Hicab bağlayarkən kimlərdən icazə almalıyam?
Aleykum salam. Hicab, namaz və Allahın vacib buyurduğu digər əməlləri yerinə yetirmək üçün heç kimdən icazə almaq lazım deyil. Rəvayətlərin birində belə deyilir: "Bir gün Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) hələ o uşaq ikən, islamı yeni qəbul etdiyi ərəfələrdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) namaz qılmağı tövsiyə etdikdə, Əli (radıyəllahu anhu) cavabında belə deyir: Ey Allahın Rəsulu, izn ver, gedib bu məsələ ilə bağlı valideynlərimdən icazə alım! Allah Rəsulu (salləllahu aleyhi və səlləm) deyir, buyur ey Əli! Əli (radıyəllahu anhu) yol boyu fikirli gedərkən birdən geri qayıdır. Bunu görən Allah Elçisi (salləllahu aleyhi və səlləm) deyir: nədir səni belə tez geri qaytaran ey Əli? Yoxsa valideynlərindən icazə aldınmı? Əli (Allah ondan razı olsun) deyir: Xeyir, ey Allahın Rəsulu! Yol boyu gedərkən, bu barədə elə hey düşünürdüm. Birdən ağlıma gəldi ki, məgər Yaradana ibadət etmək üçün yaradılmışlardanmı icazə almalıyam? Peyğəmbər (salləllahu aleyhi və səlləm) Əlinin (Allah ondan razı olsun) bu zəkasına və düşüncəsinə sevinir və onu tərif edərək deyir ki, doğru söyləyirsən ey əmimin oğlu!"