Diqqətim başqa yerdə olarkən yalnız dil ilə etdiyim zikr doğrudurmu?

    29.04.2026
Kimdən: 
Gunay
Sual: 
Salam aleykum. Mən hər gün mütləq şəkildə zikrlər edirəm. Yol gedərdə, işdə olanda vs. Amma, çox vaxt diqqətim başqa yerdə olur dilim zikr edir sadəcə. Yəni bu yalnışdır görəsən?
Cavab: 

Və aleykum Salam. Müsəlmana yaraşan odur ki, Allahı gözəl şəkildə zikr etsin ki, zikrin bəhrəsini görsün. Bu isə zikri həm dillə, həm də qəlblə etməklə olur. Zikr edən şəxs təkcə dili və dodaqları hərəkət etdirməklə kifayətlənməməlidir. Uca Allah buyurur: "Möminlər o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri qorxudan titrəyər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edərlər" (əl-Ənfal, 2). Allah qorxusu və imanın artması zikrin bəhrələridir və onu yalnız təfəkkür etmək və düşünməklə əldə etmək olar. Müsəlman yalnız dili ilə zikr edib qəlbi ilə zikr etməzsə, zikrin gözlənilən bəhrələri tam şəkildə əldə olunmaz və bu əməl naqis olar. İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) demişdir: "Qəlbən zikr etmək insanda Allahı tanımağı artırır, Ona məhəbbəti oyadır, Ondan həyanı çoxaldır, qorxunu dirildir, Allahın onu nəzarət etdiyi hissini gücləndirir və insanı itaətdə səhlənkarlıqdan, günah və pisliklərdə laqeydlikdən çəkindirir. Yalnız dilin zikri isə bunların heç birini tam şəkildə hasil etməz, əgər bir şey versə belə, onun bəhrəsi zəif olar" (əl-Vabil əs-Səyyib, 221). 

Lakin əgər insan yalnız dili ilə zikr edərsə, buna görə də savab qazanar, lakin bu savab etdiyi əmələ görə olar. Çünki dili zikrlə hərəkət etdirmək saleh bir əməldir və dilin itaətlərindən sayılır. Əgər qəlb də bu zikrə qoşularsa, bu daha kamil olar, qoşulmasa belə, yenə də öz payı qədər savab qazanar. 

Teqlər: 
Paylaş: