Bilik pul qarşılığında öyrədilə bilərmi?

    05.01.2025
Kimdən: 
Anonim
Sual: 
Salam. Necəsiz? Belə sualım var bir insan müəllimdir və məktəbdən sonra pulla uşaq hazırlayır. Bu düzdür yoxsa yox. Yəni bilik pulnan öyrədilə bilər? İkinci sualım budur ki səhih hədislərdə çox danışmaq və ya az danışmaq haqqında hədis varmı? Yəni insan çox danışmalədır yoxsa az?
Cavab: 

Və aleykum Salam. Faydalı elmi pulla öyrətmək icazəlidir. Fərq etməz, istər bu elm dini olsun, istər dünyəvi. Hətta Quran elmini belə pulla öyrətmək icazəlidir. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Şübhəsiz, qarşılıq almağa ən layiq olan Allahın Kitabıdır" (əl-Buxari, 5737). 

Sualın ikinci hissəsinə gəlincə, sözsüz ki, insan ya xeyirli və Allahın razılığını qazandıran sözlər danışmalı, əks təqdirdə susmalıdır. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allaha və Axirət gününə iman gətirən kəs, ya xeyirli bir söz söyləsin, ya da sussun!" (Səhih əl-Buxari, 7/184; Səhih Muslim, 1/684; ət-Tirmizi 9/239; İbn Məcəh, 3972).
Səhl ibn Sə'd Peyğəmbərin belə buyurduğunu rəvayət etmişdir: "Kim mənə iki çənə­si arasındakını və iki budu arasındakını qoruyacağına zəmanət verərsə (burada dili və cinsiyyət orqanını günaha batmaqdan qorumaq nəzərdə tutulur), mən də onun Cən­nətə (girəcəyinə) zəmanət verərəm". (əl-Buxari, 7/184/ №: 6474). Həmçinin demişdir: "Həqiqətən, adam Allahı razı salan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah onun sayəsində həmin adamı dərəcələrə yüksəldər. Həmçinin, adam Allahın qəzəbinə səbəb olan, özünün də fərqinə varmadığı elə bir söz danışa bilər ki, Allah buna görə həmin adamı Cəhənnəmə giriftar edər". (Səhih əl-Buxari, 6478). Bir dəfə Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) soruşdular: "İnsanları ən çox Cənnətə salan nədir?" - Peyğəmbər "Allah qorxusu və həyadır" - deyə cavab verdi. "Bəs Cəhənnəmə salan şey nədir? - deyə soruşduqda, "Dili və övrət yeridir!" - deyə buyurdu". (ət-Tirmizi, 4/363).

Paylaş: