"Alimlər rəhbərdir, onlara tabe olun" ayəsinin təfsiri və dörd məzhəb haqqında

    26.06.2014
Kimdən: 
Cavid
Sual: 
Quranda "alimler rehberdir, onlara tabe olun" sozlerinin menasi ne demekdir? Ve 4 Haqq mezhebini kim teyin edib?
Cavab: 

Aleykum salam. Quranda qeyd etdiyiniz şəkildə ayə mövcud deyil. Sadəcə məna baxımından yaxın ayələr vardır. Məsələn: "Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
Allah Ona və Onun Elçisinə (salləllahu aleyhi və səlləm) itaət etməyi əmr edir və möminlər buna görə dinin vacib və könüllü hökmlərini yerinə yetirməli və bütün haramlardan çəkinməlidirlər. O, insanlar arasında təsirə malik olan hökmdarlara, hakimlərə və müftilərə itaət etməyi əmr edir, çünki onlar hakimiyyət sahiblərinə itaət etdikdə, özlərini Allaha təslim etdikdə və Onun mükafatını almağa can atdıqda insanların dini və dünyəvi işləri sahmana düşə bilər. Lakin hakimiyyət səlahiyyəti olanların hökmlərini yerinə yetirmək o zaman olar ki, onlar Allaha itaətsizlik göstərməyi tələb etməsinlər. Uca Allah buyurur: "Onlara əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə, onu yayarlar. Halbuki bunu Peyğəmbərə və özlərindən olan nüfuz sahiblərinə çatdırsaydılar, içərilərindən onun mahiyyətinə varan kəslər (alimlər) o xəbəri bilərdilər. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, az bir qisminiz istisna olmaqla, (hamınız) şeytana uyardınız". (ən-Nisə, 83).
Uca Allah qullarını bu ləyaqətsiz əmələ görə qınayır və bildirir ki, onlar bütün möminləri sevindirə bilən və ya onları yaxınlaşan təhlükə barədə xəbərdar edən mühüm bir xəbər eşitdikdə, tələsərək onu yaymağa çalışmamalıdırlar, onun doğruluğuna əmin olmaq üçün onu ya Allahın Elçisinə, ya da millət arasında müəyyən təsirə malik, düzgün qərar çıxarmağa qabil və faydalı məsləhət verməyi bacaran, ağıl və bilik sahibi olan və baş verən hadisələr haqqında məlumata malik və müsəlmanlara nəyin fayda verə biləcəyini, nəyinsə zərər vura biləcəyini bilən insanlara çatdırmalıdırlar. Əgər belə insanlar qərara alsalar ki, əldə edilmiş məlumatların aşkar edilib yayılması möminlərə fayda gətirər, onların qüvvətini artırar, onlara sevinc bəxş edər və düşmənlərə qarşı müqavimət göstərməkdə kömək edər, onda belə məlumatları başqalarına açıqlamaq olar. Əgər onlar qərara alsalar ki, bu məlumatların açıqlanması müsəlmanlara heç bir fayda gətirməyəcək və ya faydadan çox zərər gətirəcək, belə olduqda onları açıqlamaq olmaz. Uca Allah buyurur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (əl-Ənbiyə, 7).
Bu ayə daha böyük əhəmiyyətə malikdir və dinin bütün ümumi və xüsusi məsələlərinə aid edilir. Əgər insan hər hansı bir məsələnin həllinin cavabını tapa bilmirsə, onda o, müvafiq biliklərə malik olan şəxslərə müraciət etməlidir. Deməli, şərh etdiyimiz ayə elmi əməli saleh dini mütəxəssislərdən və alimlərindən almaq hökmünü nəzərdə tutur. Bu isə o deməkdir ki, əgər onlar  müvafiq biliklərə malikdirlərsə, onda insanların suallarına cavab verməli və onları öyrətməlidirlər. Elm sahiblərinə suallarla müraciət etmək əmrindən həmçinin aydın olur ki, cahillikləri ilə tanınan insanlara sual vermək qadağan edilmişdir.  Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) rəvayət olunan bir hədisdə belə deyilir: "...Alimlər peyğəmbərlərin varisləridir". (Əbu Davud, 3641; ət-Tirmizi, 2682; İbn Məcəh, 223; Əhməd, 5/196, №: 21763; İbn Hibban 1/189, №: 88; İbn Əsakir "Tarix Diməşq", 25/247; İbn Həcər "Təxric Mişkatul-Məsabiih", 1/151).

Məhəmməd peyğəmbərin (salləllahu aleyhi və səlləm) dövründə müsəlmanlar arasında birlik və həmrəylik hökm sürürdü. Hansısa məsələ ətrafında ixtilaf yarandığı zaman peyğəmbərə müraciət olunar, onun verdiyi qərar əsas götürülər və bununla da, ixtilafların yaranmasının və böyüməsinin qarşısı alınardı. Raşidi xəlifələr, səhabə və tabiinlərin (səhabələrdən sonra gələn nəsil) dövründə də etiqad və şəriət məsələlərilə bağlı mübahisə yarandıqda onlara müraciət olunar, hər kəsi qane edən cavablar alınar və müsəlmanlar arasında ixtilafa yol verilməzdi. Sonrakı dövrlərdə səhabələr və ardıcılları dünyalarını dəyişdikdən sonra müsəlmanlar onları maraqlandıran suallara münasibət bildirmək üçün şəriətə dərindən bələd olan müctəhid və alimlərə müraciət edirdilər. Onlar da müsəlmanları düşündürən məsələləri dərindən öyrənər və lazımi cavab verirdilər. Beləliklə, həmin alimlərin etiqad və şəriət məsələlərinə dair fikirləri insanlar arasında yayılmağa başladı və hicri təqviminin birinci əsrinin sonlarından İslam dünyasında dini-hüquqi məktəblər yarandı. "Hənəfi", "Maliki", "Şafi" və "Hənbəli" adları alimlərin adı ilə bağlıdır. Bu məzhəblər arasında islamın əsaslarında heç bir ixtilaf yoxdur. İxtilaf yalnız bəzi ikinci dərəcəli şəriət məsələlərindəki hökmlərlə bağlıdır.  
Ümumən isə İslamda məzhəb təəssübkeşliyi, bir məzhəbin tərəfini saxlamaq yoxdur. Çünki, bu alimlər özləri demişdirlər ki, əgər sizə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) elə bir sözü gəlib çatsa ki, bizim dediyimizlə ziddiyət təşkil edir, bizim sözümüzü kənara qoyub Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sözünü götürün. Onlar deyib ki, hədis səhihdirsə, bu bizim məzhəbimizdir. Əks təqdirdə bu bizim sözümüzdür və hər bir adəm övladı kimi bizdə xəta edə bilərik. Həmin alimlərin dövründə səhih hədislər hələ tam toplanmamışdı. Ona gördə də indiki dövrdə müsəlmanlar alimlərin sözü ilə ziddiyət təşkil edən hədisləri gördükdə  alimin sözünü yox, hədisi əsas götürməlidirlər. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və firqələrə bölünüb bir-birinizdən ayrılmayın!" (Ali-İmran, 103).

Teqlər: 
Paylaş: