"Allahummə inni ətəbərrəu min hauli və quvvəti və əltəjiu ilə haulikə və quvvətik..." duası doğrudurmu?
Və aleykum Salam. Sualda qeyd etdiyiniz duanın Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nisbət olunduğunu göstərən bir dəlilə rast gəlmədik. Lakin bu dua məna baxımından doğrudur. Bəzi alimlər bu duanın mənasının doğruluğuna Bəra ibn Azibdən (Allah ondan razı olsun) gələn bu hədisin şahidlik etdiyini bildirmişlər: Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yatağına uzanıb yatmaq istədikdə sağ böyrü üstə çevrilib deyərdi: "Allahummə, əsləmtu nəfsi ileykə və vəccəhtu vachi ileykə və fəvvədtu əmri ileykə və əlcətu zahri ileykə, rağbətən və rahmətən ileyk. Lə məlcə vələ məncəə minkə illə ileyk. Aməntu bikitabikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəlt. (Allahım! Sənə ümid edərək və Səndən qorxaraq canımı Sənə təslim etdim, üzümü Sənə çevirdim, işimi Sənə həvalə etdim, kürəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!)" (əl-Buxari, 6315).