Digər dinlərə və xalqlara mənsub olan insanlarla necə davranmalıyam?
Aleykum salam. Ümumən müsəlman öz əxlaq və davranışları ilə hamıya örnək və nümunə olmalıdır. Hədislərində birində peyğəmbərin (salləllahu aleyhi və səlləm) Cundub ibn Cunədə adlı səhabəyə (Allah ondan razı olsun) belə nəsihət etdiyi rəvayət edilir: "Harada olursan ol, Allahdan qorx! Bir günah iş görsən dərhal ardınca yaxşı əməllər et ki, Allah onun sayəsində etdiyin o günahları silsin və insanlarla ən gözəl şəkildə rəftar et". (ət-Tirmizi, 1987; Əhməd: "Musnəd", 5/153, №: 21354, 21681).
Burada peyğəmbər səhabəyə insanları kafir-müsəlman və ya millətlərə ayırmadan ümumi olaraq gözəl davranmasını tövsiyə etdi. Həmçinin bilmək lazımdır ki, İslama görə millətlər və irqlər arasında fərq qoyulmur. İnsanların bir-birindən üstünlüyü yalnız təqvaya (Allah qorxusu) görədir. Uca Allah buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". (əl-Hucurat, 13).