Hicri-Qəməri təqvim ilə Miladi təqviminin arasında fərq nədir?

    11.07.2014
Kimdən: 
Ayten
Sual: 
Salam Aleykum. Men bilmek isterdim ki, niye hicri teqvimi bizim istifade etdiyimiz teqvimden ferqlidir? Yeni meselen, Ramazan ayi, Qurban bayrami her il evvelki ilden mueyyen qeder evvel olur? Bunun sebebi nedir?
Cavab: 

Aleykum salam. Bəli, hicri-qəməri təqvimi ilə miladi təqvimlərində ilin uzunluğu arasında təxminən 9-10 gün fərq var. Hicri-qəməri təqvim Rəsulullahın (sallallahu aleyhi və səlləm) Məkkədən Mədinəyə hicrət etməsi vaxtından başlanır. Hicri təqvimdə günlər ayın vəziyyətlərinə görə təyin edilir. Ayın hilal formasında göründüyü ilk gecə hicri təqvimin başlanğıcı sayılır. Ayın yenidən görünməyinə qədər keçən müddət bir ay, on iki ay isə bir il olaraq hesablanır. Hicri təqvim 12 aydan ibarətdir. Aydakı günlərin sayı 29 və ya 30 olur. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Ay gah belə, gah da belə (olur)" Yəni hərdən iyrimi doqquz, hərdən də otuz gün olur" (əl-Buxari, 1913). Uca Allah Quranda hər iki təqvimə işarə edərək buyurur: "Onlar mağarada üç yüz il, üstə­lik doqquz il də qaldı­lar". (əl-Kəhf, 25). İbn Kəsir bu ayənin təfsirində deyir: "Uca Allah bu ayədə Peyğəmbərinə Mağara əhlinin mağarada qaldıqları müddəti bildirir. Bu müddət Şəmsi təqvimlə üç yüz il, Qəməri təqvimlə isə üç yüz doqquz ildir. Şəmsi təqvimlə hər yüz ildə, Qəməri təqvim üç il fərqlənir (artır). Bu səbəbdən Uca Allah Şəmsi təqvimlə üç yüz ili qeyd etdikdən sonra: "üstə­lik doqquz il də qaldı­lar" buyurur". 

Miladi təqvim isə yerin günəş ətrafında bir illik dövrünə görə hesablanır. Miladi təqvimdə bir il 365, hicri təqvimdə isə 354 gün olaraq hesablanır.

Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: "Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu) da Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin. Müşriklər hamısı bir yerdə sizinlə vuruşduqları kimi, siz də hamınız bir yerdə onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir". (ət-Tövbə, 36).

Paylaş: