Cənnətdə elə otaqlar var ki...

    20.04.2025

Bir dəfə Peyğəmbərimiz ﷺ səhabələrə xitab edərək buyurdu: “Cənnətdə elə otaqlar var ki, içi çöldən, çölü də içindən görünür”. Bir bədəvi ərəb soruşdu:
— Ey Allahın Elçisi, bu otaqlar kimə məxsusdur? 
Peyğəmbər ﷺ buyurdu: “Xoş söz danışan, yemək yedirdən, davamlı oruc tutan və gecələr insanlar yatarkən namaz qılanlara”. (ət-Tirmizi, 1984).

Hədisin şərhi:
“Cənnətdə elə otaqlar var ki...”
Burada “otaqlar” deyildikdə evin ən gözəl və ali hissəsi nəzərdə tutulur. Cənnət tək bir məkan deyil, müxtəlif dərəcələri və gözəllikləri olan Cənnətlərdən ibarətdir. Onların içində isə elə otaqlar var ki, şəffaflıq və təmizlik baxımından bənzəri yoxdur – içi çöldən, çölü içindən görünür. Bu otaqlar daşdan deyil, mirvari, yaqut, qızıl və gümüşdən tikilib. Bu qədər gözəllik və şəffaflıq, Allahın bəndələrinə bəxş etdiyi qeyri-adi nemətlərdəndir. Bu, otaqların şəffaflığını və saflığını göstərir və belə otaqlara yalnız müəyyən xüsusiyyətlərə sahib olan insanlar layiq görülür.

Bir bədəvi soruşdu: “Ey Allahın Elçisi, bu otaqlar kimə məxsusdur?”
Bu sual bədəvinin bu dərəcəyə olan rəğbətini və həvəsini göstərir. Peyğəmbərimizin ﷺ  Cənnətdəki otaqları bu cür vəsf etməsi onun qəlbinə toxunmuşdu.
Peyğəmbər ﷺ  belə cavab verdi:

1. “Xoş söz danışan…”

Yəni, gözəl əxlaq sahibi olan, sözləri ilə insanları incitməyən, əksinə könül alan, yumuşaq danışan insanlara. Uca Allah Quranda möminləri vəsf edərək buyurur: “Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdqda: “Salam!”– deyib keçərlər” (əl-Furqan, 63).
Yumuşaq danışıq insanlar arasında kin-küdurəti azaldar, qəlbləri birləşdirər. Uca Allah buyurur: “Onlar səbir etdiklərinə görə Cənnətdə olan yüksək məqamla mükafatlan-dırılacaq, orada xeyir-dua ilə, salamla qarşılanacaqlar” (əl-Furqan, 75).

2. “Yemək yedirən…”

Burada təkcə kasıbları yedirtmək deyil, ailəsinə yemək bişirən qadın, qonaq qəbul edən insan da bu mükafata şamil edilir, bir şərtlə ki, niyyət Allah üçün olarsa. Hətta heyvanlara yemək verən də bu savaba şərik olar. Mərhəmətli insanlar Allahın mərhəmətinə layiq olarlar. Peyğəmbərimiz ﷺ bir hədisdə belə deyir: “Mərhəmət edənlərə ər-Rəhman (Allah) mərhəmət edər. Yer üzündə olanlara rəhm edin ki, göydə olan (Allah) da sizə rəhm etsin” (Əbu Davud, 4941; ət-Tirmizi, 1924).

3. “Davamlı oruc tutan…”

Yəni yalnız Ramazanda deyil, Ramazandan sonra da nafilə oruc tutmaqda davam edərlər. Burada il boyu ara vermədən oruc tutmaq deyil, Şəvval ayının altı günü, hər həftənin birinci və dördüncü günləri, hər hicri ayın 13-14-15-i, Arafa günü, Aşura günü və s. bu kimi sünnət orucları tutmaqla Allahın rizasını qazanmaq nəzərdə tutulur.

4. “İnsanlar yatarkən gecələr namaz qılanlara”

Bu, müti və ixlaslı ibadətin zirvəsidir. Gecə ibadətində Allahla tək qalmaq, sükut içində Onunla danışmaq, dua və səcdə etmək, bu ibadətin çox qiymətli olduğunu göstərir. Allah Elçisi ﷺ  buyurmuşdur: “Gecə namazını qılın! Çünki o, sizdən əvvəlki əməlisalehlərin adətidir. Gecə namazı Allaha yaxınlıq, günahlardan çəkinmə, günahlara kəffarə və bədən xəstəliyini aparandır” (ət-Tirmizi, 3549).

Diqqət etsək görərik ki, bu hədisdə qeyd edilən ibadətlər Ramazan ayında oruclu ikən riayət etdiyimiz ibadətlərdir. Bu ibadətlərə Ramazandan sonra davam etmək isə Cənnəti qazanmağın yollarındandır. Uca Allah bizi Cənnətin bu otaqlarına sahib olan qullarından etsin!

Paylaş: