İki bacı ilə evlənmək və Peyğəmbərimizin öz oğulluğunun arvadı ilə evlənməsi ilə bağlı

    13.06.2014
Sual: 
Salam aleykum.Eger iki baci ile evlenmek haram sayilirsa,Hz.Omerin(radiyallahu anhu) Peyqemberimizin(sallallahu aleyhi ve sellem)iki qizi ile evlenmesi haram sayilmirmi?Peyqemberimizin(sallallahu aleyhi ve sellem)oqulluqunun arvadi ile evlenmesi doqrudurmu?
Cavab: 

Və aleykum Salam. Bəli, bizim şəriətə görə iki bacı ilə birlikdə eyni anda evlənmək haramdır. Bu xanımlar istər doğma bacı, istərsə də süd bacısı olsunlar fərqi yoxdur. Onların kəbinləri istər ayrı-ayrılıqda, istərsə də birlikdə kəsilsin həmin kəbinlər yenə də haram sayılır. Uca Allah buyurur: "...İki bacını birlikdə almaq da sizə haramdır...". (ən-Nisa, 23).
Evli olan bacı vəfat edər və ya boşanarsa "iddə" (gözləmə) müddəti bitdikdən sonra, haramlığın səbəbi aradan qalxdığına görə ərinin onun bacısıyla, yəni öz baldızıyla evlənməsi halal olar. Ancaq insanın yaşadığı yerdə belə durum qeyri adi bir hal kimi qarşılanarsa, belə nikaha təşəbbüs etməmək daha yaxşıdır.
Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) qızları ilə Ömər ibni Xattab  yox, Osman ibni Afvan (Allah onlardan razı olsun) evlənib. Əvvəlcə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) Ruqiyyə adlı qızı ilə evlənmişdir. Daha sonra Ruqiyyənin vəfat etməsi ilə Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) digər bir qızı Ummu Kulsum (Allah onların hamısından razı olsun) ilə evlənmişdir.
Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) oğulluğa götürdüyü Zeydin (radıyəllahu anhu) boşadığı xanımı, Zeynəb binti Cəhş (radıyəllahu anhə) ilə evlənməsi məsələsi doğrudur. Bu haqda "əl-Əhzəb" surəsində məlumat verilir. Surədə cahilliyyət dövründə adət şəklini almış öz oğulluğunun boşamış arvadı ilə evlənməyin qadağan olması hökmünün qüvvədən düşməsini əmr edən ayə nazil olmuşdur. Belə ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) öz oğulluğu Zeydin (radıyəllahu anhu) arvadının boşanmasına imkan daxilində mane olmuşdur, lakin bu, gerçəkləşmiş və Zeyd (radıyəllahu anhu) arvadı Zeynəb bint Cəhşi (radıyəllahu anhə) boşadıqdan sonra Uca Allah Peyğəmbərə (salləllahu aleyhi və səlləm) onunla evlənmək əmrini verir ki, müsəlmanlar bu adətin əyani şəkildə ləğv olunmasına əmin olsunlar. Bu hadisə qısa şəkildə belə olmuşdur: "Zeyd (radıyəllahu anhu) onu (Zeynəbi) (radıyəllahu anhə) boşamağa niyyətlənmiş, o isə buna razı olmamışdı. Zeyd (radıyəllahu anhu) ondan ayrılma barəsində Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) məsləhətləşir, o (salləllahu aleyhi və səlləm) isə bu fikri tərk etməsini əmr edirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm) Zeydin (radıyəllahu anhu) Zeynəbi (radıyəllahu anhə) boşamaqda qərarlı olduğunu başa düşdü. Sonralar isə, "Zeyd (radıyəllahu anhu) boşasa, Zeynəblə (radıyəllahu anhə) evlənərəm" - deyə düşündü. Ancaq insanların: "Rəsulullah (salləllahu aleyhi və səlləm) oğulunun (oğulluğunun) xanımıyla evləndi" - demələrindən qorxurdu. Çünki Rəsulullah (salləllahu aleyhi və səlləm) Zeydi (radıyəllahu anhu) peyğəmbərlikdən əvvəl oğulluğa götürmüşdü. Rəbbimiz də, bəndələri üçün faydalı və rahatlıq olması üçün, ümumi bir qanun qoymaq istəmişdi. Sonunda Zeyd (radıyəllahu anhu) Zeynəbi (radıyəlahu anhə) boşadı. İddə (gözləmə müddəti) başa çatdıqda, Rəsulullah (salləllahu aleyhi və səlləm) Zeynəbə (radıyəlahu anhə) elçi göndərdi. "Ey Zeynəb, Rəsulullah (salləllahu aleyhi və səlləm) sənə elçi göndərib" - deyə səslənildikdə, Zeynəb: "Rəbbimlə məsləhətləşmədikcə heç bir şey etməyəcəyəm" - dedi. Namazgahına getdi və namaz qıldı. Uca Allah onu Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) evləndirdi. Ərşinin üstündən nigahlarını kəsdi. Gələn vəhy isə belə oldu: "Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə Zeyd ibn Harisəyə: “Zövcəni yanında saxla, Allahdan qorx!” – deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır. Zeyd zövcəsini boşadıqda səni onunla evləndirdik ki, oğulluqları övrətlərini boşadıqları zaman (o qadınlarla evlənməkdə) möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri mütləq yerinə yetəcəkdir. Allahın Peyğəmbərə vacib, halal buyurduğu bir şeydə, Zeynəblə evlənməkdə ona heç bir günah yoxdur. Daha öncə gəlib-getmiş peyğəmbərlər barəsində də Allahın qayda-qanunu belədir. Allahın əmri əzəli hökmdür! O, mütləq yerinə yetməlidir! O Peyğəmbərlər ki, Allahın hökmlərini, onlara verdiyi risaləti təbliğ edər, risaləti tərk etməkdə Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar. Allah özü haqq-hesab çəkməyə kifayətdir. Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Oğul odur ki, kişinin öz belindən əmələ gələ! Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!". (əl-Əhzab, 37-40).
Rəsulullaha (salləllahu aleyhi və səlləm) vəhy gəldikdə Zeynəbin (radıyəlahu anhə) yanına getdi və bunu xəbər verdi. Zeynəb (radıyəlahu anhə), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) digər xanımlarına fəxrlə belə deyərdi: "Sizi ailələriniz evləndirdi... Amma məni isə, yeddi qat səmanın üzərindən Uca Allah evləndirdi...".

Rəsulullahın (salləllahu aleyhi və səlləm) Zeynəb (radıyəlahu anhə) ilə evlənmə hekayəsi qısaca bundan ibarətdir.

Teqlər: 
Paylaş: