Dörd məzhəbə tabe olmayan əhli-sünnədən sayılırmı?
Aleykum salam. Dörd məzhəbə tabe olmasa belə, tabe olduğu yol, Quran ayələrinə və səhih hədislərə əsaslanan bir məzhəb olsa və bu dörd məzhəbi də inkar etməsə doğru yolda sayılır. İslamda hansısa məzhəbə və ya alimə tabe olub kor-koranə təqlid etmək yoxdur. İslama görə tabeçilik yalnız Uca Allaha və Rəsulunadır. Örnək olaraq tabe olunası şəxs yalnız Allahın Rəsulu Məhəmməd Peyğəmbərdir (salləllahu aleyhi və səlləm). Bu xüsusda Uca Allah belə buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzab, 21).
"Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab, 36).
Lakin bilmədiyimiz məsələləri alimlərdən öyrənə bilərik. Allah Təala buyurur: "...Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!" (əl-Ənbiya, 7).
Həmçinin alimləri özləri deyiblər ki, bizim sözüm Quran və səhih hədislərə uyğun gəlməzsə, onu bizdən qəbul etməyin. Bizim məzhəbimiz və sözümüz yalnız Quran ayələri və səhih hədislərdir.
Amr ibn əl-As (radıyəllahu anhu) rəvayət etmişdir ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitmişdir: "Əgər hakim (alim) hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm düz çıxsa, iki savab qazanar. Əgər hökm verdiyi zaman ictihad etsə, sonra da verdiyi hökm səhv olsa, yenə də bir savab qazanar". (əl-Buxari, 7352).