Peyğəmbəri ﷺ səmimi-qəlbdən sevməyin altı əlaməti

    20.05.2025

Həqiqətən, Peyğəmbərimizi ﷺ sevmək ən əzəmətli itaət və Allaha yaxınlaşdıran ən böyük vəsilədir. Çünki o, Adəm övladlarının ən şərəflisi, bəşəriyyətin rəhbəri, Allahın qullarına nümunə və doğru yola çağıran bir peyğəmbərdir. O, aləmlərə bir rəhmət olaraq göndərilmiş və haqq yolda olanlara bələdçidir. Uca Allah Öz qullarına ona itaət və hörmət etməyi, onu sevməyi, ehtiramını saxlamağı və onun haqqını yerinə yetirməyi vacib etmişdir. Allahın salavatı və salamı onun üzərinə olsun!
Hər bir iddianın doğru olub-olmadığını sübut edən bir dəlilə ehtiyacı olduğu kimi, Peyğəmbəri ﷺ sevməyin də səmimiliyini göstərən əlamətlər vardır. Kimin bu əlamətlərdən nəsibi nə qədər çox olarsa, onun Peyğəmbərə ﷺ olan məhəbbəti də o qədər böyük olar. Bu əlamətlərdən altısını qeyd edək:
 
1) Peyğəmbərin sünnəsinə tabe olmaq və onun yolunu tutmaq.
 
Uca Allah buyurur: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir” (Ali-İmran, 31).
İbn Kəsir bu ayənin təfsirində deyir: “Bu ayə Muhəmmədin ﷺ yolunda olmadığı halda Allahı sevdiyini iddia edən hər kəsin sözlə­rində və əməllərində yalançı olduğunu bəyan edir. Muhəmmədin ﷺ şəriətinə və onun gətirdiyi dinə tabe olmadıqca heç kəs Allahı sevdiyini iddia edə bilməz. Necə ki “Səhih” əsərində Peyğəmbərin ﷺ belə dediyi bildirilir: “Hər kim bizim dinimizdə olmayan bir əməl edərsə, o, rədd olunur”. (Muslim, 4590, 3243)”. Peyğəmbəri ﷺ sevməyin əlamətlərindən biri də onun yolu ilə getmək, sözünə, əməlinə və əxlaqına tabe olmaqdır.
 
2) Peyğəmbəri  çox xatırlamaq və görməyi arzulamaq.
 
İbn Qeyyim (Allah ona rəhmət etsin) deyir: “Bəndə sevdiyini nə qədər çox zikr edər, gözündə onun gözəlliklərini canlandırarsa, ona olan sevgisi artar, az yada saldığı təqdirdə isə, sevgisi zəifləyər. Sevənin gözünü aydınladan sevdiyini görmək, qəlbini rahatladan isə onu xatırlamaqdır”. Muslim rəvayət edir ki, Peyğəmbərimiz ﷺ buyurdu: “Məndən sonra ümmətimdən elə insanlar olacaq ki, məni görmək üçün ailəsini və malını fəda etməyə hazır olacaqlar”. (Muslim, 2832).
Peyğəmbəri ﷺ zikr etmək dedikdə – onun gözəl xüsusiyyətlərini, əxlaqını, sünnəsini və həyatını bəyan etmək və ona çoxlu salavat gətirmək nəzərdə tutulur. Peyğəmbəri ﷺ görməyi arzulamağın, onun yolunu getməyin və bu yolda çalışmağın bəhrəsi Cənnətdə onunla birlikdə olmaqdır.
 
3) Qurani-Kərimi öyrənmək, ona əməl etmək və onun buyurduğu əxlaqi keyfiyyətlərə yiyələnmək.
 
Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “İnsan yalnız Quran vasitəsilə özünü yoxlaya bilər. Əgər Qurana sevgisi varsa, demək ki, o Allahı və Onun Elçisini sevir”.
Qurana sevgi – hidayətin ən böyük qapısıdır. Allah bu Kitabı nur, mərhəmət və zikr olaraq göndərmişdir. O, qəlb xəstəliklərinə şəfadır. Ona sevgi göstərmək, onu avazla və ayələrini düşünərək oxumaq, buyurduqlarına əməl etmək qəlbin dirilməsinə səbəbdir.
 
4) Peyğəmbəri  sevənləri sevmək, onun düşmənlərinə isə nifrət etmək.
 
Bu, imanın ən möhkəm ipidir. Necə ki bu barədə Peyğəmbərdən ﷺ hədis rəvayət edilir: “İmanın ən möhkəm iplərindən biri – Allah üçün sevmək və Allah üçün nifrət etməkdir”. (Əhməd, 18524).
Bu, insanın Allah Rəsulunun ﷺ sevdiyi əməlləri, xüsusiyyətləri və əxlaqları sevməsi, sevdiyi şəxsləri dost tutması; eyni zamanda onun bəyənmədiyi əməllərdən, xüsusiyyətlərdən və şəxslərdən uzaq durması ilə gerçəkləşir. Kim Allah Elçisinin ﷺ nifrət etdiyi şeyləri sevər, sevdiklərinə isə nifrət edərsə, onun Peyğəmbərə ﷺ olan məhəbbət iddiası yalandır. Bu mənanı sübut edən çoxsaylı dəlillər və hədislər vardır. Məsələn: Peyğəmbərimiz ﷺ buyurmuşdur: “Kim Əlini sevərsə, məni sevmiş olar. Kim ona nifrət edərsə, mənə nifrət etmiş olar”. (əl-Hakim, 3/13). Həmçinin buyurmuşdur: “Kim Həsən və Hüseyni sevərsə, məni sevmiş olar. Kim onlara nifrət edərsə, mənə nifrət etmiş olar”. (Əhməd, 7876; İbn Məcə, 143). Həmçinin buyurmuşdur: “Kim ənsarları sevərsə, məni sevdiyinə görə sevər. Kim onlara nifrət edərsə, mənə olan nifrətindən dolayı olar”. (ət-Tabərani, 789). Peyğəmbər ﷺ buyurdu: “Kim məni sevirsə, Usaməni də sevsin” (Muslim, 2942).
Beləliklə, səhabələri, Peyğəmbərin ﷺ Əhli-beytini və onlara gözəl şəkildə tabe olan elm və fəzilət sahiblərini, abidləri və zahidləri sevmək Peyğəmbərin ﷺ sevdiklərini sevməkdir. Eyni şəkildə, fəzilətli əməlləri, kamil ədəbləri, gözəl rəftarı sevmək də onun sevdiklərini sevməkdir. Həmçinin bunun əksi olaraq şər əhlinə və pis əməllərə, pis əxlaq və pis rəftar sahiblərinə nifrət etmək onun nifrət etdiklərinə nifrət etməkdir.
 
5) Peyğəmbəri Uca Allahın ona verdiyi məqamdan üstün etməklə həddi aşmaqdan və ifrata varmaqdan çəkinmək.
 
Bəzi insanlar səmimi məhəbbət adı ilə onu ifrat təriflərlə ucaldırlar. Halbuki Peyğəmbər ﷺ bundan qəti şəkildə çəkindirmişdir. Bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Ey insanlar! Məni Allahın mənə verdiyi məqamdan yuxarı qaldırmayın. Həqiqətən, Allah məni peyğəmbər etməzdən əvvəl Özünə qul etdi”. (əl-Hakim, 4825).
Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, bəziləri dedilər: “Ey Allahın Elçisi, sən bizim ən xeyirlimizsən, ən şərəfli nəslimizdənsən...”. O buyurdu: “Sözünüzü deyin! Şeytan sizi azdırmasın. Mən sadəcə Allahın qulu və elçisiyəm”. (İbn Hibban, 6240). Başqa hədisdə deyilir: “Xristianlar Məryəm oğlu İsanı şişirdib onda həddi aşaraq onu təriflədikləri kimi siz də məni tərifləməyin. Mən sadəcə Allahın quluyam. Odur ki mənə: “Allahın qulu və elçisi”– deyin!” (əl-Buxari, 3445).
 
6) Bidətlərdən çəkinmək və nəfsi istəklərə uymaqdan uzaq durmaq.
 
Peyğəmbərin ﷺ bidətlərdən (dində yeniliklərdən) çəkindirməklə bağlı çoxsaylı və tanınmış hədisləri vardır. Lakin bəziləri elə zənn edir ki, Peyğəmbəri ﷺ sevməyin ən gözəl yolu – bidətlərə yönəlmək, nəfsi istəklərə uyaraq dini elmsiz, Quran və Sünnədə əsası olmayan ayinlərə, mərasimlərə və əsassız davranışlara çevirməkdir. Bəziləri Peyğəmbərə ﷺ olan sevgilərini göstərmək üçün onun mövlud (doğum) gününü bayrama çevirir, hicrət gününü təntənə ilə qeyd edir və İsra gecəsini bir mərasim halına gətirirlər. Həmin günlərdə məclislər təşkil edərək qəsidələr, şeirlər oxuyur və ona təriflər deyirlər.
Əslində bu şəxslərin niyyəti Peyğəmbərə ﷺ sevgi göstərməkdir. Bu əməllər niyyət etibarilə gözəl sayılsa da, onun yolu deyil. Ona olan sevgini göstərməyin doğru yolu yalnız onun yolu ilə gedib sünnəsinə tabe olmaqdır. Nə səhabələrdən, nə tabeinlərdən, nə də tanınmış imam və alimlərdən bu cür davranışlar barədə heç nə nəql olunmayıb. Əksinə, onlardan bizə çatan bu cür yenilikləri qınamaq və onların təhlükəsinə işarə etmək olmuşdur. Əbu Bəkr (Allah ondan razı olsun) xəlifə seçildiyi gün belə demişdir: “Şübhəsiz, mən ancaq tabe olanam, yenilik gətirən deyiləm. Əgər düz yolda olsam, mənə tabe olun, yox əgər yolumdan azsam, məni düzəldin” (İbn Səd, “Tabaqat” əsəri). Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Sünnəyə uyğun bir əməldə orta yol tutmaq bidət əməldə çalışqan olmaqdan daha xeyirlidir” (əl-Hakim, “Mustədrək” əsəri).
Peyğəmbərin ﷺ haqqını və ümmətin ona qarşı olan vəzifəsini bilən şəxs bu yeniliklərə üz tutmaz. Əksinə, onun sünnəsinə tabe olar və yolu ilə gedər. Bu ümmətin ən fəzilətli ilk nəsli olan səhabələr bunu kamil şəkildə dərk etmişlər. Onlar Peyğəmbəri ﷺ analarından, atalarından və canlarından əziz tutardılar, onun sevgisini hər şeydən üstün bilərdilər. Onun yolunda canlarını, mallarını, vaxtlarını fəda edərdilər. Onu izzətləndirər, ehtiram göstərər, haqqını tam şəkildə yerinə yetirərdilər. Onlar ona ən layiqli, onunla yoldaşlığa ən yaxın olan və onun yoluna ən doğru şəkildə tabe olan kəslər idilər.
Uca Allah bizi Peyğəmbərə ﷺ tabe olanlardan, ona iman gətirənlərdən, sevgisində sadiq olanlardan etsin!
Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədin üzərinə olsun!

Paylaş: