Allahın kainatı Öz camalını göstərmək üçün yaratması fikri doğrudurmu?

    25.08.2014
Sual: 
Salam aleykum, Allahin kainati Oz Camalini gostermek ucun yaratmasi barede esitmisem bu duzdur?
Cavab: 

Aleykum salam. Bu fikir doğru deyildir. Çünki Uca Allahın camalı Onun yaratdığı heç bir məxluquna bənzəmir. Uca Allah Qurani Kərimdə kainatın yaradılışı və kainatdakı məxluqlar haqqında xəbər verir və bunlarda Uca Allahın qüdrətinə işarə olduğunu söyləyir. Yəni, hər bir insan Uca Allahın kainatdakı günəş, ay, planetlər, ulduzlar və başqa məxluqlarına nəzər salıb bu yaradılmışların tək və şəriksiz, müdrik Xaliq tərəfindən yaradıldığına iman gətirə bilər. Çünki hər bir yaradılış yaradanın müəyyən qabiliyyətlərinə işarə edir və biz yaradanı görməsək belə yaratdığının vasitəsilə ilə yaradanın elmi, qüdrəti, hikməti və s. sifətlərini tanıya bilərik. Məhz buna görə Uca Allah Qurani Kərimin bir çox ayələrində insanları kainat haqqında düşünməyə çağırır, düşünmək və ibrət almaq istəməyənləri isə qınayır. Uca Allah buyurur: "Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır". (ər-Ra'd, 3). 
Həmçinin buyurur: "O, gecəni və gündüzü, günəşi və ayı sizə xidmət etməyə yönəltdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Sözsüz ki, bunlarda anlayan insanlar üçün əlamətlər vardır. Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də sizə ram etdi. Şübhəsiz ki, bunda düşünüb ibrət alan insanlar üçün dəlillər vardır". (ən-Nəhl, 12-13).

Paylaş: