Kömpüter qrafikası ilə canlı heyvan fiqurları çəkmək günahdırmı?
Aleykum salam. Ümumiyyətlə islam dininə görə istər əllə canlı istərsə də digər vasitələrlə (ruhu olan) şəkili çəkmək və ya çəkdirmək olmaz. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı olsun) demişdir: "Qiyamət günü Allah dərgahında ən şiddətli əzab şəkil çəkənlərə olacaqdır". (əl-Buxari).
Rəsm vasitəsi ilə hər hansı bir zəruri və faydalı məlumatı çatdırmaq lazımdırsa, çəkdiyiniz canlının üz nayihəsindəki əzaları (qaşlar, burun, ağız, dodaqlar və.s) xüsusən də gözünü təsvir etmədən çəkmək olar. Əbu Cuheyfənin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Bədənə döymə vuran və vurduranı, sələm yeyən və yedirdəni lənətləmiş, itin və (zinaya sövq edilmiş) kənizin müqabilində pul almağı qadağan etmiş və rəsm çəkənləri lənətləmişdir". (əl-Buxari).
Lakin, ruhu olmayan cansız əşyaların şəkilini çəkmək olar. Rəvayət edilir ki, bir dəfə bir nəfər Abdullah ibn Abbasın (Allah onların hər ikisindən də razı olsun) yanına gəlib dedi: "Ey Əbu Abbas, mən insanam; mənim dolanışığım əl işlərimdən çıxır; mən bu rəsmləri çəkirəm". İbn Abbas (radıyəllahu anhumə) dedi: "Mən sənə ancaq Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) eşitdiyimi danışacağam. Mən onun belə dediyini eşitmişəm: "Kim rəsm çəkərsə, (o adam) həmin rəsmə ruh üfürənə qədər Allah ona əzab verər. O isə heç vaxt ona ruh üfürə bilməyəcək". O adam dərindən ah çəkdi və (qorxudan) onun rəngi saraldı. İbn Abbas (Allah onların hər ikisindən də razı olsun) dedi: "Ay biçarə! Çəkmək istəyirsənsə, ağac və başqa cansız şeylərin şəklini çək". (əl-Buxari, 2225).