Nə üçün nikah müqaviləsi kişinin əlindədir? Qadın iddə müddəti ərzində evə icazəsiz usta çağıra bilərmi?
Və aleykum Salam. Uca Allah Quranda nikah müqaviləsinin kişinin əlində olduğunu bildirərək buyurur: "Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Qadınların bunu ərlərinə bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu qadına bağışlaması isə istisnadır" (əl-Bəqərə, 237).
İbn Kəsir bu ayənin təfsirində deyir: "İbn Əbu Hətim rəvayət edir ki, Şureyh demişdir: "Bir dəfə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) məndən nikah müqaviləsi olan kəs barədə soruşdu. Mən ona: “O, qadının vəlisidir (himayədarıdır)”- dedim. Əli dedi: “Xeyr, o ərdir”. (əd-Dəraqutni, 3713, 3757; əl-Beyhəqi "Sunənul-Kubra" 14223, 14835)". Nikah müqaviləsi kişinin əlində olduğu kimi, onu pozmaq – yəni talaq vermək haqqının da onun əlində olması ədalətə daha uyğundur. Çünki bu əhdi bağlayan odur, elə isə onu pozmaq məsuliyyəti də ona həvalə edilmişdir. Həm də kişi qadının üzərində məsuliyyət daşıyır və onun üzərində ixtiyar sahibidir. Uca Allah buyurur: "Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın insanlardan bəzilərini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görədir" (ən-Nisa, 34). Bu rəhbərlik və məsuliyyət ona verildiyinə görə, bu işin hökmü də onun əlində olur. Bu, düzgün düşüncənin və hikmətli baxışın tələbidir. Digər tərəfdən, kişi adətən qadına nisbətən daha təmkinli düşünər, nəticəni daha uzaqdan görər. O, çox vaxt zərurət olmadan talaqa əl atmaz. Əgər bu iş qadının əlində olsaydı, hissiyyata daha tez qapılması səbəbilə qadın tələsik qərarlar verərdi. Bəzən qadın birinə meyl edər və bu səbəblə ailəsini dağıda bilər. Bu kimi hikmətlər talaq haqqının kişiyə verilməsinin əsas səbəblərindəndir.
Səbəbsiz olaraq zövcəsini boşayan şəxsə gəlincə, alimlər bildirmişlər ki, talaq şəriətdə beş hökm üzrə dəyişə bilər: bəzən vacib olar, bəzən haram, bəzən müstəhəb, bəzən məkruh, bəzən isə sadəcə icazəli. Əslində talaq sevilən bir əməl deyildir. Çünki o, şəriətin təşviq etdiyi nikah bağını qırır və çox vaxt ailənin dağılmasına, övladların zərər görməsinə səbəb olur.
Lakin ər-arvad arasında xoşbəxt həyat mümkün olmadıqda və ayrılıq zəruri olduqda, talaq icazəli olur. Bu da Allahın Öz qullarına olan mərhəmətindəndir. Əgər insanlar əzablı bir həyat içində qalmağa məcbur olsaydılar, həyat onlar üçün daha ağır olardı. Lakin Uca Allah ehtiyac zamanı bu çıxış yolunu halal etmişdir. Lakin əgər kişi heç bir haqqı və ciddi səbəbi olmadan talaqa əl atarsa, bu əməl hökm baxımından icazəli olsa da, qadına qarşı haqsızlıqdır və kişi, bu işinə görə Allah qarşısında cavab verəcəkdir.
Geri qaytarıla bilən boşanmada (yəni birinci və ikinci talaqda) iddə müddəti ərzində qadın hələ də ərinin həyat yoldaşı sayılır. Bu müddət ərzində qadın ərinin evində qalmalı və onun icazəsi olmadan zərurət olmadıqca çıxmamalı, evlə bağlı mühüm işlərdə (məsələn, qonaq qəbul etmək və ya usta çağırmaq kimi) ona xəbər verməlidir. İbn Ömər (Allah ondan razı olsun) demişdir: "Ərin arvadı üzərindəki haqqı: ərindən icazəsiz evdən çıxmamasıdır. Əgər çıxarsa, əri zalım və asi bir kimsə olsa belə, evə dönənə yaxud tövbə edənə qədər Uca Allah və qəzəb mələkləri ona lənət edərlər". (ət-Tayalisi "Muhəddisul-Əhadis", s. 67). Həmçinin qadın ərinin icazəsi olmadan da evə heç kəsi buraxmamalıdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "…Sizin qadınlar üzərində haqqınız, evinizə xoşlamadığınız kimsələri buraxmamasıdır…". (Səhih Sunən İbn Macəh, №: 1501; ət-Tirmizi, 2/315/ №: 1173).
Əgər ər uzaqdadırsa və əlaqə qurmaq çətindirsə, qadın zəruri ehtiyaclarını (məsələn, təmir kimi) həll edə bilər, lakin iffət və hicab qaydalarına ciddi riayət etməlidir. Ümumən, qadın iddə müddətində haraya getdiyini və nə etdiyini ərinə bildirməli, ər də öz növbəsində məsuliyyətsiz davranmamalı, qadının qeyrətini və haqqını qorumalıdır. Həmçinin oxuyun: