Zəkatı kasıblara çatdıracağına and içərək məni aldadan şəxs pulu mənimsəyibsə, zəkatım qəbul olunmuş sayılırmı?
Və aleykum Salam. Əgər siz həmin şəxsə etibar edərək zəkatınızı və sədəqənizi kasıblara çatdırması üçün vermisinizsə, üstəlik o da sizə and içərək bunun belə olduğunu təsdiqləyibsə, onun sonradan xəyanət etməsi sizin günahınız deyil. Əgər siz zəkatı verərkən onun həqiqətən şəriət üzrə zəkat almağa layiq şəxslərə çatdırılacağına əsaslı şəkildə inanırdınızsa, sonradan həmin şəxsin sizi aldatdığı üzə çıxıbsa, zəkat borcunuz ödənmiş sayılır və yenidən ödəməyiniz tələb olunmur. Siz, niyyətinizə görə savab qazanırsınız. Uca Allah buyurur: “Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz”. İbn Kəsir bu ayənin təfsirində demişdir: "Əta əl-Xorasani (Allah ona rəhmət etsin) demişdir: "Ayədə nəzərdə tutulan budur: "Əgər sən malını Allahın Üzünü diləyərək verirsənsə, verdiyin adamın əməlindən sən cavabdeh deyilsən". (İbn Əbu Hatim, 2860). ... Qeyd edək ki, Allahı Üzü dedikdə "Allah üçün" , "Allahın Özü üçün" nəzərdə tutulur. Buradan çıxan nəticə budur ki, sədəqə verən adam Allahın Üzünü diləyərək sədəqə verərsə, onun mükafatını Allah verər. Verdiyi adamın itaətkar və ya günahkar olmasına, sədəqəyə layiq olub-olmamasına görə ona günah yazılmaz. O, niyyətinə görə savab qazanır". əl-Buxari və Muslimin "Səhih" əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunan hədis də buna dəlildir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir nəfər: “Mən mütləq sədəqə verəcəyəm”- dedi, sonra da (verəcəyi) sədəqəni götürüb (evdən) çıxdı və (özü də bilmədən) onu bir oğruya verdi. Səhər açıldıqda insanlar: “Oğruya sədəqə verilmişdir”– deyə danışmağa başladılar. Bu adam: “Allahım, həmd Sənə məxsusdur! Mən yenə sədəqə verəcəyəm”- dedi, sonra verəcəyi sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu zinakar bir qadına verdi. Səhər açıldıqda insanlar: “Bu gecə zinakar qadına sədəqə verilmişdir”- deyə danışmağa başladılar. Adam: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqə) zinakar qadına çatdı. Mən yenə sədəqə verəcəyəm”- dedi, sonra sədəqəni götürüb (evdən) çıxdı və (bilmədən) onu varlı bir adama verdi. Səhər açıldıqda insanlar: “Varlıya sədəqə verilmişdir”- deyə danışmağa başladılar. Adam dedi: “Allahım, həmd Sənə məxsusdur! (Verdiyim sədəqələr) oğruya, zinakara və varlıya qismət oldu”. Bundan sonra bir nəfər onun yanına gəlib dedi: “Sənin sədəqən qəbul olundu. Zinakar qadına gəldikdə isə, ola bilsin ki, o, (ibrət alıb) zinakarlığına son qoysun. O ki qaldı varlı adama, ola bilsin ki, o, (bundan) ibrət alsın və Allahın ona verdiyi nemətlərdən (Onun yolunda) xərcləsin. Oğruya verdiyin sədəqəyə gəlincə, ola bilsin ki, o, (bundan ibrət alsın) və oğurluq etməkdən əl çəksin”. (əl-Buxari, 1332, 1421; Muslim, 1698, 2409). Həmçinin oxuyun: