Qəlbin fitnələr qarşısında aqibəti: nur, yoxsa qaranlıq?

    21.04.2026

 

Həqiqətən, müsəlmanın islah etməli və qayğı göstərməli olduğu ən mühüm bədən üzvü köksündəki qəlbidir. Çünki qəlb əməllərin əsası və bədənin hərəkətlərinin mənbəyidir, o, sanki öz ordusuna hökm edən bir hökmdar kimidir — qəlb düzələrsə, bədən də düzələr, qəlb pozularsa, bədən də pozular.

Peyğəmbər ﷺ qəlbin islahına böyük əhəmiyyət verər, ona tam qayğı göstərər, hədislərində və dualarında bunu tez-tez tövsiyə edər və belə dua edərdi: “Allahım, qəlbimə nur ver” (əl-Buxari, 6313; Muslim, 763), “Allahım, xüşu olmayan qəlbdən Sənə sığınıram” (Muslim, 2722); “Allahım, qəlbimi günahlardan ağ paltarın kirdən təmizləndiyi kimi təmizlə” (əl-Buxari, 6375; Muslim, 589); “Allahım, nəfsimə təqva ver və onu pak et, Sən onu ən yaxşı pak edənsən, Sən onun sahibisən və mövlasısan” (Muslim, 2722). Həmçinin belə deyərdi: “Ey qəlbləri çevirən, qəlbimi dinində sabit et!” (ət-Tirmizi, 2140).

Hər bir müsəlmana vacibdir ki, zahiri əməllərini düzəltməklə yanaşı qəlbini də təmizləməyə, islah etməyə və saflaşdırmağa xüsusi diqqət yetirsin. Çünki batin pozularsa zahirin düzgünlüyünün faydası olmaz. Müsəlman qəlbini ixlas, səmimiyyət, Allah və Onun Elçisinə ﷺ məhəbbətlə islah edərsə, əzaları da düzələr, zahiri halı da gözəlləşər. Numan ibn Bəşir rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Bədəndə bir parça ət var, o düzələrsə bütün bədən düzələr, o pozularsa bütün bədən pozular — bilin ki, o ət parçası qəlbdir” (əl-Buxari, 52; Muslim, 1599).

Buna görə də alimlər bildirmişlər ki, qəlb bədənin hökmdarı, digər bədən üzvlər isə onun itaətkar əsgərləri kimidir; hökmdar düz olarsa, ordu düz olar, hökmdar pozularsa ordu da pozular. Uca Allah buyurur: “O gün, nə var-dövlət, nə də oğul-uşaq fayda verər. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” (əş-Şuəra, 88-89).

Qəlblərin məruz qaldığı fitnələr iki növdür:

1)      Şəhvət fitnələri;

2)       Şübhə və azğınlıq fitnələri.

Hüzeyfə ibn əl-Yəmən rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həsir təd­riclə (ada­mın böyründə) iz buraxdığı kimi, fitnələr də qəlblərdə iz buraxır. Hansı qəl­bə bu fitnələr (birdəfəlik) daxil edilərsə, o qəlbə qara ləkə düşər. Han­sı qəlb də bunları rədd edərsə, onda ağ ləkə əmələ gələr. Sonda iki qəlb kimi olar; (biri) ağappaq hamar (fitnə onun üstündə qərar tuta bilməyən) qayaya bənzər. Göylər və yer durduqca, belə qəl­bə heç bir fitnə zərər verə bilməz. Digəri isə qırmızımtıl qara rəngli, darboğaz kuzəyə bənzər. Bu qəlb özünə sevdirilmiş arzulardan başqa heç bir yaxşılığa əhəmiyyət verməz və heç bir günahı inkar etməz” (Muslim, 144, 386).

Peyğəmbər ﷺ bu hədisdə qəlbləri iki hissəyə bölmüşdür: birinci qisim qəlblər fitnəyə məruz qaldıqda süngər suyu çəkdiyi kimi onu özünə çəkir və nəticədə qəlbində qara nöqtələr yaranaraq getdikcə qaralar və tərsinə çevrilmiş hala düşər. Belə qəlb qaralıb alt-üst olduqda iki təhlükəli xəstəliyə düçar olur:

Bunlardan biri budur ki, ona görə yaxşı ilə pis qarışar; artıq nə yaxşılığı tanıyar, nə də pisliyi inkar edər. Hətta bu xəstəlik güclənərsə, yaxşını pis, pisi yaxşı, sünnəni bidət, bidəti sünnə, haqqı batil, batili isə haqq hesab edər.

İkincisi isə odur ki, o qəlb nəfsinin istəyini Peyğəmbərin ﷺ gətirdiyi haqdan üstün tutaraq ona tabe olar.

İkinci qisim isə ağ qəlbdir; iman nuru onun daxilində parlayır və işıq saçır, bu qəlb fitnəyə məruz qaldıqda onu rədd edir və bununla nuru, parlaqlığı və gücü daha da artır.

Nəticə olaraq: Hər bir müsəlmana vacibdir ki, fitnələrin artdığı, bidətlərin çoxaldığı və din barədə cəhalətin yayıldığı bir zamanda qəlbinin salamatlığına xüsusi diqqət yetirsin. Çünki qəlb qorunarsa, insan da qorunar və haqq üzərində sabit qalar. Uca Allah buyurur: “Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” (əl-Həcc, 78).

Paylaş: