Peyğəmbərin ﷺ üç böyük tövsiyəsi

    21.12.2024

Uca Allah Peyğəmbərimizə ﷺ qısa və mənalı kəlmələr, ümumbəşəri tövsiyələr bəxş etmiş, onun sözlərini ən kamil və ən gözəl şəkildə tamamlamışdır. Hər kəs ki, Peyğəmbər ﷺ sünnəsinə və onun hidayətinə sıx bağlılıq göstərərsə, dünya və axirət səadətinə nail olar.
Bu məqalə Peyğəmbərimizin ﷺ qısa, lakin dərin mənalı tövsiyələrindən biri barədə bəhs edir. İmam Əhmədin “Musnəd” əsərində (23498) və İbn Məcənin “Sünən” (4171) əsərində Əbu Əyyub əl-Ənsaridən rəvayət olunan bir hədisdə deyilir: “Bir kişi Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə qısa nəsihət ver!” Peyğəmbərimiz ﷺ buyurdu: “Namaz qıldıqda elə qıl ki, sanki sonuncu namazını qılırsan. Sabah üzr istəməli olacağın sözləri danışma. İnsanların əlindəkindən tamamilə ümidini kəs”.  
Bu hədis bir neçə sənədlə dəstəklənmiş və güclü hesab edilmişdir. Bu böyük hədis üç əsas tövsiyə ilə xeyri özündə cəmləşdirir. Bu tövsiyələri anlayıb həyata keçirən hər kəs həm dünyasını, həm də axirətini qazanır.
 
1. Namaza dair tövsiyə
Birinci tövsiyə namazın qorunmasına, ona lazımi diqqətin göstərilməsinə və gözəl şəkildə qılınmasına aiddir. Peyğəmbərimiz ﷺ namaz qılan hər bir müsəlmana onu son namazı kimi qılmağı tövsiyə etmişdir. Əgər bir insan namazını elə qılarsa ki, sanki bu onun sonuncu namazıdır, həmin şəxs həmin ibadəti böyük ciddiyyət və diqqətlə yerinə yetirər.
Bu cür niyyətlə namaz qılmaq, ibadəti daha kamil və səmimi şəkildə əda etməyə səbəb olur. İnsan namazını bu şüurla qıldıqda, namaz onu hər cür pislikdən uzaqlaşdırar, qəlbini imanla doldurar və ona mənəvi zövq bəxş edər. Belə bir namaz qılan üçün sevinc, təsəlli və mənəvi rahatlıq mənbəyinə çevrilər.
 
2. Dilin qorunmasına dair tövsiyə
İkinci tövsiyə dilin qorunmasına və ağızdan çıxan hər bir sözə diqqət yetirməyə aiddir. Peyğəmbərimiz ﷺ buyurmuşdur: “Elə söz danışma ki, sabah üzr istəmək məcburiyyətində qalasan”. Bu, insanı danışarkən özünü idarə etməyə, hər sözü ölçüb-biçməyə təşviq edir. Sözlər insana məxsus olduğu müddətdə onları idarə etmək mümkündür. Ancaq söz dilindən çıxdıqda, artıq insan o sözlərin təsirindən və nəticələrindən məsul olur.
Peyğəmbərimizin ﷺ Müaz ibn Cəbələ verdiyi nəsihətdə də dilin təhlükəsi vurğulanır: “İnsanları üzləri üstə Cəhənnəmə salan, dillərinin topladığı (sözlərdən başqa) bir şeydirmi?” Bu, insanın dilinə nəzarət etməsinin və ağıllı şəkildə danışmasının nə qədər vacib olduğunu göstərir.
 
3. Qənaət və Allah təvəkkülünə dair tövsiyə
Üçüncü tövsiyə qəlbin yalnız Allaha bağlanmasına və insanların əlində olan şeylərdən tamamilə ümidini kəsməyə çağırır. Peyğəmbərimiz ﷺ buyurmuşdur: "İnsanların əlindəkindən ümidini tamamilə kəs." Bu tövsiyə insanı yalnız Allaha yönəlməyə və Ona tam təvəkkül etməyə dəvət edir.
Uca Allah buyurur: “Allah Öz quluna kifayət deyilmi?” (“əz-Zumər”, 36); “Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər” (ət-Talaq, 3).
Bu tövsiyələri həyata keçirən bir şəxs dünyada əziz və qürurlu yaşayar. Qəlbini Allahdan başqa heç kimə bağlamayan və yalnız Ondan uman kəs isə həm dünya, həm də axirət xeyirinə nail olar. Allah-Təala bizləri bu gözəl tövsiyələrə əməl edənlərdən etsin. Amin!

Paylaş: