Ata-ananı incitməyin günahı barədə
Aleykum salam.
Valideynləri incitməyin günahı
Ata-ananı incitmək böyük günahlardan hesab olunur. İslam dini böyüklərə, xüsusəndə valideynlərə hörmətlə və nəvazişlə yanaşmağı buyurur. İslam dininə görə Uca Allahın və Onun Elçisinin (salləllahu aleyhi və səlləm) haqqından sonra valideyn haqqı ən böyük haqq hesab olunur. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!"– de. (əl-İsra, 23-24).
"Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm". (əl-Ənkəbut, 8).
"Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu (bətnində) gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün (səni məcbur etməyə) cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm". (Loğman, 14-15).
Əbu Bəkrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu demişdir: "Sizə ən böyük günahları çatdırımmı?" Biz dedik: Bəli, ey Allahın Elçisi. O (salləllahu aleyhi və səlləm) buyurdu: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, - bu zaman Peyğəmbər (salləllahu aleyhi və səlləm) dirsəklənmişdi. O, oturub buyurdu: yalan danışmaq, yalandan şahidlik etmək, yalan danışmaq, yalandan şahidlik etmək". Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözləri təkrarlayırdı və mən öz-özlüyümdə dedim ki, o susan deyil" (əl-Buxari vә Muslim).
Muğirə ibn Şöbə (Allah ondan razı olsun) Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edərək demişdir: "Uca Allah sizə valideynlərinizin üzünə ağ olmağı, kiminsə haqqını verməməyi, kimdənsə lazım olmayanı istəməyi və qız uşaqlarını diri-diri basdırmağı haram etmişdir. Həmçinin sizin üçün, dedi-qodu etməyi, çoxlu sual verməyi və malı tələf etməyi məkruh etmişdir (bəyənməmişdir)". (əl-Buxari vә Muslim).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə qarşı edilən itaətsizlik bundan istisnadır. Allah ona ölümündən öncə dünyada cəzasını verər". (ət-Tabərani).
"Rəbbin razılığı valideynin razılığındadır, qəzəbi də valideynin qəzəbindədir". (ət-Tirmizi; İbn Hibban; əl-Hakim).
"Burnu yerlə sürünsün, burnu yerlə sürünsün, burnu yerlə sürlsün! Səhabələr soruşdu: "Kimin ya Rəsulullah?" Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurdu: "Valideynləri yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub) Cəhənnəmə girən kəs". (Muslim; ət-Tirmizi).
Əbu Hureyra (radıyəllahu anhu) dedi: "Ölən adamın dərəcəsi onun vəfatından sonra bir qədər də qaldırılar. O da: "Ey Rəbbim! Bu nəyə görədir?" deyə soruşar". (Ona) "Övladın sənin üçün dua etmişdir" - deyilər". (Hədis səhihdir).
Bir kişi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gələrək dedi: "Ey Allahın Elçisi! Mənim boynumda valideynlərim üçün, onlar vəfat etdikdən sonra edəcəyim yaxşılıq qalmışdırmı? Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Bəli, onlar üçün dua etmək, dediklərini həyata keçirmək və onların saxladıqları qohumluq əlaqələrini davam etdirmək". (Əbu Davud).
"Ən gözəl yaxşılıq, övladın atası öldükdən sonra, onun sevdiyi dost-tanışlarla əlaqə saxlamasıdır". (Muslim).
"Ata – (bəzi rəvayətlərdə ana) – Cənnətin orta qapısıdır. Bu qapını sındıra da bilərsən, qoruya da bilərsən". (ət-Tirmizi "Birr", 3; İmam Əhməd "Musnəd", 5/197).
"Ata, cənnət qapılarının ən xeyirlisinə girməyə vəsilədir. Artıq ya ata haqqına ehtiyatsızlıq etməklə o qapını itir və ya onun haqqına o qapını əldə etməyə çalış". (İbn Məcəh).
"Dörd cür insan vardır ki, Allah onları cənnətə qoymayacaq və onları cənnətin nemətlərindən faydalandırmayacaq. Davamlı içki içən, faiz yeyən, haqsız yerə yetim malı yeyən və ana-atasına qarşı asi olanlardır". (ət-Tirmizi).
"Bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və cihada getməsi üçün ondan icazə istədi. O, (salləllahu aleyhi və səlləm) dedi: "Valideynlərin sağdırmı? O dedi: "Bəli". O, (salləllahu aleyhi və səlləm) dedi: "Elə isə sənin cihadın onların yanındadır". (əl-Buxari, 2842; Muslim, 2549).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: "Üç nəfər piyada yola çıxırlar və yağışa düşürlər. Bir dağın içində mağaraya daxil olurlar, sonra arxasınca bir qaya parçası düşərək mağaranın girişinin ağzını tutur. Onlardan bir birinə dedilər: "Etmiş olduğunuz ən fəzilətli əməl ilə Allaha dua edin. Onlardan biri dedi: "Ey Allahım, mənim qoca, ixtiyar valideynlərim var idi və mən bayıra çıxıb sürümə tərəf yollanardım, onları sağıb südünü içmək üçün valideynlərimə gətirirdim, sonra isə bir az da öz uşaqlarıma (ailəmə, zövcəmə) verirdim. Bir gecə evə gec gəldim və gördüm ki, onlar (valideynlərim) yatıblar. Onları oyatmaq istəmədim, uşaqlarım isə ayağımın yanında ağlayırdılar. Gözləməyə başladım və uşaqlar şəfəq sökülənə qədər ağlamağa davam etdilər. Ey Allahım, bunu əgər Sənin razılığını qazanmaq üçün etmişəmsə elə isə bizim üçün bir çıxış yolu aç, bununla səmanı görək. Bunu söyləyər-söyləməz onlar üçün bir yol açıldı...". (əl-Buxari, 2102); Muslim, 2743).
Ananın haqqı daha böyükdür
Ananın haqqı ataya nisbətən daha böyükdür. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki: "Bir nəfər Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yanına gəlib soruşdu: "Ey Allahın elçisi! Ən çox kimə qayğı göstərilməlidir?"Dedi: "Anana!" (Yenə) soruşdu: "Ən çox kimə qayğı göstərilməlidir?" Dedi: "Anana!" (Yenə) soruşdu: "Ən çox kimə qayğı göstərilməlidir?" Dedi: "Anana!" (Yenə) soruşdu: "Ən çox kimə qayğı göstərilməlidir?" Dedi: "Atana!". (əl-Buxari, 5626; Muslim, 2548). Məşhur islam alimi ən-Nəvəvi demişdir: "Burada anaya üstünlük verilməsinin səbəbi budur ki, ana övladının qayğısına qalmaq üçün çox böyük zəhmət çəkir, ona qarşı şəfqət göstərir və ona xidmət edir. Övladını bətnində daşıyarkən məşəqqət çəkir, sonra onu dünyaya gətirir, sonra ona süd verir, sonra onu tərbiyə edir, xidmət edir, xəstələndikdə qulluq edir və s".
Ummu Həninin (Allah ondan razı olsun) himayəsində olan Əbu Murra (Allah ondan razı olsun) rəvayət edir ki, mən Əbu Hureyra (radıyəllahu anhu) ilə birgə onun yaşadığı yerə zil-Huleyfəyə gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: "Ay ana! Sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!" Anası dedi: "Sənə də salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!" O dedi: "Sən məni körpəliyimdən tərbiyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!" Anası dedi: "Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!" (əl-Buxari: "Ədəbul-Mufrad", (№: 14); əl-Əlbəni: "Səhih Ədəbul-Mufrad", da (№: 11) hədisə "həsən" demişdir).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah analarınızı sizə tövsiyə edir. Uca Allah analarınızı sizə tövsiyə edir. Uca Allah analarınızı sizə tövsiyə edir. Uca Allah taala atalarınızı sizə tövsiyə edir. Allah Təalə dərəcəsindən asılı olaraq qohumlarınızı sizə tövsiyə edir (yəni, deyilənlərə bu tərtiblə yaxşılıq etmək vacibdir)". (İmam Əhməd, 4/132; İbn Məcəh, 2/1207-1208, №: 3661).