Heyvanların ruhu varmı?
Aleykum salam. Bəli, heyvanların ruhları vardır: "Vəhşi heyvanlar bir yerə toplanacağı zaman". (ət-Təkvir, 5) ayəsi heyvanların da məhşər meydanına çıxarılacağanı xəbər verir. Bir hədisdə peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurur ki, bədənində qanı olan hər bir canlının ruhu var. Uca Allah buyurur: "O gün insan öz əlləri ilə etdiyi (yaxşı, pis) əməlləri görəcək, kafir isə: "Kaş torpaq olaydım!" - deyəcəkdir. (ən-Nəbə, 40) ayəsinin təfsiri ilə bağlı Abdullah ibn Ömər və Əbu Hurəyrə (Allah onlardan razı olsun) bildirmişlər ki, Uca Allah məhşər günündə heyvanları üzləşdirib haqlarını ödətdirəcək, sonra da onlara "torpaq olun" buyuracaq. Əbu Hurəyrəyə (radıyəllahu anhu) istinadən rəvayət olunan hədisdə Allah Rəsulunun belə söylədiyi xəbər verilir: "Qiyamət günü hər kəsin haqqı veriləcək; hətta buynuzsuz qoç buynuzlu qoçdan (onu vurduğuna görə) öz haqqını alacaq". (Muslim "əl-Birr val-Sılə val-Ədəb", 4679). Heyvanların cəhənnəm əzabından qurtulmalarına qibtə ilə baxan kafirlər isə özlərinin də torpaq olmalarını arzu edəcəklər. Uca Allah buyurur: "Yer üzündə gəzən heyvanların və göydə uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar". (əl-Ənam, 38).