Peyğəmbərin ﷺ Aişəyə "Əbu Zərr Ummu Zərə qayğı göstərib onu sevdiyi kimi, mən də səni sevirəm" hədisi barədə
Və aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xanımları ilə gözəl rəftar edərdi. O, Aişəni (Allah ondan razı olsun) sevər, onun sözlərinə qulaq asar, könlünü xoş edərdi. Sualda qeyd olunan hədis əl-Buxari və Muslimin "Səhih" əsərlərində rəvayət edilən hədisin bir hissəsidir. Hədisdə möminlərin anası Aişə (Allah ondan razı olsun) on bir qadının hekayəsini danışır. Onlar bir-birilərinə əhd-peyman bağlamışdılar ki, ərləri barədə heç nə gizlətməsinlər, qəlblərindəki kimi düzünü söyləsinlər. Hədis uzun olduğu üçün suala aid olan hissəni qeyd edirik. Hədisdə deyilir: "...Sonra isə on birincisi sözə başladı: “Mənim ərim Əbu Zərdir. (Nə bilirsiniz) Əbu Zərr kimdir?! O mənim qulaqlarımı zinət əşyaları ilə bəzəmiş, mən (onun qayğısı sayəsində) toppuş olmuş, habelə o mənə sevinc bəxş etmiş və bu mənim könlümü şad etmişdir. O məni bir neçə qoyuna sahib olan ailədən alıb at və dəvə sürüsünə sahib, habelə taxıl döyməklə məşğul olan və tərtəmiz taxıla sahib olan bir ailəyə gəlin gətirmişdi. Onun evində danışdığım sözlərə görə heç kəs məni tənbeh etmir, istəyəndə günortaya qədər yata bilirəm və istədiyim qədər (süd və s.) içirəm. Əbu Zərin anası. (Nə bilirsiniz) Əbu Zərin anası kimdir?! Onun bazar zənbilləri həmişə dolu olur, evi də olduqca genişdir. Əbu Zərin oğlu. (Nə bilirsiniz) Əbu Zərin oğlu kimdir?! Onun yatağı xurma çubuğuna bənzəyir, özü də dörd aylıq çəpişin ayağını yesə doyar. (Qadın bununla oğlanın olduqca nərmənazik olduğunu bildirmişdir). Əbu Zərin qızı. (Nə bilirsiniz) Əbu Zərin qızı kimdir?! O, ata-anasının qayğısına qalan toppuş bir qızdır. Onun gözəlliyi günüsünü (yəni ərinin digər zövcələrini özündən çıxardır) qəzəbləndirir. Əbu Zərin kənizi. (Nə bilirsiniz) Əbu Zərin kənizi kimdir?! Bu kəniz bizim söhbətlərimizi orda-burda danışmaz, yeməyimizi israf etməz, evimizi də həmişə təmiz və səliqəli saxlar. (Bir dəfə axşamüstü) artıq heyvanlar sağıldıqdan sonra Əbu Zəri evdən bayıra çıxdı və yanında bəbir kimi iki uşağı olan bir qadına rast gəldi. Uşaqlar (əllərini) onun belinin altından salıb iki narla oynayırdılar. (Qadının yanları yekə olduğundan o yerə uzandıqda beli yuxarı qalxmış və uşaqlar əllərindəki narları onun belinin altından o tərəf-bu tərəfə diyirləyirlərmiş. “Fəthul-Bari”, 9/273) Əbu Zər məni boşayıb onunla evləndi. Mən də ondan (boşandıqdan) sonra alicənab bir adama, yorulmaq bilməyən gözoxşayan bir at minən, əlində də nizə gəzdirən birisinə ərə getdim. O mənə çoxlu var-dövlət bəxş etdi, (ev) heyvanlarının hər növündən mənə bir cüt verdi və dedi: “Özün də ye, qohumlarına da ver, ey Ummu Zəri!” (Buna baxmayaraq) əgər mən onun verdiklərinin hamısını bir yerə yığsaydım, (bu əşyalar) Əbu Zərin ən balaca qabı qədər olmazdı”. Aişə demişdir: “Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənə dedi: “Əbu Zərr Ummu Zərə qayğı göstərib onu sevdiyi kimi, mən də səni sevirəm. Lakin Əbu Zərr Ummu Zəri boşadı, mən isə səni boşamaram” (əl-Buxari, 5189).