İbrahim peyğəmbərin əhvalatı

    27.07.2014

Uca Allah buyurur: "Onlara İbrahimin əhvalatını da oxu. Bir zaman o öz atasına və tayfasına: "Nəyə ibadət edirsiniz?"– demişdi.
Onlar dedilər: "Biz bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik".
O dedi: "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? Yaxud sizə xeyir və ya zərər verirlərmi?"
Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".
O dedi: "Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. 
Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! Sonra gələnlər arasında həmişə yad edilim deyə mənə yaxşı ad qismət elə! Məni Nəim bağının varislərindən et! Atamı bağışla! Çünki o, azanlardandır. Onların dirildiləcəyi gün məni rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!"
Cənnət müttəqilərə yaxınlaşdırılar. Cəhənnəm də azğınlara göstərilər. Onlara deyilər: "Hanı sizin sitayiş etdikləriniz – Allahdan başqa pənah apardıqlarınız? Onlar sizə kömək edə bilərlərmi, yaxud özlərinə köməkləri dəyə bilərmi?"
Onlar azğınlarla birlikdə oraya (Cəhənnəmə) atılarlar, İblisin bütün əsgərləri də habelə. Onlar orada höcətləşərək deyərlər: "Allaha and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!"
Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir"
(əş-Şuəra, 69-104).

Paylaş: