Kişinin qadına "səni boşayıram" deməsi, daha sonra bunu etməməsi haqqında
Aleykum salam. Talaqın (boşanma) deyiliş baxımından müxtəlif növləri var:
Birbaşa deyilən talaq: Deyilən söz talaqdan başqa məna bildirməsin, məsələn, "səni boşayıram" və ya "talaqını verirəm" tipli ifadələr. Bu halda ciddi və ya zarafatla deməsindən asılı olmayaraq talaq qüvvəyə minir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi də ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)". (İbn Məcəh; Əbu Dəvud; ət-Tirmizi).
Dolayı yolla deyilən talaq: Bu ifadə həm talaq mənası, həm də başqa məna daşıya bilər. Məsələn, "ailənin yanına get" ifadəsi kimi. Əgər bu ifadəni deyərkən niyyəti boşamaq idisə, talaq sayılır, əks halda sayılmır. Aişə (Allah ondan razı olsun) deyir ki: "Bint əl-Cun Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına (onun arvadı olaraq) daxil edildi. Ona yaxınlaşdıqda qadın dedi: Səndən Allaha sığınıram. Peyğəmbər (salləllahu aleyhi və səlləm) ona dedi: Sən artıq çox əzəmətli bir şeyə sığındın, ailənin yanına get". (ən-Nəsəi).
Kə'b ibn Malik (Allah ondan razı olsun) özünün və iki nəfər yoldaşının təbuk döyüşünə getmədikləri üçün camaat tərəfindən baykot (həcr) edildiyi hadisənində deyir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun yanına adam göndərib dedi: "Arvadını tərk et. Kə'b soruşdu: onu boşayım, ya nə edim? O dedi: Arvadını tərk et və ona yaxınlaşma. Kə'b (radıyəllahu anhu) də öz arvadına: ailənin yanına get - deyərək əmr etdi". (əl-Buxari, Muslim; Əbu Dəvud; ən-Nəsəi).
Şərtdən asılı olaraq deyilən talaq: Məsələn, kişinin öz arvadına "filan yerə getsən, səni boşayacam" deməsi. Əgər bunu deyərkən kişinin məqsədi həqiqətən də boşamaq olubsa, talaq sayılır. Əgər məqsədi arvadını hansısa işdən çəkindirmək olubsa, bu halda talaq yox, and sayılır. Arvadı o işi görərsə, kişi andının kəffarəsini verməlidir.