Hərdən istəmədən andımı pozuram, nə edim?

    21.08.2014
Sual: 
Salam aleykum. Men bir daha pis bir soz agzimdan cixarmayacagima ve qisqirmayacagima dair ozume Allaha and icdim. Ama arada istemeden buna riayet etmirem. Ama qefleten olur yeni cox pesman oluram tovbe edirem ne ede bilerem?
Cavab: 

Aleykum salam. Andı qəsdən pozmaq olmaz. Andı qəsdən pozmaq barəsində Uca Allah buyurur: "Allah sizi qəsdiniz olmadan içdiyiniz andlara görə (onları pozmağa görə) cəzalandırmaz, lakin O, sizi qəsdlə içdiyiniz andlara görə cəzalandırar. Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabı dəyərində ya on kasıbı yedirtmək və ya onları geyindirmək və yaxud da bir köləni azad etməkdir. Kəffarə vermək üçün bir şey tapmayan kimsə üç gün oruc tutsun. Bu, and içib sonra pozduğunuz andlarınızın kəffarəsidir. Andlarınızı qoruyun! Allah Öz ayələrini sizə bu cür bəyan edir ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 89).
Ayədə ifadə edilən on kasıbı yedirtmək məsələsi onları səhər-axşam yedizdirmək deməkdir. Bununla bərabər bir yoxsulu səhər-axşam olmaqla on gün yedirtmək də olar. Kasıbı yedirtmək və onun əyin-başını düzəldib geyindirmək kəffarə verən şəxsin cəmiyyətdəki mövqeyi, orta hesabla gündəlik yemək-içmək xərcləri və öz geyim tərzinə uyğun olmalıdır. Yedirtmək və geyindirməyin yerinə ehtiyacı olanlara bunların pulunu da vermək olar.

Andını unudaraq və ya səhvən pozan isə kəffarə vermir. Kim bir şeyi etməyəcəyinə and içər, sonra unudaraq və ya səhvən onu edərsə buna görə kəffarə vermir. "...Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!...". (əl-Bəqərə, 286).
Hədislərin birində deyilir ki, Uca Allah buna cavab olaraq: "Bəli (cəzalandıran deyiləm)" – demişdir. (Muslim, ən-Nəsai).

Paylaş: