Ziyarətgahdan gələn üzüyü barmağıma taxıb getsəm imtahanda uğur qazanaram?
Aleykum salam. Bu şirkə səbəb ola bilər. Uca Allah buyurur: "Əgər sən onlardan: "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, onlar mütləq: "Allah!"– deyəcəklər. De: "Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?" De: "Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!" (əz-Zumər, 38).
"Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz". (Yunus, 107).
İmran ibn Huseyn (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bir dəfə qolunda sarı halqa (qolbağ) olan bir nəfəri görüb buyurdu: "Bu nədir?". Adam: "Zəiflik üz verməsin deyə gəzdirirəm" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Dərhal onu çıxart, çünki o, sənin zəifliyini daha da artırır. Əgər qolunda bu qolbaqla ölsən heç vaxt rahatlıq tapmazsan". (Əhməd ibn Hənbəl; İbn Məcəh).
Uqbə ibn Amir (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Allah boynunda dua (tilsim, həmayil) asanın axirətini xeyirli etməz, gözmuncuğu gəzdirənə sığınacaq verməz". (Əhməd ibn Hənbəl; İbn Hibban).
Başqa bir rəvayətdə isə belə deyilir: "Kim tilsim assa, şirk etmiş olur". (Əhməd ibn Hənbəl; əl-Hakim).
İbn Əbu Hatim (Allah ondan razı olsun) rəvayət edir ki, Huzeyfə (Allah ondan razı olsun) əlində qızdırmaya qarşı ip bağlamış bir nəfəri gördükdə ipi qırdı və bu ayəni oxudu: "İman gətirənlərin əksəriyyəti Allaha şərik qoşmadan inanmırlar". (Yusuf 106).