Üzük vasitəsilə Allahdan uğur istəmək şirkdirsə, Yusuf peyğəmbər köynəyini niyə atasına göndərdi?
Aleykum salam. Qeyd etdiyiniz məsələ yalnız peyğəmbərlərə (Allahın onlara salamı olsun) xas olan bir xüsusiyyətdir. Həmçinin peyğəmbərlərə (aleyhimis-sələm) xas olan şeylər bərəkətli sayılır. Amma nəticədə bu yenə də onların özünə qayıdır. Məsələn, Musa peyğəmbər (Allahın ona salamı olsun) əsasını yerə atanda dönüb ilan olurdusa, bu o demək deyil ki, bu gün hər kim istəsə əlinə bir ağac alıb yerə atıb onu ilana döndərəcək və ya Musanın (aleyhis-sələm) əsasını götürüb, Musanın (aleyhis-sələm) etdiklərini edəcək. Bu sadəcə Uca Allah tərəfindən sırf peyğəmbərlərə verilən bir möcüzə və kəramət idi. Yaxud İsa peyğəmbər (Allahın ona salamı olsun) ölüləri dirildirdi, xəstələrə şəfa verirdi və yaxud gözləri görməyənlərin əlini gözlərini sürtməklə gözləri açılırdı. Təbii ki, bütün bunların hamısı Uca Allahın istəyi və təqdiri ilə baş verirdi. Bu o demək deyil ki, bu gün biz kiminsə başına və ya gözünə əlimizə sürtməklə həmin adam şəfa tapacaq. Şəfanı da, uğuru da verən yalnız Uca Allahdır. Odur ki, hər bir məsələdə uğuru da, yardımı da, şəfanı da yalnız Uca Allahdan istəyin.