Övlad istəmək, Yasin adı qoymaq, yuxu və hicabla bağlı suallar
Aleykum salam.
1) Allahdan qız uşağı istəməyiniz günah deyil və buna görə də insan Uca Allahın qəzəbinə gəlmir.
2) Peyğəmbər (salləllahu aleyhi və səlləm) yuxu haqqında belə demişdir: "Sizdən biriniz xoşagələn bir yuxu görsə, (bilsin ki,) bu ancaq Allahdandır. Belə olduğu təqdirdə Allahı həmd-səna etsin və onu istədiyi adamlara danışsın. Yox, əgər başqa bir xoşagəlməz yuxu görərsə, (bilsin ki,) bu ancaq şeytan tərəfindəndir. Belə olduğu halda həmin yuxunun şərindən Allaha sığınsın və onu heç kəsə danışmasın. Belə etsə, o yuxu ona zərər verə bilməz". (əl-Buxari, 6985).
Dediyiniz yuxu Uca Allahdan olan yuxulara aid ola bilər. Uca Allaha təriflər deyərək Onun üçün əməlləri artırın. Daha ətraflı: Yuxu haqqında
3) Ya sin adını uşağa qoymaq bəyənilmir. Ümumiyyətlə Quran surələrinin adlarını qoymaq bəyənilmir.
4) Hicabı qayınlarınızın yanında aça bilməzsiniz. Çünki ayəyə əsasən onlar sizin üçün naməhrəmdirlər. Uca Allah buyurur: "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (ən-Nur, 31).