Hicri təqvim və Muhərrəm ayı

    17.06.2025

Möhtərəm müsəlmanlar! Mübarək Həcc ayları (Zülqadə və Zülhiccə ayları) bitdikdən sonra Allahın ayı olan Muhərrəm ayı gəlir. Bu ay hicri ilin açarıdır. Yəni hicri il məhz bu aydan başlayır. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Muhərrəm ayını “Allahın ayı” adlandırmışdır. Peyğəmbərimiz ﷺ buyurur: “Fərz namazlarından sonra ən fəzilətli namaz gecənin yarısı qılınan namazdır. Ramazan orucundan sonra tutulan ən fəzilətli oruc isə Allahın ayı olsn Muhərrəm ayında tutulan orucdur”. (Muslim, 1163). Əslində bütün aylar Allahındır, lakin Muhərrəm ayının xüsusi olaraq Allaha nisbət olunması bu ayı şərəfləndir­mək məqsədi daşıyır. Muhərrəm ayı Hicri təqvimin başlanğıcıdır.  
 
Hicri təqvim nədir?
Hicri təqvim İslam təqvimi olaraq da tanınır və bu təqvim Allah Elçisinin ﷺ Məkkədən Mədinəyə hicrət etdiyi ildən başlayır. Müsəlman dünyasında dini ibadətlərin və tarixi hadisələrin hesablanmasında Hicri  təqvim əsas götürülür.
 
Hicri təqvim nə zaman və kim tərəfdən müəyyən edilib?
Hicri təqvim xəlifə Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) dövründə, hicrətin təxminən 17-ci ilində (miladi 638-ci ildə) müəyyənləşdirilib. Buna səbəb isə Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) olmuşdur. O, xəlifə Ömərə məktub yazaraq bəzi rəsmi sənədlərdə tarix yazılmadığı üçün çaşqınlıq yarandığını bildirmişdi. Bu məsələni həll etmək üçün xəlifə Ömər səhabələrlə məşvərət etdi. Müzakirələrdə Əli ibn Əbu Talib, Osman ibn Əffan, Zubeyr ibn əl-Əvvam (Allah onlardan razı olsun) və digər böyük səhabələr iştirak edirdilər. Bəzi səhabələr təqvimin başlanğıcını Peyğəmbərin ﷺ doğulduğu ili, bəziləri vəfat etdiyi ili, bəziləri ilk vəhyin gəldiyi ili, bəziləri isə Peyğəmbərin ﷺ hicrət etdiyi ili təklif etmişlər. Hicrət hadisəsi İslam tarixinin dönüş nöqtəsi olduğu üçün, təqvimin başlanğıcı hicrətin baş verdiyi ildən hesablanmağa başladı. Beləcə: Hicri təqvimin ilk ili hicrətin baş verdiyi il, yəni miladi 622-ci ildir.
Səhabələr Muhərrəm ayını hicri təqvimin ilk ayı təyin etdilər. Bu, əsaslı bir seçim idi, çünki Muhərrəm ayı həm İslamdan əvvəl “haram ay” (döyüşün qadağan olduğu ay) kimi tanınırdı, həm də insanlar arasında ilin başlanğıcı kimi qəbul edilirdi. Hicri təqvim 12 aydan ibarətdir. Aylar bunlardır: Muhərrəm, Səfər, Rabiul-Əvvəl, Rabius-Səni, Cumədəl-Əvvəl, Cumədəs-Səni, Rəcəb, Şaban, Ramazan, Şəvval, Zülqadə və Zülhiccə.
 
Muhərrəm ayının fəziləti və bu ayda baş verən hadisələr
Muhərrəm ayında bir çox hadisələr baş vermişdir. Bu hadisələrdən biri də Musanın Firona qalib gəlməsidir. Bu hadisə haqqın batil üzərində qələbəsidir. Bu onu göstərir ki, batil hansı gücə malik olursa olsun, haqqın qarşısında acizdir və haqq gec-tez ona qalib gələcək. Bu hadisə möminlərin qəlbinə rahatlıq və sabitlik gətirir. Bu hadisə göstərir ki, düşmən kim olursa olsun, hansı gücə malik olursa olsun, o, haqqın qarşısında acizdir. Bu hadisə və bu qələbə Aşura günü, yəni Muhərrəm ayının 10-u olmuşdur. Musa (ona salam olsun) bu günü Allaha şükür əlaməti olaraq oruc tutdu. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldikdə yəhudilərin Aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?” On­lar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmən­lə­rin­dən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tut­muş­dur”. Peyğəmbər ﷺ buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) siz­dən daha layiqəm”. Sonra o, həmin günü oruc tutdu və səhabələrinə də oruc tutmağı əmr etdi. (əl-Buxari, 2004).
Yəhudilərə müxalif olmaq üçün müstəhəbdir ki, Aşura günündən ya bir gün əvvəl, ya da bir gün sonra, yəni iki gün oruc tutulsun. Peyğəmbər ﷺ buyurur: “Allah istəsə glən il doqquzuncu gün də tutarıq”. Əhmədin “Musnəd” əsərində rəvayət etdiyi bir hədisdə Peyğəmbər ﷺ buyurur: “Aşura gününü oruc tutun və yəhudilərə müxalif olaraq, bir gün əvvəl və ya bir gün sonra tutun”. Ona görə də Aşura günü və Aşura günündən bir gün əvvəl və ya bir gün sonra oruc tutulması müstəhəbdir. Bu orucun böyük savabı vardır. Peyğəmbər ﷺ bu xüsusda belə buyurur: “Allahdan diləyirəm ki, Aşura günü tutulan oruc bir il əvvəlki günahları bağışlasın”. (Muslim, 1162). Hədisdə bağışlanması nəzərdə tutulan günahlar kiçik günahlardır. Böyük günahlara görə isə mütləq tövbə olunmalıdır. Aşura orucu barədə ətraflı oxuyun: Aşura günü haqda: Aşura gününün orucu
 

Paylaş: