Təzim edərək bir insana baş əymək icazəlidirmi?

    01.02.2025
Sual: 
Keçmişdə insanlar hökmdarlarına təzim edir, baş əyir, əlini falan öpürdülər. İslamda bu cür davranışlar haram sayılır? Yoxsa icazəlidir? Rəşidi xəlifələrin dövründə bunlar olub?
Cavab: 

Əssələmu aleykum. Baş əyərək təzim etməyə gəlincə, İslamdan əvvəlki ümmətlərdə bu icazəli sayılsa da, dinimizdə qadağan edilmişdir. Necə ki Yusufun (ona salam olsun) qardaşları ona təzim edərək baş əymişlər. Uca Allah bu xüsusda buyurur: "O, ata-anasını taxtın üs­tündə əy­ləşdirdi. Onlar ha­mısı onun qarşısında səcdə et­dilər" (Yusuf, 100). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: "Yusufun şəriətində (dinində) böyüklərə salam verərkən onlara səcdə etmək icazəli idi. Bu cür salamlaşma Adəm peyğəm­bərdən başlayaraq İsanın (ona salam olsun) şəriətinə qədər icazəli olmuşdur. Bu ümmətə isə bu cür salamlaşma haram edilmiş və səcdə yalnız Rəbb olan Uca Allaha xas edilmişdir. Bir hədisdə rəvayət edilir ki, Muaz (Allah ondan razı olsun) Şamda olduğu zaman orada insanların dini rəhbərlərinə səcdə etdiklərini görmüşdü. Qayıtdıqdan sonra Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səcdə etdi. Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) “Bu nədir, ey Muaz!” – deyə soruşdu. Muaz (Allah ondan razı olsun) "Mən Şamda olarkən onların öz rahiblərinə səcdə etdiklərini gördüm. Ey Allahın Elçisi! Sən səcdə edilməyə onlardan daha layiqsən” – deyə cavab verdi. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Əgər mən Allahdan başqa kiməsə səcdə etməyi əmr etmiş olsaydım, qadına üzərində böyük haqqı olduğuna görə öz ərinə səcdə etməsini əmr edərdim”. (İbn Məcəh, 1853). Bu cür təzim Raşidi Xəlifələrin dövründə də olmamışdır.

Əli öpməyə gəlincə, hörmət əlaməti olaraq valideynin və ya yaşlı bir insanın əlini öpmək icazəlidir.

Paylaş: