Cənnətə və Cəhənnəmə gedən zümrələr

    27.07.2014

Uca Allah buyurur: Sur üfürüləcək və Allahın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir.
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: "Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?"
Onlar: "Əlbəttə, gəlmişdi!"– deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi.
Onlara: "İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!"– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!
Rəbbindən qorxanlar da dəstə-dəstə Cənnətə gətiriləcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açılacaq və onun gözətçiləri onlara deyəcəklər: "Sizə salam olsun! Xoş sizin halınıza! Əbədi qalmaq üçün buraya daxil olun!"
Onlar deyəcəklər: "Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz Cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!"
Sən mələklərin, Ərşi əhatə edərək, Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və: "Aləmlərin Rəbbi olan Allaha həmd olsun!"– deyiləcəkdir"
(əz-Zumər, 68-75).

Paylaş: