Davud peyğəmbər haqqında

    20.07.2014

Uca Allah Davud peyğəmbər haqqında buyurur: “Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal! O, daim Allaha üz tutardı. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik” (Sad, 17-20).
Davud peyğəmbər insanlar arasında Allaha ən çox ibadət edən bəndə olmuşdur. Onun ibadəti haqqında Peyğəm­bər - sallallahu aleyhi və səlləm - belə demiş­dir: “Alla­hın ən çox xoşuna gələn namaz Davudun qıldığı namaz, ən çox xoşuna gə­lən oruc isə Davu­dun tutduğu orucdur. Davud gecənin yarısını yatar, sonra qal­xıb onun üçdə birini namaz qılar, sonra da yerdə qalan altıda birini yatardı. Oru­cu da günaşırı tutardı.” (əl-Buxari, 1131).

Uca Allah ona Zəbur adlı ilahi kitab bəxş etmişdir. O buyurur: "Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik" (ən-Nisa, 163).
Peyğəmbər demişdir: “Zəburu oxumaq Da­vuda asanlaşdırılmışdı. Çox vaxt o, atların yəhərlənməsini əmr edər və atlar yəhərlənməmişdən əvvəl Zəburu oxuyub bitirərdi. O ancaq öz əlləri ilə qazandığı ruzidən yeyərdi.” (əl-Buxari, 3417)

Uca Allah ona qeyri-adi nemətlər və qabiliyyətlər bəxş etmişdir. O buyurur: "Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: "Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!" Biz dəmiri onun üçün yumşaltdıq. Sonra buyurduq: "Geniş zirehlər düzəlt və halqaları toxuduqda ölçüyə riayət et. Ey Davud ailəsi, yaxşı işlər görün! Mən, həqiqətən də, sizin nə etdiyinizi görürəm" (Səba, 10-11).
Peyğəmbər demişdir: “İndiyədək heç kəs öz əl­ləri ilə qazanıb yediyindən daha xeyirli bir yemək yeməmişdir. Allahın pey­ğəm­bə­ri Davud əleyhissəlam da öz əlləri ilə qazandığından yeyərdi.” (əl-Buxari, 2072).
 
 
 

Paylaş: