəlillərdən: Peyğəmbərlərin üzərində olduqları kamillik və onlarda olan möcüzələr

 
Onların böyük elmləri və doğruluqları var. Onlar ən üstün məxluqlardır. Onlar digərlərinə ən çox nəsihət edənlərdir. Onlar pis vəsflərdən uzaqdırlar. Peyğəm­bərlər insanlara öz möcüzələrini göstərmiş, bəndələrə düşən də onların gətirdiklərini təsdiq etmək olmuşdur. Peyğəmbərlərin ən əzəmətli dəvəti Allahın təkliyinə çağırmaq və Onu tanımaq olmuşdur. Peyğəmbərlərin olması Rəblərinin təkliyinə və Onun açıq-aşkar Rəbb olmasına dəlillərdəndir.
 

Dəlillərdən: Peyğəmbərlərin kəlmələri tövhiddə birləşmişdir

 
Onlar elmdə, doğruluqda, kamillikdə və fəzilətdə ən alidirlər. Onların dəvəti tək-Allahlılıq üzərində cəm olmuşdur. Bu əzəmətli həqiqətlər bu dəvətdə cəm olmuşdur. Bütün məxluqlar istər din, istər ağılla bunun üzərində ittifaq etmişlər: “Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun ayələrinə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar?! Vay halına iftiraçının və günah­ka­rın! O, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşit­mirmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Onu ağ­rı­lı-acılı bir əzabla müj­dələ“ (əl-Casiyə, 6-8).
 

Dəlillərdən: Allahın Özünü, mələklərini və elm sahiblərini şahid gətirməsi

 
Allah Özünə şahidlik edərək buyurur: “Allah ədalətli olaraq şahidlik etmişdir ki, Özündən başqa iba­dətə la­yiq olan məbud yoxdur. Mələklər və elm sahibləri də, buna şahid­lik et­mişlər. On­­dan başqa iba­dətə layiq olan mə­­bud yoxdur, Qüdrətlidir, Hikmət sahibidir” (Ali-İmran, 18). Bütün mələklər, ağaları peyğəmbərlər olan elm əhli, Rəbbani alimlər, insanları doğru yola dəvət edənlərin hamısı Allahın təkliyinə şahidlik etmiş və bunda heç kim ixtilaf etməmişdir. Kim özündə Allahın şahidlik etmədiyi bir elm olduğunu iddia etsə, o elm zəlalətdir və sahibinə təkəbbür və ucalıq hissi gətirmişdir. Bu da Allah Elçisinin ﷺ düşmənlərindən qalmış bir elmdir ki, Uca Allah bu haqda buyurmuşdur: “Peyğəmbərləri onlara açıq-ay­dın ayələr gətirdikdə, özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə, istehza etdik­ləri əzab­ onları  bürüdü” (Ğafir, 83). Uca Allah bizə xəbər vermişdir ki, peyğəmbərlərin düşmənlərində də elm olmuş və bu elmlə peyğəmbərlərə qarşı olmuşlar. Onlara əzab gəlməyənə qədər peyğəmbərlərin gətirdiklərinə istehza etmişlər.
Uca Allah buyurur: “Onlar dünya həyatının gö­rünən tə­rəfini bilir, axirətdən isə büs­bütün qa­fil­dirlər” (ər-Rum, 7). Əgər qəlblər qəbul etsə, bu ayə necə gözəl ibrətdir, lakin qəlblər qəflət və təkəbbürlə bağlanmış və nəfslər zərərli şeylərə meyl etmişdir. Artıq parlaq mənzərələr, gözəlliklər insanların gözlərini sehrləmişdir. “Pis əməli özünə gözəl gös­tərilib onu yaxşı hesab edənlə, (doğ­ru yolla ge­dən kimsə eyni ola bilərmi?)” (Fatir, 8); “On­ların qəlb­ləri sərt­ləş­di, şeytan da onlara etdikləri əməlləri gözəl­ göstərdi. Onlar özlərinə edilmiş xə­bər­dar­lı­ğı unutduqları zaman hər şeyin qapı­la­rını onların üzünə açdıq. Özlərinə ve­ri­lən şeylərə se­vindikləri vaxt isə on­ları qəf­lə­tən yaxaladıq və onlar naümid qal­­dılar”. (əl-Ənam, 43-44).
Bütün elçilərə nazil edilən kitablar, elçilərin bunun üzərində etdikləri dəvətləri, alimlər və doğru yolda olanların hamısı Allahın təkliyi məsələsində ittifaq etmişlər. Həmçinin Uca Allah insanın özündə və göy üzərində buna dəlillər qoymuşdur: “Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir” (Fussilət, 37).
Bütün göy aləmi və yer aləmi Allahın qəti dəlilləridir. Bunu Yaradan çox dəqiqliklə, ecazkar, mükəmməl şəkildə və nizamla yaratmışdır. Allah bunları elə yaratmışdır ki, gözəl nitq sahibləri belə Onun yaratdıqlarını tam mənasında vəsf edib ifadə edə bilməz.
 

Dəlillərdən: Möminlərin aqibətinin gözəl, kafirlərin aqibətinin pis olması

 
Allah peyğəmbərlərinə və onlara tabe olanlara möcüzələr, növbənöv kəramətlər, gözəl sonluq vermiş, onları düşmənlərdən, təhlükələrdən, pis aqibətdən qorumuşdur. Bu da Allahın tək və kamil olmasına dəlillərdəndir. Həmçinin Öz peyğəmbərlərini və seçdiyi bəndələrini insanlara sadiq insanlar kimi tanıtmış, insanların qəlblərində onlara qarşı sevgi qoymuşdur. Düşmənlərinə qarşı isə insanların qəlblərində qəzəb, danlaq və lənət qoymuşdur. Bunlar hamısı Allahın təkliyinə və peyğəmbərlərin haqq olmasına dəlillərdir: “Aləmlər içərisində Nuha salam olsun!” (əs-Saffat, 79); “Musaya və Haruna sa­lam ol­sun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırı­rıq” (əs-Saffat, 120-121); “Sonra isə Allahın ayələ­rini yalan sayıb onlara lağlağı et­mək­lə pislik gös­tərənlərin nə­sibi lap yaman oldu” (ər-Rum, 10).
 

Dəlillərdən: Allahın və Peyğəmbərlərinin qeybdən xəbər vermələri

 
Allahın və Peyğəmbərlərinin qeybdən xəbər vermələri də Allahın əzəmətinə və təkliyinə dəlillərdəndir. Həmçinin Allah bunları həm nəql ilə, həm ağıl ilə, həm də hissi olaraq cəm edərək Öz Kitabında və Rəsulunun r Sünnəsində bir çox qeybi məlumatlar qeyd etmişdir. Uca Allah Kitabında keçmiş ümmətlər haqda, ayələrin nazil olan dövrünə aid və gələcəkdə baş verəcək şeylər haqda xəbər vermişdir. Görürsən ki, bu məlumatlar yavaş-yavaş həyata keçir. Biz qeybi xəbərləri çox olduğuna görə nəinki tək-tək, hətta cəm şəkildə qeyd etməkdə çətinlik çəkirik. Bu isə qeybi xəbərlər haqda müstəqil kitab yazmağımızı labüd edir. Bu xəbərlər hamısı bunları bilən adamın Allahın təkliyini qəbul etməsi zərurətini yaradır. 
 

Dəlillərdən: Uca Allah bütün cinlərə və insanlara Quranın bənzərini gətirmək cəhətdən meydan oxuyur

 
Onlar Quranın bənzərini gətirməyi bacarmadılar və bacara da bilməzlər. Allahın bu təhdidi hər zamana aiddir. Burada bəndənin aciz olması zahir olur. Düşmənçilik iddia edənlərin, Allah Rəsulunun r gətirdiyini rədd etməyə çalışanların çox olmasına baxmayaraq, onlar bu məsələdə acizdirlər. Bütün insaflı şüur sahibləri bunu düşünməyə ehtiyac duyur. Dəlillər Allahın hər cəhətdən sadiq olmasına açıq-aşkardır.
 

Dəlillərdən: Muhəmmədin ﷺ peyğəmbərliyinin dəlillərinin açıq-aydın olması

 
Peyğəmbər ﷺ yazıb oxuya bilməyən bir ümmətə gəlmişdir. Peyğəmbərin ﷺ gəldiyi yerdə cahillik, şirk və küfr çox idi. Uca Allah Peyğəmbər ﷺ vasitəsilə onlara cahillikdən sonra elm verdi, əxlaqları düzəldi, həmin yer hidayətdən sonra ədalətlə, səhih və faydalı elmlə doldu. Allah bu dini başqa dinlərdən üstün etdi və bütün salamat qəlblər bu dini qəbul etdi. Batil dinlər yox olmağa başladı. Məgər bütün bunlar İzzət və Əzəmətli olan Rəbbin təkliyinə dəlil deyildirmi? Peyğəmbərin r gətirdiyi elə bir elm yoxdur ki, elm əhli onun üzərində ittifaq etməsin: “Rəbbinin kəlamı həm doğ­ruluq, həm də ədalət baxı­mın­dan tamam­lan­mışdır. Heç kəs Onun kəlmələrini də­yi­şə bil­məz. O, Eşidəndir, Biləndir”. (əl-Ənam, 115). Allah xəbərlərində sadiq, hökmlərində ədalətlidir.
 

Dəlillərdən: Şəriətin açıq-aydın olması, hökmlərin ədalətli olması

 
İnsanlar bütün zamanlara və hallara uyğun olan kitab düzəldə bilməzlər. Şəriətin hər bir məsələsində təfsilat var: “Onlar Quran ba­rə­­sində dü­şünmürlərmi?! Əgər o, Allahdan başqa­sı tərəfindən ol­saydı, əlbəttə, onda çoxlu ixtilaf ta­pardı­lar”. (ən-Nisa, 72).
Allah ağıl sahiblərini bu əzəmətli dəlillərlə ayıltmışdır. Bunlar hamısı haqq, buna müxalif olan hər şey batildir: “Elm verilmiş insanlar Rəb­bindən sənə nazil edilənin haqq ol­du­ğunu, onun Qüdrətli, Tə­ri­fəlayiq Allahın yo­lunu gös­tər­diyini gö­rürlər”. (Səba, 6).
Bu din gəlib doğruları təsdiqlədikdən sonra doğrudan uzaq düşə bilərmi? Yalan olanları təkzib etdikdən sonra yalana yaxın ola bilərmi? Bu din bütün zülmləri, fəsadı və şəri qadağan etmədimi? Tək-Allahlılığa, ixlasa və imana əsaslanmadımı? Allaha şərik qoşmağı, Allahla yanaşı kimisə məbud qəbul etməyi qadağan etmədimi? Qohumluq əlaqələrini möhkəmlətməyi, valideynlərə, kasıblara və qonşulara yaxşılıq etməyi buyurmadımı? Ümumən bütün insanlara və heyvanlara yaxşılıq etməyi əmr etmədimi? Əhdlərə və vədlərə sadiq olmağı əmr etmədimi? Yaxşı şeyləri halal, pis şeyləri haram etmədimi? Bizi pis və zərərli şeylərdən - zülmdən və pis əxlaqdan çəkindirmədimi? Mərd və şücaətli olmağa təşviq etmədimi? Hədd aşmaqdan, xəyanətdən, ikiüzlülükdən, dində və dünyada bütün şər olan şeylərdən çəkindirmədimi? Allahın qoyduğu əsaslar üzərində qurulmayan bina aşmağa məhkumdur. Onun qoyduğuna zidd olan hər şeyin aqibəti pis olacaq.
 

Dəlillərdən: Allah Elçisinin ﷺ sadiq olması, onu ucaltmaq və onun sözlərini önə çəkmək

 
Bu dəlillər bir çox ayələrlə sabit olmuşdur. Allahın Elçilərinin gətirdikləri hər bir şey haqdır. Allahın Elçisinin ﷺ qədrini bilmək hər bir insana vacibdir. Peyğəmbər ﷺ daha fəzilətli vəsfləri ilə seçilmişdir. Ona iman etmək, onu sevmək, onu uca tutmaq əsas vaciblərdəndir. İnsanların qəlbində onun gətirdiyinə tabeçilik olmalıdır. Onun sözlərini nə ağılla, nə qiyasla, nə “mənim xoşum gəlmir” ifadəsinə bağlanan şəxsi zövqlə, nə də batil əhlinin başqa sözləri ilə rədd etmək olmaz.
Peyğəmbərlərin dəvətinin əsası Allahın təkliyinə, Onu tanımağa, Ona ibadətə və ixlasa dəvət olmuşdur. Onlar elə dəlillərlə gəlmişlər ki, onların sadiqliyinə heç bir şey zidd ola bilməz. Onların gətirdikləri şeylər səhihdir. Peyğəm­bərin ﷺ gətirdiklərinə heç bir şərt olmadan tabe olmaq lazımdır, çünki onun gətirdiklərinin əsli səhihdir. Haqqa zidd olan hər bir şey isə batildir. “Haqdan sonra zə­la­lət­dən baş­qa nə ola bilər?” (Yunus, 22). Batil əhlinin nəzəriyyələrini Peyğəmbərlərin gətirdiklərindən üstün tutan adamın ağlında naqislik var.
 

Peyğəmbərlərin dəlilləri haqda Şeyxul-İslam İbn Teymiyyənin sözləri

 
Şeyxul-İslam İbn Teymiyyə demişdir: “Ağıllı insanlar bilir ki, Peyğəmbərlərin dəlilləri başqalarına deyil, yalnız özlərinə xasdır. Allah bu dəlillərlə onları təkzib edənlərlə onlara tabe olanları ayırmışdır. Bu ayırma insanlar arasında olan ayrılıqlar kimi deyil. Peyğəmbərlər gəlmişsə, deməli bəziləri nicat tapacaq, bəziləri isə həlak olacaq. Allah Nuhu və öna iman edənləri gəmi ilə xilas etmiş, qalanlarını həlak etmişdir. Onların misli kimi yaradıl­mayan, böyük binaları olan Ad qövmü kimi - Allah onları yeddi gün, səkkiz gecə əsən küləklə məhv etmişdir. Hud və ona tabe olanları isə xilas etmişdir. Bunun bənzəri aləmdə yoxdur. Salehin qövmü, Mədyən əhli və başqaları məhv edilmişdir. Lut qövmü bir neçə şəhərdə yaradılmasına baxmayaraq, hamısı birlikdə göyə qaldırılmış, sonra yaşadıqları yer çevrilərək yerə batırılmış, onların üzərinə daşlar yağdırılmışdır. Lut və ailəsi xilas olmuş, amma zövcəsinə əzab toxunmuşdur. Firon və Musanın qövmü hərəsi böyük toplum idi. Lakin Allah fironun qoşununu suda qərq etmiş, Musanın qövmünü isə xilas etmişdir. Adi insanlar belə ölümlə ölmürlər. Allah Peyğəmbərlərə qarşı çıxanları şiddətli şəkildə öldürmüşdür. Yəni belə həlak olmalar adət olunmuş hal deyil. Uca Allah heybəti və əzəməti ilə Kəbəni, dinini, Quranı qorumuşdur. İnsanlar hər yerdən rəğbət, məhəbbət və şövq ilə Kəbəyə gəlirlər. Burada heç bir dünyəvi çağırışçı yoxdur. Bu da Allahın dəlillərindəndir. Kəbə artıq uzun müddətdir ki, bu haldadır. Peyğəmbərlərin gətirdikləri dəlillər sadiqlərin dəlilləridir. Bu da Allahın Peyğəmbərlərini təsdiq edənlərlə yalan sayanlar arasında qoyduğu fərqdir. Allah peyğəmbərləri təsdiq edənlərə nicat vermiş, yalan sayanları isə həlak etmişdir. Quran Qiyamətə qədər qalacaq və Allahın təhdid ayələri Qiyamətə qədər də oxunacaq: “De: “Əgər insanlar və cin­lər bu Qurana bənzər bir şey gə­tir­mək üçün bir yerə top­la­şıb bir-birinə kömək etsələr belə, ona bən­zə­rini gətirə bilməz­lər”. (əl-İsra, 88). Peyğəmbərlərin insanların halından xəbərdar olması da Allahın ona öyrətdiyindən idi. Bu, Peyğəmbərlərdən başqalarında – nə ərəblərdə, nə də qeyri-ərəblərdə olmur. İnsanlar arasında elə bir insan yoxdur ki, nəyisə oxuyub ”bu da Quran kimidir” desin. Elə bir şey yoxdur ki, onun bərabəri olsun. Onun ləfzi, nizamı, qeyb haqda dediyi xəbərləri, müjdəsi və təhdidi, qəlblər üzərində əzəmətli rəhbər olması ayələr və dəlillərdir. Quran başqa dilə tərcümə olunduqda onun mənaca tərcüməsi olur, çünki onun bərabəri, bənzəri yoxdur”. (İbn Teymiyyə “ən-Nas fin-Nubuvvə” 117-121).
 

Dəlillərdən: Peyğəmbərlərin gətirdiyi faydalı olan haqdır və ona müxalif olanlar batildir

 
Peyğəmbərlərin sadiq olmasına əqli dəlillərdən – bütün peyğəmbərlər, xüsusilə də Muhəmməd peyğəmbər ﷺ haqq ilə gəlmişlər. Onlar insanlara haqq olan hər bir şeyi bəyan etmişlər. Buna zidd bir şey gətirən adamın əqlində naqislik var. Peyğəmbərlərin gətirdiyi haqq açıq-aydın haqdır: Lakin haqq onlara yetişdikdə onu yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər” (Qaf, 5).
Elə azğınlara, cahillərə, qarışdıranlara tabe olmaq yaxşıdır, yoxsa ən ağıllı, insanlar arasında haqqa çağıran, ən doğru danışanlara, pis xüsusiyyətlərdən uzaq olan peyğəmbərlərə tabe olmaq yaxşıdır?! Onlara əzəmətli Allahdan kitab nazil olmuşdur. Uca Allah onların sadiq olmalarının çoxlu dəlillərini bizə bildirmişdir. Allah bu haqda Qurani-Kərimdə belə buyurur: “Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun ayələrinə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar?! Vay halına iftiraçının və günah­ka­rın! O, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşit­mirmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Onu ağ­rı­lı-acılı bir əzabla müj­dələ”. (əl-Casiyə, 6-8).
Uca Allah artıq doğru yolu aydın edib, yəqin olanlar üçün də bu ayələr bəllidir. Nur, hidayət və yəqinlik bəsirətli olanlar üçün aydındır, inadkarlara da bəyan edilib. Ona görə də bütün bədbəxtlər Qiyamət günü peyğəmbərlərə və ağıla müxalif olduqlarını etiraf edəcəklər: “Onlar deyəcəklər: “Əgər biz din­ləsəydik və ya anlasay­dıq, alovlu od sa­kinlərinin içində olmaz­dıq!” Onlar öz günahlarını eti­raf edə­cəklər. Rədd olsun alov­lu od sa­kinləri!” (əl-Mulk, 10-11).
 

Dəlillərdən: Uca Allahın bəndələrinin, xüsusən də peyğəmbərlərinin qəlblərində fitrəti yerləşdirməsi

 
Allah tək və ehtiyacsızdır. Bütün yaradılmışlar isə Ona möhtacdır. Ağıllı insanlar Allaha möhtac olduqlarını dərk edirlər. Onlar Allahın tək olması fitrəti ilə yaradılıblar. Bir şey haqda elmsiz olmaq şübhəli olmaq demək deyil. Şübhədə olmaq biləndən sonra olur. Ona görə də Peyğəmbərlər yaradılmışlar içində ən sadiq, ən yəqin olanlar, qəlbləri də ən təmiz olanlar olmuşlar. Heç kim bu xüsusiyyətlərdə onlara bərabər ola bilməz. Peyğəmbərlər öz qövmlərinə: “...Yaradan Alla­ha şəkk etməkmi olar?” (İbrahim, 10). Həmçinin başqa ayədə deyilir: “Bunlar Allahın ayələridir. Biz on­ları sənə bir həqiqət ki­mi oxu­yuruq. On­lar Allaha və Onun ayələrinə inan­ma­dıq­dan sonra daha hansı sözə inana­caqlar?! Vay halına iftiraçının və günah­ka­rın! O, Allahın ona oxunan ayələrini eşidir, sonra sanki onları eşit­mirmiş kimi təkəb­bür göstərərək inadkarlıq edir. Onu ağ­rı­lı-acılı bir əzabla müj­dələ”. (əl-Casiyə, 6-8).
Yəqinlik əhli Allaha olan imanın ən üstün elm olmasında ittifaq etmişlər. Ona zidd heç bir elm ola bilməz. Bunun əksini iddia edən, Allahda şəkk edən öz ağlının naqis olmasını, özünün cahil və zəlalətdə olmasını, axmaq olmasını isbat etmiş olur. Bu, böyük bir təkəbbürlükdür.
Müsəlmanlar Peyğəmbərin ﷺ ən əxlaqlı, Allahın elmi haqda ən elmli, ən gözəl ifadələr seçərək danışan şəxs olmasında icma etmişlər.
Peyğəmbərlərin gətirdiklərinə müxalif olanlar təkəbbürlük edərək öz ağıllarının naqisliklərini üzə çıxarmışlar. Uca Allah buyurur: “Peyğəmbərləri onlara açıq-ay­dın ayələr gətirdikdə, özlə­rin­də­ki biliyə se­vindilər və be­ləliklə, istehza etdik­ləri əzab­ onları  bürüdü”. (Ğafir, 83).
Ətrafımızda olan hər şey səmaları və yeri yaradan Allahın tək olmasına dəlildir. Məxluqatı yoxdan yaradan kimdir? İşləri idarə edib nizama qoyan kimdir? Kimdir səmaları və yeri yaradan, onları qoruyan və onları Öz qüdrəti ilə nizamda saxlayan? Adəm övladını nütfədən yaradan kimdir? Öldürən və dirildən, xoşbəxt və bədbəxt edən, həddi aşmış ümmətləri müxtəlif cəzalarla məhv edən, peyğəmbərləri və onlara tabe olanları xilas edən kimdir? Toxumdan bitkiləri çıxaran, yerin altında çayları cərəyan etdirən kimdir? Bu, bir şeyə “Ol!” deyənin əsərləri deyilmi?! Bütün məxluqata layiq olduğu xilqəti verən, sonra istədiyinə hidayət verən kimdir? Quru budaqlardan yaş budaqları və meyvələri çıxaran kimdir? Şəriəti hidayətin əsası edən kimdir? İnsanlara və digər məxluqlara buludlardan faydalı su endirən kimdir? Məxluqatı öldürdükdən sonra məhşərə toplayacaq olan O deyilmi? Bütün bunları necə inkar etmək olar? Bütün aləmləri rəhməti və ruzisi ilə bürüyən, zərrə qədər olan bir şeyi unutmayan, xəstələrin iniltisini belə eşidən, dua edənlərin duasına cavab verən, tövbə edən və bağışlanma diləyənlərin tövbəsini qəbul edib dualarına cavab verən Allahdır.
 

Xatimə

 
Ey Allah! Sənin gözəl Adlarından, Uca Sifətlərindən diləyirik – bizi kamil iman ilə ruziləndir, sadiq yəqinlik, eşitdiyimiz və gördüyümüz dəlillərlə faydalandır! Sənin göydəki dəlillərin, özümüzdə olan dəlillər yəqinlik və bəsirət sahiblərinə dəlillərdir. Bu dəlillər təkəbbürlü və inadkarlara olan hüccətdir. Bu, bütün yaradılmışlara Səndən olan rəhmət və ehsandır.
Allahım, Muhəmmədə, onun ailəsinə, səhabələrinə və Qiyamət gününə qədər onlara tabe olanlara salavat və salam olsun! Bizi, valideynlərimizi, sağ olan və dünyasını dəyişən bütün müsəlmanları bağışla! Əmin!