"Bu dörd gözəl xisləti özündə toplayan cənnətə daxil olar" hədisinin izahı barədə
Aleykum salam. Bu hədisin səhih olmasına inşallah heç bir şübhə yoxdur. Ancaq Əbu Bəkrin bu əməlləri sübh namazından qabaq necə yerinə yetirməsi barəsində geniş təfsilatlı məlumat verilməyib. Sadəcə bu rəvayət Əbu Bəkr Siddiqin (Allah ondan razı olsun) fürsətlərdən yetərincə istifadə etməyə və ibadətləri yerinə yetriməyə necə həris olmasına dəlalət edir. Peyğəmbər (sallallahu aleyhi və səlləm) sual verdikdə Əbu Bəkrin (Allah ondan razı olsun) dərhal cavab verməsi, onun əksər hallarda günlərinin ibadət və itaətlə keçməsinə dəlalət edir. Bizə düşən isə Allah Rəsulundan rəvayət olunan bütün səhih hədislərə, təfsilatını bilsək də, bilməsək də iman gətirməkdir. Uca Allah buyurur: "Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır. O, öz istəyi ilə danışmır. Bu, ona Allah dərgahından təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan (Cəbrayıl) öyrətdi". (ən-Nəcm, 2-5).
Hədis belədir: Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər sübh namazından sonra (sallallahu aleyhi və səlləm) üzünü səhabələrə tutub soruşdu: “Sizlərdən kim bu gün oruc tutub?” Əbu Bəkr dedi: “Mən”. Yenə soruşdu: “Sizlərdən kim bu gün xəstəyə baş çəkib?” Əbu Bəkr dedi: “Mən”. Yenə soruşdu: “Sizlərdən kim bu gün dəfndə iştirak edib?” Əbu Bəkr dedi: “Mən”. Yenə soruşdu: “Kim bu gün kasıba yemək verib?” Əbu Bəkr dedi: “Mən”. (Müslim).
Mərvan rəvayət edir ki, mənə xəbər çatdı ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə dedi: “Bir gün ərzində bu xislətlər (hansı) adamda cəm olsa, o, Cənnətə girər”.
Başqa rəvayət belə deyilir. İbn Abbas (Allah onların hır ikisindən də razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) soruşdu: “Sizlərdən kim bu gün oruc tutub?” Əbu Bəkr (Allah ondan razı olsun) dedi: “Mən”. Yenə soruşdu: “Sizlərdən kim bu gün xəstəyə baş çəkib?” Əbu Bəkr (Allah ondan razı olsun) dedi: “Mən”. Yenə soruşdu: “Sizlərdən kim bu gün dəfndə iştirak edib?” Əbu Bəkr (Allah ondan razı olsun) dedi: “Mən”. Yenə soruşdu: “Kim bu gün kasıba yemək verib?” Əbu Bəkr (Allah ondan razı olsun) dedi: “Mən”. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Bu xislətlər bir gün ərzində (hansı) adamda cəm olsa, o, Cənnətə girər”.