Dinimiz müsəlmanın xristianla evlənməsinə icazə verirmi?

    19.06.2014
Sual: 
Salamlar islam dinində müsəlman qadın və ya kişi xristian qadın və ya kişiylə evlənə və ya sevgili ola bilərmi? yoxsa xristian müsəlman olmalıdırmı?
Cavab: 

Aleykum salam. Dinimiz müsəlman kişilərin xristian və yəhudi qadınların ismətli, iffətli və namuslu olanları ilə evlənməyə icazə verir, digər kafirlərlə isə (ateist, bütpərəst və s.) evlənmək qadağandır. Uca Allah buyurur: "...Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli, iffətli, özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə evlənmək üçün sizə halaldır...". (əl-Maidə, 5).
Müsəlman qadınların isə yalnız müsəlman kişi ilə evlənməsi icazəlidir. Bunun səbəblərindən biri də odur ki, kişinin qadının üzərində təsiri çox olduğu üçün onu və uşaqları öz dininə yönəldə bilər. Uca Allah buyurur: "Müşrik kişilər iman gətirməyincə mömin qadınları onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar". (əl-Bəqərə, 221).

Teqlər: 
Paylaş: