Qurandan sonra ən fəzilətli kəlmələr hansılardır?

    16.08.2014

Uca Allaha sevimli olan kəlmələr vardır. Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Quran­dan sonra ən fəzilətli kəlmələr bu dörd kəlmədir. Bu kəlmələr Qurandan sayılır, hansı biri ilə başlamağının sənə zərəri yoxdur: “Subhənallah (Allah pak və müqəddəsdir), əlhəmdulilləh (Allah bütün təriflərə layıqdir), lə iləhə illəllah (Allahdan başqa həqiqi tanrı yoxdur) və Allahu əkbər (Allah ən böyükdür)”. 
Bu kəlmələrin hər birinin özünəməxsus mənaları vardır: 
“Subhənəllah” kəlməsi Uca Allahı kamil sifətləri ilə bütün nöqsanlardan uzaq tutaraq tərifləməkdir. Uca Allah buyurur: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əs-Saf, 1).
“əlhəmdu lilləh” kəlməsi bütün tərifəlayiq xüsusiyyətləri Allaha aid etməkdir. Uca Allah buyurur: “Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (əl-Casiyə, 36).
“Allahu əkbər” kəlməsi Allahın böyüklüyünü uca tutmaqdır. Uca Allah buyurur: “Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir” (əl-Casiyə, 36).
“Lə iləhə illallah” kəlməsi isə yalnız Allahı həqiqi tanrı olaraq qəbul etmək və ibadəti yalnız Allaha həsr etməkdir. Uca Allah buyurur: “O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız” (əl-Qasas, 70).
Bu kəlmələrin fəziləti haqqında rəvayət edilir ki, Allah Elçisi demişdir: “Mənim üçün “Subhənəl­lah”, “əlhəmdu lilləh”, “lə iləhə illəllah” və “Allahu əkbər” deməyim, günəşin üzərinə doğduğu hər bir şey­dən daha sevimlidir”. (ət-Tirmizi, 3597).
Həmçinin, rəvayət edilir ki, bir dəfə Allah Elçisi yarpaqları qurumuş bir ağacın yanından keçərkən əsa ilə ağaca vurdu və onun yar­paqları yerə töküldü. O buyurdu: “Həqiqətən, “əlhəm­du lilləh, subhən­əl­lah, lə iləhə illəllah və Allahu Əkbər” sözləri, bu ağacın yarpaqları tökül­dü­yü kimi qulun günahlarını tökür”. (ət-Tirmizi, 3533).

Paylaş: