Qış möminin baharıdır

    27.11.2024

Möhtərəm müsəlmanlar! Qış mömin üçün ibadət və hikmətlə dolu xüsusi bir zamandır. Uca Allah hikmət sahibidir və yaratdığı hər şeydə dərin mənalar vardır. Allah insanı yalnız Ona ibadət etsin deyə yaratmışdır: “Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım" (əz-Zariyat, 56). Həyatımız isə əbədi olan Axirətə bir keçid mərhələsidir. Mömin dünyada bir müsafir kimidir – müvəqqəti dayanacaqda qalıb öz əsl yurduna, Axirətə yol alır. Bununla yanaşı, dünya nemətlərindən halal şəkildə istifadə etməyi də unutmamalıdır: “Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma” (əl-Qəsəs, 77).
Möminlər üçün qış fəsli həm ibrət, həm də ibadət baxımından qənimətdir. Uca Allahın yaratdığı fəsillər, həyatın və əcəlin keçici olduğunu göstərir. Gecə və gündüzün bir-birini əvəz etməsi mömin üçün düşüncə və təqva qaynağıdır: “Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində... Allahdan qorxan adamlar üçün dəlillər vardır” (Yunus, 6). Qışın sərt havası bizə Cəhənnəmin soyuq nəfəsini xatırladır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salami olsun) buyurmuşdur ki, Cəhənnəm öz Rəbbinə şikayət etmiş və Uca Allah ona qışda və yayda nəfəs almağa icazə vermişdir. Bu, ilin ən şiddətli soyuğu və istisidir (əl-Buxari, 537).
Qış fəsli ibadətləri rahatlıqla yerinə yetirmək üçün gözəl bir fürsətdir. Günlərin qısa olması oruc tutmağı asanlaşdırır, gecələrin uzun olması isə namaz qılmağa şərait yaradır. Möminlər qış fəslini "möminin baharı" adlandırırdılar. İbn Məsud demişdir: “Xoş gəldi qış fəsli, bu fəsildə rəhmət nazil olur. Gündüzü oruc tutanlar üçün qısadır, gecəsi isə namaz qılanlar üçün uzundur”. Ömər ibn əl-Xattab qış fəslini abidlər üçün qənimət adlandırmışdır.
Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salami olsun) buyurmuşdur: “Gecə namazını qılın! Çünki o, sizdən əvvəlki əməlisalehlərin adətidir. Gecə namazı Allaha yaxınlıq, günahlardan çəkinmə, günahlara kəffarə və bədən xəstəliyini aparandır” (ət-Tirmizi, 3549). Gecə ibadətinin savabını dərk edən möminlər bu əməlləri həvəslə davam etdirirlər. Edilən hər bir səcdə mömini Rəbbinə yaxınlaşdırır.
Bundan başqa, qış möminlər üçün dəstəmazı daha böyük savaba çevirən bir mövsümdür. Soyuq havada çətinliklə dəstəmaz almaq günahların bağışlanmasına və dərəcələrin artmasına səbəb olur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salami olsun) buyurmuşdur: “Çətinliklərə rəğmən dəstəmazı kamil şəkildə almaq, məscidlərə getmək və namazdan sonra növbəti namazı gözləmək dərəcələri artırar” (Muslim, 587).
Qış fəslinin qənimətlərindən biri də ehtiyacı olanlara yardım etməkdir. Bu fəsildə çətinlik çəkənlər, xüsusən də ağır şəraitdə yaşayanlar və işsiz qalanlar, möminlərin yardımına möhtacdır. Belə hallarda yardım etmək böyük savabdır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salami olsun) buyurmuşdur: “Kim müsəlman qardaşının sıxıntısını aradan qaldırarsa, Allah da Qiyamət gününün sıxıntılarından birini ondan qaldırar” (əl-Buxari, 2442).
Beləliklə, qış fəslini həm ibadət, həm də yardımlaşma baxımından fürsət kimi qiymətləndirmək möminlər üçün çox mühümdür. Möminlərin bu fəsildəki səyləri onları həm Allahın razılığına, həm də Axirətə hazırlığa daha da yaxınlaşdırır. Qış, həqiqətən, möminin baharıdır!

Paylaş: