Yaxşılığın əvəzini gözləmək haqqında
Salam aleykum. Etdiyin yaxşılıq əvəzinə minnətdarlıq gözləmək yox, onun savabını Allahdan istəmək lazımdır. Uca Allah buyurur: "Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər: "Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik! Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər". (əl-İnsan, 8-11).
Kiməsə "Allah razı olsun" demək, Uca Allahın ondan razı qalmasını arzulamaqdır. Allahın razılığı onun rəhmətidir. Allahın rəhməti isə Onun müttəqilər (Allahdan qorxanlar) üçün hazırladığı Cənnətidir. Deməli, bir insan digər bir insana yaxşılığın müqabilində Allah səndən razı olsun deyirsə, dolayısı ilə ona Allahdan Cənnət arzulayır: "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Onların öz Rəbbi yanındakı mükafatı ağacların altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdır. Bu nemətlər Rəbbindən qorxanlar üçündür!" (əl-Beyyinə, 7-8).